Hər ali məktəbdə uşaq bağçaları yaratmaq olmaz

Ancaq pedaqoji təmayüllü, pedaqoji ixtisaslar öyrədilən ali təhsil ocaqlarında bu praktikanı həyata keçirmək olar
“Xaricdə çox şey var. Onların hamısını biz özümüzdə tətbiq edə bilmərik axı”



Ali təhsil ocaqlarında orta məktəb və məktəbəqədər təhsil müəssisələrinin yaradılması irəli sürülür. Belə bir təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev çıxış edib. "Məktəbəqədər təhsil müəssisələri haqqında” qanun layihəsinin müzakirələri zamanı B.Əliyev dünyanın bir çox ölkələrində bu praktikanın mövcud olduğunu deyib. Millət vəkili hesab edir ki, ali təhsil ocaqlarında orta və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyət göstərməsi elmin inkişafına təkan verə bilər:

"Dünyada belə praktikalar çoxdur və bu praktika öz müsbət səmərəsini verir. Belə bir praktikanın Azərbaycanda da tətbiqi lazımdır. Ən azından biz qanunda bununla bağlı müddəa salmalıyıq. Bu gün də olmasa, gələcəkdə belə bir praktika tətbiq ediləndə qanunvericilik baxımından problem yaranmasın”.

Millət vəkilinin təklifi mütəxəssislər tərəfindən müsbət qarşılansa da, burada bir sıra məqamlara diqqət yetirilməsinin vacib olduğu bildirilir.
 Respublika Təhsil Şurasının sədri, təcrübəli pedaqoq Əjdər Ağayev "Şərq”ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyevin təklifinin heç də bütün ali təhsil müəssisələri üçün keçərli olmadığını qeyd etdi:

- Hər ali təhsil müəssisəsində orta məktəb, məktəbəqədər təhsil müəssisəsi yaratmaq olmaz. Bu, yalnız və yalnız pedaqoji təmayüllü təhsil müəssisələrində mümkündür. Tutalım, Neft Akademiyasında bu, qeyri-mümkündür, heç lazım da deyil. Ancaq pedaqoji təmayüllü, pedaqoji ixtisaslar öyrədilən ali təhsil ocaqlarında bu praktikanı həyata keçirmək olar. Çünki pedaqoji təmayüllü ali məktəblərdə məktəbəqədər təhsil, ibtidai təhsil, pedaqogika fakültələri fəaliyyət göstərir. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində bu praktikanı həyata keçirmək olar və bir də Bakı Dövlət Universitetində. Pedaqoji Universitetdə orta məktəb və məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcəyi təqdirdə, tələbələr praktikalarını birbaşa universitet daxilində keçə biləcəklər. Pedaqoji Universitetin ixtiyarı var bunu təşkil etməyə. Özünə uşaq bağçası, orta məktəb açsın. Kadr potensialı da var. Düzdür, son illərdə ən müxtəlif ali təhsil müəssisələrində hər cür fakültələr açılıb. Pedaqoji fakültə, psixoloji, jurnalistika. Aləm dəyib bir-birinə. Məsələn, Kooperasiya Universitetində pedaqoji fakültənin olmasına nə ehtiyac var?! Bu, ümumiyyətlə, caiz deyil. Bəzən bizdə hansısa məsələyə ötəri yanaşırlar. "Xaricdə filan şey var, bizdə də olsun” deyirlər. Burada ən əvvəl elmi və yaradıcı yanaşma olmalıdır. Xaricdə çox şey var. Onların hamısını biz özümüzdə tətbiq edə bilmərik axı. Xaricdə elə universitetlər var, nəhəng əraziyə malikdir, 70 min tələbəsi var. Türkiyədə Atatürk Universitetinin nəzdində ayrıca İdman İnstitutu fəaliyyət göstərir. Konya Universitetinin təkcə pedaqoji fakültəsi bizim universitetlərimizin ərazisi ölçüsündədi. Bu fakültənin diplomlarına dekan imza atır. Rektor qarışmır. Yəni, hər işi xaricdə olduğu kimi etməyə çalışmaq, yanlışdır. "Kopirovka” olmaz. Biz öz imkanlarımızı nəzərə almalıyıq. Sən əvvəlcə, xaricdəki mühiti, o şəraiti yarat, sonra həmin təcrübəni həyata keçirmək arzusuna düş. Əvvəlcə ali təhsil müəssisələrinin səviyyəsini qaldırmaq, müəllim kadrları hazırlamaq lazımdır. Buna da sırf pedaqoji ixtisas verən ali məktəblər cəlb olunmalıdır. Yalnız pedaqoji təmayüllü təhsil verən ali məktəblərin nəzdində orta və məktəbəqədər təhsil müəssisələri yarana bilər.

Məlahət Rzayeva