İstanbulda keçirilən elmi konfransa Azərbaycanın 4 nəfər tarixçisi qatılıb - FOTO

İstanbul universiteti və İstanbul "Türk ocaqları"nın birgə təşkilatçılığı ilə oktyabrın 16 və 17-də "1917-ci il Sovet iltilabının 100-cü ilində türk dünyasında müstəqillik fikri və hərəkatlar" mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan cümhuriyyətlərindən 36 alim qatıldığı simpoziumda tarixin bir əsrlik dövrünə işıq salınıb. 1917-ci il oktyabr inqilabının türk dünyasına gətirdiyi ictimai-fikir tarixinin tədqiqi alimlərin əsas tədqiqat obyekti olub. İstanbul universitetinin rektorluq binasında keçirilən tədbiri giriş sözü ilə rektor Mahmud Ak açaraq elmi konfransın əhəmiyyətindən və vacib məqamlardan danışıb. 
Konfransın açılışında qonaq qismində iştirak edən millət vəkili Qənirə Paşayeva Sovet inqilabının Rusiya türklərinin həyatında oynadığı rol barədə fikirlərini söyləyib. Q.Paşayeva oktyabr inqilabı proseslərini Azərbaycan Xalq Cümhuriyyətinin timsalında təhlil edib, 70 il sovetlər hakimiyyəti dövründə yaşanan faciələri göz önünə gətirib.
İki gün müxtəlif panellərdə Azərbaycanı təmsil edən 4 alim-tədqiqatçının müxtəlif məzmunlu çıxışları maraqla qarşılanıb. BDU-nun professoru Anar İsgəndərov "Rusiyada fevral-burjua inqilabı və Azərbaycan" mövzusunda çıxışı 1917-ci ildə baş verən gərgin hadisələri əhatə edib.
 A.İsgəndərov oktyabr inqilabının sovet tarixçiliyində düzgün əks olunmadığını bildirərək, bu hadisələrin Azərbaycana təsirlərinin obyektiv elmi izahını verib: 
"Bu hadisələr Azərbaycana öz təsirini göstərib, fəhlə sinfinin tətil hərəkətləri genişlənib, çar məmurları vəzifələrindən azad edilib. Ən önəmlisi isə gizli fəaliyyət göstərən siyasi partiyalar açıq mübarizəyə keçib, müstəqilliyin əldə olunması yönündə mübarizə aparıb".
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədovanın "Rusiyada bolşevik hakimiyyətinin Qafqaz planları və Azərbaycan" mövzusunda tədqiqatı da konfrans iştirakçılarının diqqətini çəkib. F.Əhmədova bolşeviklərin Azərbaycana müstəqillik verilməsini heç bir halda istəmədiklərini faktlarla dilə gətirib:
"Qafqazın əsas aparıcı siyasi gücləri olan eser, menşevik, daşnak partiyaları heç bir halda Müsavat Partiyasının bolşevik iqtidarına qarşı kəskin münasibətini qəbul etmirdilər". 
Bakı komissarı S.Şaumyanın Azərbaycanın müstəqillik tərəfdarlarına və xalqına qarşı qanlı divan tutması da bu niyyətdən doğurdu.
"Sovet inqilabı dönəmi azərbaycanlı turançı aydınlar" mövzusunda çıxış edən filologiya üzrə fəlsəfə doktoru Leyla Kərimova 1917-ci ildən sonra ziyalılara qarşı aparılan repressiyaları tarix kontekstində izah edib.
"Qafqaz İslam Ordusunun Azərbaycanda qurtuluş missiyası" barədə tarix üzrə fəlsəfə doktoru Akif Vəliyev (Aşırlı) çıxış edib, 1918-ci ilin iyulundan başlayaraq noyabrın sonlarınadək olan hərbi-siyasi vəziyyətin geniş təhlilini verib.
Elmi simpoziumun maraqlı məqamlarından biri də Türkiyə və keçmiş sovetlər birliyi türk cümhuriyyəti tarixçilərinin bir arada olması idi. Konfransın işində Türkiyə tarixçiliyində məktəb yaratmış professor Mehmet Saray da iştirak edib.
Sonda konfrans iştirakçılarına "Qatılım sertifikatı" verilib.