İŞİD-in sonu yaxınlaşır

Terrorçu qruplaşmanın yolu Şərqdə də, Qərbdə də bağlıdır


Son günlər İŞİD-lə bağlı mediada yayılan informasiyalar diqqət çəkir. Məsələ ondadır ki, indiyə qədər terrorçu şəbəkəyə aid "filan şəhəri ələ keçirdilər, yüzlərlə insanı öldürdülər, əsir aldılar” kimi ifadələr səslənirdisə, artıq İŞİD-in sıxışdırılması, üzvlərinin sayının kəskin azalması kimi xəbərlər dolaşmaqdadır.

İddialara görə, koalisiya güclərinin, xüsusən Türkiyə ordusunun və Suriya müxaliflərinin terrorçulara qarşı sərt mübarizəsi qruplaşmanı əldən-ayaqdan salıb. Ciddi itkilərə məruz qalan terrorçuların işğal altında saxladıqları rayonlardan çıxdıqları deyilir. Bir müddət əvvəl təşkilat sədri Bağdadinin öldürülməsi xəbəri də qruplaşmanın sonunu gətirən məsələ kimi dəyərləndirilir. Ehtimallar var ki, bölgədə güc itirən İŞİD Yaxın Şərqdən Orta Asiyaya köçmək barədə düşünməkdədir. Hətta qruplaşmanın Qərbdən istədiyi dəstəyi ala bilməməsi də iddia edilir. 

Məsələ ilə bağlı "Şərq”ə danışan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay deyib ki, İŞİD-in apardığı vəhşi siyasət, göstərdiyi davranış, islam adı ilə mənfur oyunlar çıxarması gec-tez təşkilatın sonunu gətirməli idi: 

"Biz tədqiqatçılar bunu əvvəlcədən görürdük və proqnoz verirdik. Baxmayaraq ki, bu təşkilatın lideri son dövrlər özünü "məğrur” göstərirdi. Güclülük və dayanıqlılıq təsəvvürü yaratmağa cəhd edərək "teatr oyunları” hazırlayırdı. Təəssüflər olsun ki, qruplaşma xeyli sayda düşüncəsiz və avam insanı öz toruna sala bilib. Lakin artıq vəziyyət dəyişməkdədir. Məncə, yayılan xəbərlər bir daha sübut edir ki, İŞİD-in sonu yaxınlaşıb. Əlbəttə, bu cür acı sonluq İŞİD-in illərlə insanlığa yad, əqidəsiz, nankor və ləyaqətsiz hərəkətlər etməsinin nəticəsidir. 

Terrorçular insanlara zülm edir, onların haqqını yeyir, işgəncə verir, azadlıqlarını əllərindən alır, başlarına min-bir oyun açaraq məsxərəyə qoyurdular. İndi öz əməllərinin cəzasını çəkirlər, güclü mübarizə nəticəsində geri addım atmağa məcbur olurlar. Özünü "islam dövləti” adlandıran qruplaşmanın yolu Şərqdə də, Qərbdə də bağlıdır. Mən bir tədqiqatçı olaraq hər zaman bəşəriyyətə qarşı duran, dünya axınının əksinə gedən bu cür amansız, eyni zamanda ağılsız və özündən müştəbeh terror təşkilatına, onun saxta liderinə qarşı olmuşam. Yazılarımla, fikirlərimlə daim mübarizə aparmışam. Bu fəaliyyətim İŞİD-in tamamilə kökü kəsilənə qədər davam edəcək”.

İsmayıl