“İslahatlar xalqımızın rifahının daha da yaxşılaşmasına şərait yaradır”




"Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün əlimizdən gələni edirik”.

Bunu Prezident İlham Əliyev aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı İlham Əliyev keçən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirdi: 

"İslahatlara alternativ yoxdur. Son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə yoxdur”.


Qeyd edək ki, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə, tələbələrə göstərilən həssas münasibət prezidentin hər zaman xalqımızın yanında olduğunu göstərir. Görülən təbdirlər ictimaiyyət nümayəndələri tərəfindən də böyük rəğbətlə qarşılanır.

Ölkə başçısının çıxışını "Sherg.az”a dəyərləndirən "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, prezidentin atdığı addımlar, reallaşdırdığı islahatlar xalqımızın rifahının daha da yaxşılaşmasına şərait yaradır.

Baş redaktorun sözlərinə görə, ölkə başçısının sosial siyasəti vətəndaşların müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib:

"Son illər Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Qayğıya ehtiyacı olan vətəndaşlarımıza-şəhid ailələrinə, qazilərə, qaçqın və məcburi köçkünlərə, pensiyaçılara, tələbələrə göstərilən diqqət ölkə başçısının əhalinin yanında olduğunu bir daha sübut edir. 

Cənab prezident hər zaman çalışıb ki, xalqımıza ləyaqətli xidmət etsin və Azərbaycanımızın hərtərəfli inkişafına nail olsun. Həyata keçirilən hər bir islahatlar da məhz buna xidmət edir”.

Yeganə Bayramova