Həkimdən SOS: "Ölkədə saxta şəkildə hazırlanmış spirtli içkilər var" - İÇMƏYİN !




"Alkaqol insanın ölümünə qədər gətirib çıxara bilər”.

Bunu Sherg.az-a spirtli içkilərdən zəhərlənmə hallarına qarşı önləyici tədbirlərdən danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, orqanizmin spirtli içkinin miqdarına reaksiyası fərqlidir:

"Yəni spirtli içki ayrı-ayrı orqanizmlərə müxtəlif cür təsir göstərə bilər. Bu sinir sisteminin tipindən, orqanizminin reaksiyasından və xüsusiyyətlərindən asılıdır. Qida kimi qəbul olunan məhsullar müəyyən standartlarla istehsal olunur. Bu standartlar pozulduqda qidada müxtəlif zərərverici effekt yarana bilər. Spirtli içkilər tam disteril olmayan, düzgün süzülməyən, filtirasiya edilməyən alkaqol məhsullarında ortaya çıxan zərərli maddələr orqanizmə təsir edir. 

Bunu çox zaman müşahidə edirik. Xüsusilə, kustar üsulla hazırlanmış spirtli içkilərdə daha çox nəzərə çarpır. Düşünürəm ki, alkaqola da Ərzaq Təhlükəsizliyi Konsepsiyasında əksini tapmalıdır. Ölkə ərazisində həddən artıq texniki şərtləri düz olmayan, saxta şəkildə hazırlanmış spirtli içkilər var. Bu cür içkilər korporativ maraqlarla ərsəyə gəlir, əhaliyə satılır. Təəssüf ki, bunu yoxlamırlar.

İnsanlar kustar üsulla spirtli içkiləri müntəzəm hazırlayırlar və bu içkilərin yaratdığı problem artır. İnkişaf etmiş ölkələrlə müqayisədə belə hallar Azərbaycanda daha çoxdur. Bundan başqa son vaxtlar alkaqollu içkilərdən həddindən artıq istifadə edilməsini müşahidə edirik. Spirtli içkilərdən zəhərlənmələrin sayının artmasının bir səbəbi də budur”.

Qeyd edək ki, bu ilin 6 ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciətlərin sayı açıqlanıb.

KTM-in Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, dərman zəhərlənmələri ilə 241 nəfər, dəm qazı zəhərlənmələri ilə 133 nəfər, kəskin allergik reaksiyalar ilə 67 nəfər, sirkə turşusu zəhərlənmələri ilə 52 nəfər, spirtli içkilərdən zəhərlənmələrlə 56 nəfər müraciət edib.

Aysel Aslan

Aysel Aslan