"İnsanlarımızın dəniz, çimərlik mədəniyyəti inkişaf etdirilməlidir” - Açıqlama

"İnsanın su ilə təması onun genetik kodunda aşkarlanıb”.
Bunu Sherg.az-a insanların çimərliklərə olan tələbatından, çimərlik mədəniyyətindən danışarkən kulturoloq Aydınxan Əbilov deyib. 
İnsanların suya olan tələbatını izah edən kulturoloq bildirib ki, təkamül nəzəriyyəsinə görə, insan ilk olaraq sudan yaranıb:
"Buna görə, insan su ilə təmasa hər zaman can yandırır və meyl edir. Dəniz, göl, çayda üzməklə bağlı istilər düşən kimi insanlarda genetik kodda olan o şifrə suya doğru getməyə məcbur edir. Xüsusilə yay aylarında bunu daha çox görürük. Azərbaycan Xəzər dənizinin sahilində yerləşdiyinə görə, sahilyanı bölgələrdə yaşayan, o cümlədən ortada yaşayanlar hər zaman dənizə meylli olublar.
Amma elə bölgələr var ki, orada insanlar çay və kanallardan başqa su hövzələri ilə təmasda olmurlar. Onların çoxu isə son vaxtlar şəhərləşmə ilə bağlı Bakıya axışıb gəlir. Onlar üzməyi bacarmırlar. Azərbaycanda ümumiyyətlə, çimərliklə bağlı mədəniyyəti həmişə zəif inkişaf edib. Hər dəfə bunu müzakirə edirik.
İnsanlar çimərlikləri çirkləndirir, müxtəlif tullantılar atırlar. Çox mədəniyyətsiz formada gigiyenik normalara belə riayət etmədən onlardan istifadə edirlər. Lakin əsasən də uşaqları əvvəldən üzgüçülüyə öyrəşdirmək lazımdır. Onlar hər dəfə dənizə getdikdə bu və ya digər dərəcədə üzgüçülüyün növlərindən istifadə edirlər. Lakin eyni zamanda təbiətdə müxtəlif hadisələr baş verir. Hesablamalara görə, buzlar əriyib və insanlar su ilə bağlı böyük fəlakətlərlə rastlaşa bilərlər. Daha çox oğlan uşaqları dənizçilik kimi hərbi xidmətdə ola bilərlər. Ona görə, valideynlər çalışmalıdır ki, öz uşaqlarını üzgüçülüklə bağlı müxtəlif dərnəklərə qoysunlar və uşaqlar heç olmasa su ilə təmasda özünü aparma qaydalarına, müəyyən vərdişlərə malik olmalıdırlar”.
Üzməyi bacaran-bacarmayan hər kəsin dənizdə özünü göstərmək istədiyini deyən A. Əbilovun sözlərinə görə, qoyulan qadağalara rəğmən insanlar irəliləyir və batırlar:
"Fövqəladə Hallar Nazirliyinin çimərliyə cavabdeh qurumları təhlükəsizliklə bağlı ciddi tədbirlər görürlər və xüsusilə yay aylarında çox insanı işə götürürlər. Onların qadağalarına baxmayaraq çox gənclər özlərini başqalarına göstərmək üçün müxtəlif addımlar atırlar. Bu isə həyatlarına təhlükə törədirlər.
Belə bədbəxt hadisələr çox sıxlıqla baş verir. Ona görə, belə məsələlərə xüsusi önəm verilməlidir. Düşünürəm ki, orta məktəblərdə də çimərliklərlə bağlı məlumatlar verilməlidir ki, təhlükəli, həyatımıza son qoya biləcək hadisələrlə rastlaşmayaq.
Hər bir bədbəxt hadisə həm də dövlət büdcəsinə ziyan verir. Bu, yalnız çimməklə bağlı deyil. Eynilə balıqçılar da bəzən qayıqları ilə balıq ovuna çıxdıqda edilən xəbərdarlıqlara baxmayaraq, dənizə çıxırlar. Sonradan isə dövlət xərc çəkərək vertolyotlarla dənizdə axtarışlara çıxır. Bundan əlavə neft daşlarında baş verən əksər hadisələr də göstərir ki, insanlar üzməyi bacarmadıqlarına görə, bədbəxt hadisələr zamanı dənizdə boğulurlar. Ona görə bütün bunların qarşısını almaq üçün insanların dəniz, çimərlik mədəniyyəti inkişaf etdirilməlidir”.
Qeyd edək ki, iyulun 23-də Bakı çimərliklərində 3 nəfər boğularaq ölüb. Belə ki, bazar günü Mərdəkan çimərliyində 1974-cü il təvəllüdlü Quliyev Hüseynqulu Qabil oğlu, Buzovna çimərliyində 2000-ci il təvəllüdlü İsmayılov İdris Rasim oğlu və Pirşağı çimərliyində 1983-cü il təvəllüdlü Səmədov Ruslan Ağabəy oğlu boğularaq ölüb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Aysel Aslan