Analitik hesab edir ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində aktiv və ya passiv iştirakı Amerika prezidentlərindən asılı məsələ deyil
"Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan ABŞ-ın və Qərbin maraq dairəsindən çıxıb”. Bu fikir Kanadanın Karlton Universitetinin baş elmi işçisi Robert Katlerin məqaləsində yer alıb. Məqalədə vurğulanıb ki, hazırkı mürəkkəb və dəyişkən vəziyyətdə Cənubi Qafqazın aparıcı ölkəsi - neft və qazla zəngin olan Azərbaycan artan təzyiqlərlə üzləşir:
"Amerikanın lazımi dəstəyindən məhrum olmuş Azərbaycan regiondakı vəziyyətə uyğunlaşmağa məcbur olur və bununla da diplomatik manevrlər üçün ehtiyat saxlayır”. Müəllifin fikrincə, Qərbin regionda marağının azalması səbəbi ilə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində üstünlüyü ələ alıb. Katler yazır ki, Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şərtlər təklif edib: "Bu təklifə əsasən, Ermənistan Azərbaycan torpaqlarının mərhələli azad edilməsi müqabilində iqtisadi və tranzit əlaqələrini bərpa edə bilər. Ermənistan bu ideyanı bir neçə il əvvəl qəbul etsə də, daha sonra işğal olunmuş yeddi rayondan ikisini qaytarmayacağını elan etmişdi”. Məqalə ilə bağlı "Şərq”ə danışan politoloq Arzu Nağıyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Kanadaya həvalə edilməyib: "BMT-nin Təhlükəsizlik Şurasında yer alan 5 üzv ölkədən 3-ü ATƏT-in Minsk Qrupunun həmsədr dövlətidir. Münaqişənin sülh yolu məhz həmin dövlətlərə həvalə edilib. Minsk Qrupunda Azərbaycan və Ermənistan daxil olmaqla 11 dövlət təmsil olunur. Qərbin əsas tələbi odur ki, əgər Rusiya özünü SSRİ-nin varisi sayırsa, o halda münaqişənin yaranmasında birbaşa rolu olan imperiyanın varisi kimi problemin həllini öz boynuna götürməlidir. Rusiyanın münaqişənin həlli prosesində maraqlı olması isə regionda nüfuz sahibinə çevrilmək istəməsi ilə bağlıdır. Eyni zamanda Dağlıq Qarabağ prosesləri Qərb ölkələri tərəfindən Moskvaya tətbiq edilən sanksiyaların aradan götürülməsi üçün münbit zəmin yaradır. Rusiya bu məsələdə daha maraqlı olmalıdır ki, regiondakı böyük iqtisadi layihələrə birbaşa müdaxilə edə bilsin və əsas iştirakçılardan biri olsun”. Analitik hesab edir ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində aktiv və ya passiv iştirakı Amerika prezidentlərindən asılı məsələ deyil. Onun sözlərinə görə, Qarabağ probleminin həlli birbaşa BMT-nin patronajlığı altında ATƏT-in Minsk Qrupuna həvalə edilib: "ABŞ-ın bundan sonrakı siyasətində müəyyən dəyişikliklər ola bilər. Lakin bu dəyişiklik "Amerika münaqişənin həllində rol almaqdan imtina edəcək” şəklində xarakterizə olunmamalıdır. Dəyişiklik müsbət istiqamətdə də ola bilər. Fikrimcə, kanadalı ekspertlərin verdikləri bəyanat onların subyektiv fikirləridir. Əksinə, mən hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nazirlərin Hamburq görüşündən sonra müəyyən addımlar atıla bilər. Yəqin ki, Trampın andiçmə mərasimindən etibarən bir sıra dəyişikliklərin şahidi olacağıq”.
İsmayıl