İş yerlərinin tərkibində uşaq bağçaları yaradılsın- TƏKLİF




Azyaşlı övladı olan analara köməklik üçün iş yerlərinin tərkibində uşaq bağçaları yaradılmalıdır.

Bunu Sherg.az-a 3 yaşınadək uşağını təkbaşına böyüdən analar üçün qısaldılmış iş vaxtının tətbiq olunmasına münasibət bildirən "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. 

Xanım ekspert bildirib ki, bu sahədə kompleks tədbirlər görülməlidir: 

"Azyaşlı övladının ehtiyacını qarşılamaq üçün evdə otura bilməyib işləməyə məcbur olan valideynlər çoxdur. Həmin valideynlərə iş saatının azaldılmasından əlavə müavinətlərin və sosial yardımların artırılması tətbiq edilməlidir. Körpə övladı olan valideynlər uşağı baxçalarına qoya bilmir, ödənişli uşaq baxçalarının isə tələb etdiyi məbləğ yüksəkdir. Hesab edirəm ki, himayəsində 3 yaşına qədər uşaq olan valideynlərin iş saatının azaldılması ilə paralel olaraq həmin müəssisələrin tərkibində uşaq bağçasının olması daha yaxşı olardı. Valideynlər uşağını baxçaya qoyub, rahat işləyə bilsinlər. Bu məsələni gündəmdə saxlamaq vacibdir”.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı tətbiq olunması qərara alınıb.

Aysel Aslan