Yerli istehlakçıların bunu nəzərə alması lazımdır
İndi də ölkəyə Belarus məhsulları gəlir
“Bu bir reallıqdır ki, qarşıdakı illərdə daha çox bazar açılacaq”
Yerli istehlakçıların bunu nəzərə alması lazımdır
Yerli istehlakçıların bunu nəzərə alması lazımdır
Belarus Azərbaycanla iqtisadi əlaqələrini genişləndirmək niyyətindədir və bu istiqamətdə artıq bir sıra addımlar atılıb. Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç keçirdiyi mətbuat konfransında bildirib ki, 2018-ci ildə "Belarus” mağazalar şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Məlumdur ki, paytaxtda "Belarus” mağazaları fəaliyyətdədir. 2018-ci ildə isə Azərbaycanın regionlarında da Belarus məhsullarının satışı üzrə firma mağazaları şəbəkəsinin fəaliyyətə başlayacağı gözlənilir. Bundan başqa, Belarus Azərbaycanla əczaçılıq preparatları üzrə birgə müəssisə yaratmaq fikrindədir.
Əvvəlcə "Dağıstan”, indi "Belarus”
Xatırladaq ki, 2 il öncə Bakıda, Atatürk prospektində "Dağıstan” marketi açıldı və elan edildi ki, marketlər şəbəkəsi regionlarda da genişləndiriləcək.
Hələ o zaman iqtisadçılar bu səpkili mağazaların ümumilikdə bazar qiymətlərinə o qədər müsbət təsir etməyəcəyini, Dağıstanın timsalında Rusiyanın Azərbaycan bazarında ucuzluq mühiti yarada biləcəyini inandırıcı hesab etmirdilər.
İqtisadçılar Rusiya ərzaq sənayesinin Azərbaycan bazarına çeşidli məhsul çıxarmaq gücündə olmadığını vurğulayırdılar. İqtisadçılar "Rusiya bizim bazara nə çıxara bilər?! Rusiya özü bizdən kənd təsərrüfatı məhsulları gözləyən bir ölkədir. Orada ucuzluq yoxdur. Çünki iqtisadi sanksiyalarla üzləşib. Belə vəziyyətdə Rusiya Azərbaycan bazarını geniş çeşiddə məhsullarla təmin edə bilməz. Marketlər elə bir ticarət şəbəkəsidir ki, burada ən azı 1000 çeşiddə mal və məhsul olmalıdır. Hardandır Rusiya sənayesinin bu qədər çeşid məhsulu?!
Bəlkə yağ ixrac edə bilərlər. Rusiyanın daxili istehsalında yağ var. Rusiyanın məşhur kolbasa, sosis - ət məhsulları, ucuz ola bilər, amma nəzərə alaq ki, bunu da Rusiya özü Pribaltikadan idxal edir. Bəlkə Dağıstan coğrafi bölgə kimi Azərbaycana yaxınlığı baxımından ixracda sərfəli ola bilər. Amma bütün amillər nəzərə alınmaqla mən hətta Dağıstandan idxal ediləcək məhsulların da daxildə ucuzluq yarada biləcəyini zənn etmirəm. Biz kimdənsə kömək gözləməməliyik. Azərbaycan özü aqrar ölkədir. Biz öz daxili resurslarımız hesabına kənd təsərrüfatını da, ərzaq sənayemizi də inkişaf etdirməliyik” deyirdilər.
Görünən budur ki, mülahizələrdə həqiqət payı varmış. Ölkə əhalisi "Dağıstan” marketinə deyil, "OBA”ya üz tutur. Ucuzluq olduğunu zənn edərək. Bu barədə az sonra...
Həmçinin, paytaxtda Rusiya şokoladları, konfetləri və şirniyyatlarının satıldığı mağazalar da var. Qiymətlərsə olduqca yüksəkdir. Bəs "Belarus” mağazalarından nə gözləyək? Keyfiyyətli və ucuz məhsul əldə etmək mümkün olacaqmı?
Yerli istehsalçılar hərəkətə keçməlidir
İqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında bildirdi ki, məsələyə iki yöndən baxmaq olar:
- Birincisi, istehlakçı kimi. İstehlakçı üçün hardasa yeni mağazanın, marketin açılması həmişə cəlbedici olur. Bazarda çeşid müxtəlifliyi, keyfiyyətli və ucuz məhsulun olması alıcının marağına uyğundur. Üstəlik, çeşid bolluğu rəqabət mühiti də yaradır. Alıcı cəlb etmək üçün marketlər qiymətdə güzəştə getməyə məcbur olurlar. Bu mənada müxtəlif ölkələrin marketlər şəbəkəsinin fəaliyyət göstərməsi müsbət haldır. Amma ikinci tərəfdən, bu hal ölkədən valyutanın çıxışına səbəb olur. Belarusdan gətirələcək məhsulların qiyməti əlbəttə ki, valyuta ilə ödəniləcək. Bu da valyuta axını deməkdir. Ümumi iqtisadi göstəricilər baxımından bunları söyləyə bilərik. Qalır məsələnin digər - yerli istehsalçıya yönəlik tərəfi. Xarici ölkənin burda marketlər şəbəkəsi açması, artıq yerli istehsalçının üzərinə vəzifə qoyur. Yerli istehsalçı çalışmalıdır ki, o ölkələrə rəqabətdə uduzmasın. Məncə, bu, həm də yerli istehsalçıya daha yaxşı işləmək, keyfiyyətli məhsul istehsal etmək üçün bir səbəb və stimul olmalıdır. Kim istəməz ki, keyfiyyətli yerli məhsul alsın?! Xüsusən də qiymətdə hiss edilən fərq varsa?! Siz diqqət etsəniz görərsiniz ki, son illərdə Azərbaycan əhalisi yerli məhsula üstünlük verməyə başlayıb. Yəni, bunu istəyirlər, tələbat var. Bazar yerli məhsulla nə dərəcədə təmin olunur, bu, başqa mövzudur. Amma əhali yerli məhsul istəyir. Keyfiyyətli, qatqı maddəsiz, GMO-suz məhsul. Çünki son illərdə cəmiyyətin maarifləndirilməsi də artıb. İnsanlar süni yetişdirilmiş məhsulların sağlamlığa ziyanlı olduğunu bilirlər artıq. Mümkün qədər ekoloji təmiz, saf məhsul almağa can atırlar. Yerli istehsalçılar da bunu nəzərə alıb iş prinsiplərində dəyişiklik etməlidirlər. Keyfiyyətdə də öndə olmağa çalışmalıdırlar, qiymətlərdə də ucuzluq baxımından önə çıxmalıdırlar. Məsələn, "Belarus” mağazasında satılacaq kəsmiklə yerli şirkətin istehsal etdiyi kəsmik eyni qiymətə olacaqsa, əhali fikirləşəcək ki, gedim "Belarus” kəsmiyi alım. Hələ keyfiyyətdə də "Belarus” kəsmiyi yerli məhsulu üstələsə, təbii ki, alıcı ona üstünlük verəcək. Ona görə də yerli istehsalçılar rəqabətə davamlı olmağı bacarmalıdırlar. Bilirsiz, bu bir reallıqdır ki, qarşıdakı illərdə daha çox bazar açılacaq. Azərbaycan gec-tez Ümumdünya Ticarət Təşkilatına üzv olacaq. Bu da yeni-yeni bazarlar deməkdir. Yerli istehsalçının bunları nəzərə alması lazımdır.
Gəldik "OBA”ya...
Qeyd edək ki, "OBA” marketlər şəbəkəsi yeni-yeni fəaliyyətə başladığı vaxtlarda şəhər əhalisi qapıları yağır eləmişdi. Çoxu da razı idi. Şəhərdə hamı "OBA”dakı qiymət ucuzluğundan ağız dolusu danışırdı. Amma harda bizdə o "bəxt”?! Üstündən az keçmiş "OBA”dan da narazılıqlar eşidilməyə başladı. Ucuz qiymətə satılan kağız dəsmalların, yuyucu vasitələrin, çəki ilə satılan qənd, şəkər tozunun, maye yağların keyfiyyətsizliyindən gileylər artdı. Broyler fabriklərindən gətirilən toyuq və toyuq məhsullarının istifadə müddətinin bitmiş olduğu üzə çıxdı və s. Niyə belə olur?
N.Cəfərli bildirdi ki, marketinq sahəsində müxtəlif gedişlər var:
- Marketlər alıcı cəlb etmək üçün həmişə müxtəlif üsullara əl atırlar. Reklam, piar bu üsulların başında dayanır. Məlum məsələdir ki, alıcı hər zaman ilk növbədə qiymətə gedir. Çünki cibindəki pula müvafiq bazarlıq etməlidir. Səhv yanaşma da bundadır. Alıcı anlamalıdır ki, ucuz məhsul heç də həmişə keyfiyyətli deyil. Əksinə, daha çox halda keyfiyyətsiz məhsul, hətta istifadə müddəti bitmiş olur. Baxsanız, bir çox marketlərdə bunun şahidi olarsınız. İstifadə müddəti bitmiş malları bəzən rəflərdən yığışdırmırlar da. Bolluq görüntüsü pozulmasın deyə. Sadəcə, alıcılar çox diqqətli olmalı, almaq istədikləri məhsulun istehsal tarixinə, son istifadə tarixinə baxmalıdırlar. İstehçalçı şirkətə də diqqət etməlidirlər. Əgər hansısa şirkətin məhsulundan narazı qalıblarsa, bir daha o şirkətin məhsulunu almamalıdırlar. Bununla istehsalçını daha yaxşı işləməyə məcbur etmək olar. "Filan marketdə ucuzluqdur” kimi xəbərlərə inanmaq lazım deyil. Yoxlamaq, saf-çürük etmək və ucuz alınan məhsulun həqiqətən də ucuz başa gəlib-gəlmədiyini dəqiqləşdirmək lazımdır. Əgər siz keyfiyyətli yuyucu tozdan 4-5 istifadə üçün yararlanırsınız, amma ucuz aldığınız yuyucu toz cəmi 2 yumaya yetirsə, deməli, zərər edirsiniz. Ümumiyyətlə, bayram ərəfələrində bazarlara bol çeşiddə məhsullar çıxarılır. Satıcılar bayram bazarlığından istifadə edib mallarını satmağa çalışır. Alıcılar diqqətli olmalıdır.
Məlahət Rzayeva