Hələ də ucqar kəndlərdə müəllim çatışmır

Ekspert hesab edir ki, yüksək bal toplayan gənc müəllimləri regionlara cəlb etmək olar
Onları kommunal xərclərdən azad etmək, cəbhəyanı ərazilərdə işləməyə gedənlərə isə əmək haqqını ikiqat vermək lazımdır


Bölgələrin əksəriyyətində müəllim qıtlığı təhsilimizin əsas problemlərindən biridir. Təhsil səviyyəsinin yüksəldilməsi, o cümlədən müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılsa da, bölgələrdə, xüsusilə də ucqar kəndlərdə müəllim çatışmazlığı hələ də özünü qabarıq şəkildə göstərməkdədir.

Bu gün müəllim ixtisasına yiyələnən, lakin dərs demək üçün ucqarlara getmək istəməyənlərin əsas şikayəti maddiyyatla bağlıdır. Onlar dərs yükləri az olduğu və buna görə də aşağı maaş aldıqları üçün ucqar yerlərdə qalmaq istəmədiklərini deyirlər. Amma kənd məktəblərində müəllimlərə ehtiyac çox olduğu üçün onların maaşlarında müəyyən artımlar müşahidə olunmaqdadır. Bölgələrdə müəllimliklə məşğul olub, müəyyən qədər ehtiyacları qarşılamaq mümkündür. Təəssüf ki, indi müəllim peşəsinə yiyələnən insanların bir qismi ya bunu etmək istəmir, ya da edə bilmirlər. Deməli, ortada hansısa problem mövcuddur.

Müəllim problemi olan bölgələrdən biri də İmişli rayonu, Allahmədətli kənd orta məktəbidir. Bir neçə il əvvəl Kür çayının daşması nəticəsində rayonun ziyan görən kəndlərindən biri də Allahmədətli kəndi olub. Ona görə kənddən bir neçə kilometr aralıda yeni qəsəbə salınıb və kənd sakinləri, eləcə də məktəb yeni qəsəbəyə köçürülüb.

Kənddə yaşayan ailələr isə yeni qəsəbənin uzaq olduğunu bildirərək övladlarının təhsil alması üçün kənddəki köhnə məktəbin yenidən fəaliyyətə başlamasını istəyirlər.

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə bildirib ki, ucqar kənd və qəsəbələrə gedən müəllimlərə mükafat, yaxud həvəsləndirici imtiyazların verilməsi işləmək üçün kəndi seçənlərin sayını artırıb. Lakin hələ də əksər bölgədə müəllim çatışmazlığı var: 

"Xatırladım ki, orta məktəblərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilsə də, hələ də ucqar kənd məktəblərində müəllim çatışmazlığı problemi qalır. Araşdırmalara görə, bəzi məktəblərdə ixtisaslı müəllim öz fənni ilə yanaşı, daha bir neçə digər fənni də tədris edir. Nəticədə isə təhsilin keyfiyyəti aşağı düşür, şagirdlər və valideynlərin narazılığı yaranır. İstər Bakıda, istərsə də bölgələrdə rus bölməsi üzrə ciddi şəkildə kadr çatışmazlığı mövcuddur. 

Hətta Lerik, Yardımlı, Quba, Qusar, Xaçmaz və Şamaxının kənd məktəblərində xarici dil fənni üzrə müəllim çatışmazlığı illərdir davam edir. Qüvvədə olan qanunvericilik aktlarına görə deyim ki, rayon mərkəzindən 20 kilometrə qədər məsafədə yerləşən kənddə işləyənlərə əlavə həvəsləndirici mükafat olaraq 60 manat, 20 kilometrdən uzaqda yerləşən məktəblərdə işləyənlərə vergi və digər ödəmələr çıxdıqdan sonra 141 manat ödənilir. 

Beləliklə, 10 saatlıq dərsə görə kəndə gedən müəllim 260-340 manata yaxın maaş alır. Bu isə çox vaxt müəllimə sərf etmir. Amma hələ də kəndlərə Azərbaycan dili, ədəbiyyat, yaxud tarixdən fərqli olaraq riyaziyyat, kimya, fizika və digər texniki fənlər üzrə müəllim çatışmır. Bunun isə bir neçə səbəbləri var. Kənd məktəblərində dərs saatı 8 saatdır, üstəlik, ucqar kəndlərdə işləməyə gedənlər əsasən gənclərdir, onların isə iş stajı azdır. Müəllimin maaşı isə saat və staja uyğun hesablanır. Hesab edirəm ki, regionlarda müəllim çatışmazlığını aradan qaldırmaq, yüksək bal toplayan gənc müəllimləri regionlara cəlb etmək üçün bölgələrdə çalışan müəllimləri kommunal xərclərdən azad etmək, cəbhəyanı ərazilərdə işləməyə gedənlərə isə əmək haqqını ikiqat vermək lazımdır”.

Ekspertin sözlərinə görə, aparılan araşdırmalar onu göstərir ki, əsasən rus bölməsi üzrə bəzi məktəblərdə müəllim çatışmazlığı problemi hələ də qalır: 

"Bir sıra bölgələrdə rus bölməsi üzrə bəzi məktəblərdə ixtisaslı müəllim öz fənni ilə yanaşı, daha bir neçə fənni də tədris edir. Nəticədə isə şagirdlər və valideynlərin narazılığı yaranır. Belə hallara indi çox az rast gəlinir. Çünki ali təhsil müəssisələrimiz çoxdur. Yeni ixtisaslar yaranır. Əsasən informatika, həyat bilgisi və xarici dillərlə bağlı rus bölməsində müəllim çatışmazlığı var. 

Düzdür, dövlətimiz ucqar rayon məktəblərinin müəllimlərlə təminatına xüsusi diqqət göstərir. Bölgələrə tam ixtisaslı müəllimlər göndərilir. Onlara əlavə ödənişlər edilir, hər cür şəraitlə təmin olunurlar. Amma bu problem hələ də həll olmayıb. İxtisaslı kadrların azlığı o sahə üzrə şagirdlərin tələb olunan səviyyədə bilik və bacarıqlara sahib olmaması ilə nəticələnir. Məhz ixtisaslı kadrların az olduğu və çatışmazlığının yaşandığı məktəblərin qəbul imtahanları nəticələrinə nəzər salanda görürük ki, o fənlər üzrə qəbul imtahanında göstəricilər aşağı səviyyədə olub”.

Yeganə Bayramova