İnternet mediada təhqir və böhtanın qarşısı alınmalıdır

Azər Həsrət: “Qərb dövlətlərində belə bir addım atılırsa və heç bir reaksiya doğurmursa, o zaman Azərbaycanda da mənfi qarşılanmamalıdır”
Yadigar Məmmədli: “Fikrimcə, məsələdə ciddi dəqiqləşdirmələrin aparılmasına ehtiyac var”


(əvvəli ötən sayda)

"İnternet media və sosial şəbəkələr tənzimlənməlidir”. Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib. Şura sədri bildirib ki, Baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinə təklif etdiyi əlavələr mühüm əhəmiyyət daşıyır. Onun sözlərrinə görə, məsələyə kimin hansı prizmadan yanaşması önəmlidir. Bu mənada təkliflər müsbət qiymətləndirilə də bilər, əleyhinə çıxanlar da olar. Deputat hesab edir ki, məsələnin prinsipial tərəfi mütərəqqi mahiyyət daşıyır: "Geniş ictimaiyyət internet məkanda məsuliyyət hissinin artırılmasının tərəfdarıdır. Bu istiqamətdə müxtəlif tədbirlər, maarifləndirmə işləri aparılıb, təbliğat müsbət nəticə verib.

Rəhbərlik etdiyim Mətbuat Şurası fəaliyyətə başlayanda mətbuat məkanında tənzimləmələrin aparılmasına ehtiyac var idi. Zamanla bu istiqamətdə bir sıra irəliləyişlər əldə olundu. İnformasiya texnologiyalarının sürətli inkişafı isə tamamilə fərqli vəziyyət yaratdı. Əlbəttə, internet məkanında hər bir şəxsin öz baxışlarını ifadə etməsi, özünü təsdiqləməsi müsbət haldır. Bu, söz və ifadə azadlığını dərinləşdirir. Ayrı-ayrı vətəndaşlar demokratik cəmiyyət quruculuğunda iştirak hüququ qazanırlar. İnternet media və sosial şəbəkələr sözün, fikrin ifadə plasdarmı olaraq çıxış edir. Amma heç kəs deyə bilməz ki, bu sahə tənzimlənməyə ehtiyac duymur. Əksinə, bunun üçün sosial sifariş var”. Ə.Amaşov dünyada sosial şəbəkələrdəki təhqir və böhtan məsələlərinə kifayət qədər həssas yanaşıldığını vurğulayıb: "İndiki şəraitdə Avropanın bir çox səlahiyyətli qurumları internetdə, xüsusən də sosial şəbəkələrdə insanların alçaldılması ilə bağlı narahatlıq keçirirlər və vəziyyətin aradan qaldırılması üçün yollar axtarırlar. Böyük Britaniyada, Fransada, İtaliyada belə nümunələr var. Məsələ hər şəxsin malik olduğu hüquq və azadlıqların pozulması kontekstində dəyərləndirilir. Kimsə təhqir olunursa, yaxud böhtanlarla üzləşirsə, belə hesab edilir ki, onun hüquqları məhdudlaşdırılır”. Deputat Baş prokurorun təklif etdiyi əlavələrə münasibətdə bəzi əks fikirlərlə bağlı da mövqeyini açıqlayıb. O bildirib ki, hər bir qanunvericilik aktı mütərəqqi mahiyyət daşımalıdır: "Bilirik ki, Baş prokurorun təklif etdiyi əlavələr lazımdır, vacibdir. Sadəcə məsələ ətrafında fərqli interpretasiyalar var. Bu da ayrı-ayrı maraqlı qrupların mənafelərindən qaynaqlanır. Söz yox ki, əlavələr hansısa formada söz və ifadə azadlığı kontekstindəki manipulyasiyalara yol aça bilir. Ancaq biz məsələnin prinsipial tərəflərinə diqqət yetirməliyik. Təbii ki, yanaşmadan asılı olaraq istənilən qanunu mütərəqqi və mürtəce qiymətləndirmək mümkündür. Qanunun icrasına yanaşma da önəmlidir. Hesab edirəm ki, niyyət və məram düzgündürsə, problemlər olmayacaq, qanunun aliliyi təmin olunacaq”. Ə.Amaşov vurğulayıb ki, ümumən bu sahədə müəyyən dəqiqləşdirmələrin də aparılmasına ehtiyac var: "Məsələn, materialın yayımlanması hansı hallarda və vəziyyətlərdə kütləvi nümayiş sayılır. Bir nəfərin sosial şəbəkədəki profilində cəmi 5 nəfər varsa, deməli, onun yaydıqlarının kütləvilik əmsalı azdır. Yaxud hansısa internet saytın gündəlik İP sayı aşağıdırsa, buna kütləvilik demək olarmı? Hesab edirəm ki, bu sayaq məsələlərin ayrıca sənədlərdə dəqiqləşdirilməsinə ehtiyac var və bu ehtiyac zaman keçdikcə özünü daha çox göstərəcək. Başqa bir məsələ təhqir və böhtan yayan saxta sosial şəbəkə profillərinin və saytların əsasən xarici ölkələrdə qeydiyyatdan keçməsi və oradan idarə olunması ilə bağlıdır. Belə hallarla necə mübarizə aparılacaq? Hesab edirəm ki, bu kimi məsələlərə də diqqət yetirilməlidir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət "Şərq”ə açıqlamasında qanun layihəsinin zərurətdən meydana gəldiyini deyib: "Əvvəlcə kütləvilik məsələsinə aydınlıq gətirək. Özəl yazışmalar xaricində, ümumi ictimai müstəvidə həyata keçirilən bütün danışıqlar kütləvilik sayılır. Tutaq ki, sizin feysbuk profiliniz var və profilinizin "divarında” hər kəsin görə biləcəyi şəkildə kimisə təhqir etmisiniz, yaxud böhtan atmısınız. Ola bilər ki, yazdığınızı sadəcə bir-iki nəfər "like” edib, ya da ümumiyyətlə heç kim bəyənməyib. Buna baxmayaraq, paylaşımınız kütləvilik kateqoriyasına daxil olacaq. Çünki yazdığınızı istənilən an hər kəs görə, izləyə bilər. Əgər dostluğunuzdakı hansısa şəxslə özəl, yəni sadəcə iki nəfər arasında gedən yazışma aparmısınızsa və təhqirə yol vermisinizsə, məsuliyyətə cəlb olunmayacaqsınız. Çünki burada təhqir faktı olsa da, kütləvilik yoxdur”. Ekspert bildirib ki, xaricdə fəaliyyət göstərən, kütləvi şəkildə Azərbaycanın daxilindəki şəxsləri təhqir etməklə məşğul olan insanlara qarşı müxtəlif tədbirlər görülə bilər: "Öncə bunun mexanizmini tapmaq lazımdır. Məlumdur ki, istənilən saytın İP-si üzərindən onun fəaliyyət göstərdiyi nöqtəni, hansı ölkədə fəaliyyət göstərdiyini aşkarlamaq mümkündür. Belə halda müxtəlif təhqirlərə, böhtanlara yol verən saytlar haqqında hüquqi müstəvidə ölçü götürmək mümkün olur. Düzdür, Azərbaycanda oturub dünyanın hansısa ölkəsində insanları təhqir edən şəxslərin müəyyənləşdirilməsi asan proses deyil. Saytın İP-si üzərindən yeri tapılsa belə, onun məsuliyyətə cəlb olunması çətinlik yaradır. Amma bu o demək deyil ki, həmin şəxslər arxayın olmalıdır. Azərbaycan dövlətinin müxtəlif ölkələrlə qarşılıqlı hüquqi yardım haqqında, eyni zamanda cinayətlərin qarşısının alınması barədə birgə sazişləri, anlaşmaları var. Həmçinin, Azərbaycanın üzv olduğu nüfuzlu beynəlxalq qurumlar sayəsində dövlətimizin müvafiq strukturları xaricdə təhqirlərlə məşğul olan insanları müəyyən etmək və məsuliyyətə cəlb etmək imkanına malikdir. Proses çətin, uzun və yorucudur, amma mümkünsüz deyil. Ona görə də xaricdə oturub Azərbaycanda kimlərisə təhqir etməyi düşünənlər, bu işlə məşğul olanlar əməllərindən əl çəksələr yaxşı olar”.

A.Həsrət bəyan edib ki, təklif olunan layihə hələki Milli Məclisdə təsdiq olunmayıb. Amma yaxın günlərdə layihənin təsdiq olunacağı ehtimal edilir: "Yəqin ki, təklif qüvvəyə mindikdən sonra bununla bağlı hərəkətlənmələr başlayacaq. Layihənin ortaya çıxma səbəbləri mühümdür. Niyə birdən-birə Baş Prokurorluq bu cür təşəbbüslə çıxış etdi? Biz dəfələrlə Azərbaycan ictimaiyyətinə, xüsusən də sosial şəbəkələrdən, internet mediadan istifadə edənlərə xəbərdarlıq etmişdik ki, özlərini tənzimləsinlər. İnsanları təhqir etməsinlər, münasibətlərində nəzakət qaydalarından kənarda çıxmasınlar. Özümüz elə şərait yaratmalıydıq ki, dövlət bu məsələnin tənzimlənməsinə müdaxilə etməyə məcbur qalmasın. Baş prokurorun irəli sürdüyü təşəbbüs əslində vətəndaşlarımızın özünü tənzimləmə məsələsində "sinifdə qalması” deməkdir”. Jurnalistin fikrincə, bəziləri iddia edir ki, guya, təklif olunan layihə internetə, sosial şəbəkələrə senzura gətirəcək. Ancaq burada heç bir senzuradan söhbət getmir: "Təşəbbüs saxta profillərdən istifadə etməklə konkret şəxsləri və ya obyektləri gözdən salmağa çalışan şəxslərin qarşısını almaq məqsədi güdür. Nəzərə almaq lazımdır ki, layihədə söhbət tənqidlərdən getmir. Haqlı tənqidlər bundan sonra da olacaq və onlara qarşı heç bir ölçü götürülməyəcək. Ona görə də məsələ hər kəs tərəfindən anlayışla qarşılanmalıdır”. A.Həsrət deyib ki, Avropa Birliyinin üzvü olan, demokratik dəyərləri ilə seçilən İtaliya kimi bir ölkədə, o cümlədən Böyük Britaniyada konkret şəxslərin internet üzərindən yaydıqları təhqirlərə, böhtanlara görə həbs edilməsi və cərimələnməsi faktları mövcuddur: "Mən bununla bağlı bir neçə dəfə paylaşımlar etmişəm. Xəzər TV-dəki verilişimdə məsələyə toxunmuşam. Qərbin bir çox inkişaf etmiş dövlətlərində müəyyən məhdudiyyətlər qoyulur və heç kim bununla bağlı mübahisələrə yol vermir. Əgər ortada böhtan varsa, mütləq qarşısı alınmalıdır. Azərbaycanda məsələ ilə bağlı qanunvericilikdə problem yoxdur. Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrində böhtan, təhqir məsələləri öz əksini tapıb. Sadəcə olaraq zərurətdən dolayı qanuna dəyişiklik edilməsi və "internet üzərindən təhqirlərə yol verilməsi” sözünün ora əlavə olunması məqsədəuyğun görülüb. Əgər Qərb dövlətlərində belə bir addım atılırsa və heç bir reaksiya doğurmursa, o zaman Azərbaycanda da mənfi qarşılanmamalıdır”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə deyib ki, kütləvilik baxımından internet media və sosial şəbəkələr daha öndədir. Ona görə də bu sahələrdə problemlər daha qabarıq olur: "Baş prokurorun təşəbbüsü anlaşılandır. Amma bir sıra məqamlar dəqiqləşdirilməlidir. Əgər söhbət KİV-lərdən gedirsə, media sahələrinin modelindən asılı olmayaraq, vahid prinsiplər dəyişməməlidir. Yəni qəzet, televiziya, radio, internet media, bunlar hamısı eyni qanunlar çərçivəsində tənzimlənməlidir. Bununla bağlı konkret qanunvericiliyimiz var. Zaman-zaman qanunlar media sahələrinə uyğun olaraq təkmilləşir, dəyişdirilir. Lakin hesab edirəm ki, sosial şəbəkələr kütləvi informasiya vasitələri sayıla bilməz. Çünki sosial şəbəkələr müxtəlif cür insanların toplaşdığı məkandır. Orada peşə, sahə, dünya görüşü fərqli olur. Hər kəs istədiyini yazır, məsələlərə öz düşüncəsinə uyğun olaraq münasibət bildirirlər. Məncə, qanun onlara yox, sosial şəbəkələrdə səhifələri olan qəzet və saytlara şamil olunmalıdır. Hansısa insanın şəxsi fikri və düşüncəsi ilə bağlı qanunun tətbiq edilməsi doğru deyil. Fikrimcə, məsələdə ciddi dəqiqləşdirmələrin aparılmasına ehtiyac var”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb