Hər yer antisanitariya...

Metronun bütün giriş çıxışlarında nə desən tapmaq olar
Amma küçə ticarətinin zərəri xeyrindən çoxdur

Küçə ticarəti həmişə narazılıqlara səbəb olur. Baxmayaraq ki, əhalinin böyük əksəriyyəti, xüsusən də əmək fəaliyyəti ilə məşğul olan qadınlar işdən evə qayıdarkən yolüstü bazarlıq etmək məcburiyyətində qalır və bu zaman küçə ticarəti - metrostansiyaların giriş-çıxışındakı mini-bazarlar köməyə gəlir. Amma küçə ticarətinin zərəri xeyrindən çoxdur.

Birincisi, küçə ticarəti qanunla qadağandır. Küçə bazarlarında, səyyar satıcılarla ticarət aparmaqla biz özümüz də qanunun pozulmasında iştirak etmiş oluruq. İkincisi, küçədə satılan ərzağın, meyvə-tərəvəzin keyfiyyətinə kimsə zəmanət vermir. Satıcıya nəyləsə bağlı irad bildirdikdə də "xoşun gəlmir, alma!” deyir. 

Görəsən, alıcılar küçə ticarətinin qanunsuz olduğunu bilirmi?

Metronun "Xalqlar Dostluğu” stansiyasının qarşısındakı küçə ticarəti səhər saatlarından qaranlıq düşənədək davam edir. Bu "marşrut üzrə” hərəkət edən birisi olaraq bunu hər gün müşahidə edirəm. Xüsusilə son günlərdə alış-veriş xeyli canlanıb. Metrostansiyanın bütün giriş-çıxışlarının qarşısında piştaxtalar qurulub. Kefin istəyən hər nə var, satılır. Ətrafda boş yeşiklər, çürümüş meyvə-tərəvəz tullantıları, anti-sanitar bir vəziyyət... Səhər saatlarında ticarətin "start” götürdüyünü görüb bir-iki xanıma yaxınlaşdım. Özümü badımcan-pomidor alan kimi göstərib, əvvəlcə qiymətlərlə maraqlandım. Ciddi-cəhdlə alver edən xanımlardan ötəri, ağızucu "küçədə satış qadağandır, bilirsiz?” soruşdum. Xanımlar veclərinə də almadı. "Nə qanunidir ki?! Rəhmətliyin qızı...” Onlarla söhbəti uzatmağın faydasız olduğunu anladım. İsti havada, "qaranəfəs” evə bazarlıq edirlər, qoy etsinlər.
Bir-iki mənzərəni telefnun yaddaşına yazıb, metroya düşdüm.

Qanun pozuntularına, görəsən niyə belə rahat göz yumuruq?

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli məsələ ilə bağlı "Şərq”ə açıqlamasında əhalinin öz rahatlığını düşündüyünü dedi:

- Bu adi haldır. Xanımlar, elə kişilər də evə gedərkən yolüstü bazarlıq etməyi münasib sayır. Bəzi insanlar xüsusi, ixtisaslaşmış ticarət obyektlərinə getməyi əlavə vaxt itkisi hesab edir. Çoxunun buna nə vaxtı çatır, nə hövsələsi. Bəziləri də belə düşünür ki, küçədə - əldə satış qiymətləri daha ucuzdur. Bazar bahalıqdır. Amma bilmirlər ki, küçə ticarətindəki ucuz qiymət çəki əskikliyi ilə kompensasiya edilir. Yəni, qiyməti ucuz qoyub müştərini cəlb edir, amma çəkidə aldatmaqla elə bazar qiymətinə satmış olurlar. Ən böyük problem isə küçədə satılan meyvə-tərəvəzin, digər ərzaq məhsullarının keyfiyyətinə heç bir zəmanətin olmamasıdır. Məsələn, siz rəsmi ticarət obyektindən - hansısa marketdən mal alsanız, bir həftə ərzində onu geri qaytarmaq hüququnuz var. Küçədən aldığınız mal keyfiyyətsizliyi üzə çıxdıqda isə gərək geri qayıdıb həmin satıcını tapasınız, əgər tapa bilsəniz, başlayasınız onunla mübahisə etməyə və malı geri qaytarmağa çalışmağa. Bu da çətin ki, mümkün olsun. Yay mövsümündə açıq havada, günəş şüaları altında satılan qida məhsulları təhlükə mənbəyidir. Hər bir qidanın hansı şəraitdə satılmasına dair təlimatlar mövcuddur. Qarpız, yemiş hansı şəraitdə satılmalıdır, qazlı, şirin sular, dondurma, şirniyyat məhsulları. Bir də görürsən, qadın küçədə qurabiyə, yaxud Şəki halvası satır. Bu şirniyyat növləri isti havada açıq şəkildə satıla bilməz. Amma bizim camaat heç nəyə məhəl qoymadan alır. Meyvə-tərəvəzin də satış qaydası var. Meyvə-tərəvəz də sərin yerdə satılmalıdır. Günlərlə küçədə, göy tentlər altında saxlanılan meyvə-tərəvəz keyfiyyətini əlbəttə, itirmiş olacaq.

Bəs qanunsuz küçə ticarətinin qarşısı niyə alınmır?

V.Tofiqli bildirdi ki, bu məsələdə Bakı Şəhər İcra Hakimiyyəti iradə ortaya qoymalıdır:

- Bu məsələ artıq Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Meriya gərək bunun qarşısını alsın. Bəzən görürük ki, bayramlar ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi xüsusi ayrılmış yerlərdə səyyar ticarət təşkil edir. Sakinlərin rahat alış-verişi üçün. Amma bayramdan sonra onlar bir-iki günlük yığışdırılır, sonra yenidən ticarət bərpa olunur. Rəsmi strukturlar küçə ticarətinin qadağan olunduğunu deyir, amma qarşısını almırlar. Məncə, burada yerli icra hakimiyyəti orqanları rol oynayır. Ancaq beynəlxalq tədbirlər ərəfəsində və tədbirlərin keçirildiyi günlərdə biz fərqli mənzərinin - təmiz, səliqəli Bakının şahidi olurduq. Deməli, bunu etmək mümkündür.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Modern.az-a küçə ticarəti ilə bağlı hər zaman mübarizə aparıldığını deyib.
"Yayın gəlişi ilə bağlı şəhərə kənd təsərrüfatı məhsulları gətirilir. Onların gətirilməsi, yerləşdirilməsi, satışının həyata keçirilməsi qanun çərçivəsində həyata keçirilir. Bizim də vəzifəmiz küçələrdə qanunsuz satışın qarşısını almaqdır. Bunu nə dərəcədə etdiyimizi Bakı sakinləri deyə bilər”.

Ə.Bağırov qeyd edib ki, ötən illərlə müqayisədə küçə ticarəti xeyli azalıb: 

"Bu gün metrostansiyaların giriş-çıxışında, Dəmiryol vağzalının ətrafında - hansı ki, qatarlarla birbaşa məhsulların gətirilmə nöqtəsi sayılır, o ərazilərdə biz işçi qüvvələri qoymuşuq, qarşılarını yerindəcə alırıq ki, qeyri-qanuni satış həyata keçirilməsin. Son zamanlar müşahidə etmişik ki, "Koroğlu” metrostansiyasının ətrafında küçə ticarəti intensiv xarakter alıb, bunun qarşısını almağa çalışırıq. Bu işdə Bakı Şəhər Baş Polis idarəsi ilə birgə mübarizə aparılır”.

Mübarizənin müsbət nəticə verdiyini deməksə çətindir. Məsələn, "Xalqlar Dostluğu” metrostansiyasının qarşısında.

Məlahət Rzayeva