İctimai-siyasi xadimlərin medianın bugünkü durumu ilə bağlı dəyərləndirmələri maraqlıdır
Jurnalistikamızda peşə həmrəyliyi çox zəifdir
Yazarlar özlərini müdafiə etməkdə çətinlik çəkirlər
İctimai-siyasi xadimlərin medianın bugünkü durumu ilə bağlı dəyərləndirmələri maraqlıdır
İctimai-siyasi xadimlərin medianın bugünkü durumu ilə bağlı dəyərləndirmələri maraqlıdır
(Əvvəli ötən sayımızda)
22 iyul jurnalistlərin peşə bayramıdır. İki gündən sonra Azərbaycanda Milli Mətbuat Günü qeyd ediləcək. İlk mətbu orqanın - "Əkinçi” qəzetinin çapından bizi 142 illik bir zaman kəsiyi ayırır. Bu müddət ərzində Azərbaycan mətbuatı uzun və keşməkeşli bir yol keçərək gəlib bugünkü səviyyəyə çatıb, Azərbaycan cəmiyyətini informasiyalarla təmin edən ciddi jurnalistikamız formalaşıb. Əvvəllər Kütləvi İnformasiya Vasitələri (KİV) dedikdə yalnız qəzet, jurnal, televiziya, radio başa düşülürdü. Hazırda isə onlarla yanaşı, internet resursları - xəbər saytları da KİV-lər hesab olunur. İnternet medianın yaranması isə jurnalistikada operativliyi bir qədər də artırdı.
Mətbu orqanlar arasında rəqabət daha da artdı və inkişafa doğru bir sıra addımların atılmasına təkan verdi. Qeyd edək ki, Azərbaycanda daima demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biri olub. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.
Hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Bəlkə də elə bu səbəbdən ölkə mətbuatının bugünkü durumu heç də qənaətbəxş hesab olunmur. Mətbuatda yaşanan bu problemləri ölkənin ictimai-siyasi xadimləri, media nümayəndələrinin mütəmadi olaraq əlaqə saxladığı, ölkədə baş verən ictimai-siyasi proseslərlə bağlı rəyini aldığı ekspertlər də təsdiqləyir.
Jurnalist-deputat Elmira Axundova jurnalistikamızın durumundan narazılıq edib. Bunu obyektiv və subyektiv səbəblərlə izah edən xanım millət vəkilinə görə, jurnalistika neqativ hallardan təmizlənməlidir. Medianın iqtisadi çətinliyi mənfi hallara aparır. Ona görə də bir neçə saytın birləşərək iri media holdinqlər yaratması, bir yerdə olması daha yaxşı olar. Belə olarsa, jurnalistikaya heç kim bata bilməz. E.Axundova Azərbaycan jurnalistikasının peşə həmrəyliyində birlik göstərə bilmədiyini söyləyib:
"Peşə həmrəyliyi də jurnalistikamızda çox zəifdir. Mediamız özünü müdafiə etməkdə çətinlik çəkir. Amma Dağlıq Qarabağ, Aprel hadisələri kimi ümummilli məsələlərdə, xüsusilə ön cəbhədə jurnalistikamız özünü çox yaxşı göstərir. Zərbələr bir hədəfə və bir nöqtəyə vuruldu. Həmçinin, Zəhra və nənəsinin ermənilər tərəfindən qətlə yetirilməsi hadisəsində də media birlik nümayiş etdirdi. Bu çox yaxşı haldır”.
Sosioloq-jurnalist Lalə Mehralının fikrincə, günümüzdə operativlik, dəqiqlik mediamızın təməl prinsipləri olub və bu da bizə inkişaf etmiş ölkələrin mediası ilə yarışmağa imkan verir:
"Texnologiyanın inkişafı ilə vəziyyət dəyişib. Televiziyalarımızın hamısının bir çox ölkələrdə müxbir postu var, böyük mətbu orqanlarımızın, sayt və agentliklərimizin də bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Dünyanın qaynar nöqtələrindən reportaj verən yaxşı jurnalistlərimiz var. Amma təəssüf ki, bu, bütün mətbuat orqanlarına aid deyil.
Media orqanlarının satış, reklam bazarı zəifdir, oxucu və reklam təklifi azdır, belə olduqda onlar çoxsaylı və peşəkar işçilər saxlaya bilmir, onun Bakıdan kənara çıxmaq imkanları olmur, misal üçün, başqa şəhərlərə, başqa ölkələrə müxbir göndərə bilmir, müxbir postu saxlaya bilmir. Peşəkar jurnalistlər minimum maaşa işləmirlər, praktikantları, jurnalistikadan anlayışı olmayan adamları 150-200 manata işlətməklə isə mətbuat yaratmaq mümkün deyil.
Hər redaksiyada bir neçə nəfərin işləməsi mətbuatımıza heç nə qazandırmaz, amma bir redaksiyada çoxsaylı peşəkar jurnalist işləsə, mətbuat çox şey qazanar. Necə ki, yüzminlərlə oxucusu olan beynəlxalq səviyyəli qəzet, saytlar ölkələrinə milyonlar qazandırır. Bizim oxucumuz gündə bir qəzet almır, amma qəzetlərin dövlət tərəfindən yardım almasını tənqid edir. Düşünmür ki, mən, sən, o, qəzet almasa, bu qəzet əməkdaşına pul verə bilməz, çapa gedə bilməz. Yaxşı ki, dövlətin yüksək diqqəti və qayğısı hər zaman mətbuatın üzərindədir, iri məbləğdə yardımları var, bu sayədə çox qəzet bağlanma təhlükəsindən uzaqlaşır”.
Sosioloq sonda qeyd edib ki, mətbuatda istinad mədəniyyəti bir az zəifdir, oğurluq materiallar bir saytdan digərinə yayılır, mənbə yazılmır və dolayısı ilə əməyə hörmət edilmir.
Millət vəkili Nizami Cəfərov da Azərbaycan mətbuatının bugünkü durumunun qənaətbəxş olduğunu düşünür. Ancaq bununla belə millət vəkili mətbuatda həll edilməsi zəruri olan problemlərin olmasını da qeyd edib: "Ümumilikdə, mətbuata münasibətim istidir. Dəyərləndirməyə gəldikdə isə Azərbaycan mətbuatının bugünkü durumunu iki cür şərh edərdim. Mətbuatın əvvəlki illəri ilə müqayisədə vəziyyəti yüksək qiymətləndirərdim. Biz olduqca normativ, soyuqqanlı bir mətbuatdan gəlmişik. Müstəqilliyin ilk illərində mətbuatımız daha çox emosional çıxışlara üstünlük verib. Amma indi zaman keçdikcə, mətbuatda şaxələnmə gedir. Peşəkarlıq yüksəlir. İnformasiyalar cəmiyyətə operativ ötürülür, xəbərlərin işlənməsində o qədər də çox problem yoxdur. Nəzəri baxımdan da jurnalistika keçmişə nisbətən yetərincə təhlil olunub. Jurnalistika fakültəsində təhsil alan tələbələrin dərslik problemi artıq aradan qalxıb.
Ancaq dünya mətbuatı ilə müqayisədə Azərbaycan mətbuatının yüksək inkişafından danışmaq mənasızdır. Biz hələ də dünya mətbuatına uduzuruq. Təbii ki, onların təcrübəsi, dünya görüşləri bizdən artıq olduğu üçün bizim onlardan geri qalmağımız normaldır. Həmçinin, onların jurnalistləri bizimkilərdən daha çox dil bilir, bir də onlarda ixtisaslaşma yüksək səviyyədədir. Onlar yazdıqları sahəyə dair çox dərin bilgilərə sahib olurlar. Dünya mətbuatının nümayəndələri eyni zamanda şərhçi kimi də çıxış etməyi bacarırlar. Bu baxımdan bizdə ixtisaslaşma çox zəifdir. Bu problemin aradan qaldırılması çox zəruridir. Çox istərdim ki, Azərbaycan mətbuatında gedən yazılara dünya mətbuatında reaksiyalar olsun. Bizim imzalar bir çox aparıcı ölkələrdə tanınsın”.
Mətbuatımızın kifayət qədər rəngarəng olduğunu vurğulayan Nizami Cəfərov hesab edir ki, Azərbaycan mətbuatında bütün sahələrə, aktual mövzulara lazımi səviyyədə yer ayrılır.
Bununla belə millət vəkili Azərbaycan mətbuatının ləng olduğu qənaətindədir: "Cəmiyyət üçün yararlı olan vacib məsələlərə toxunmaqda bir az gecikir. Bir də jurnalistlərimizin analitik təhlil qabiliyyəti çox aşağıdır. Müşahidələrim əsasında deyə bilərəm ki, ölkədə ictimai-siyasi, yaxud da iqtisadi sahədə baş verən proseslər, həmçinin Azərbaycanın beynəlxalq miqyasda gördüyü işlərə biganə münasibət sərgiləyir. Hətta deyə bilərəm ki, bir qayda olaraq, belə məsələlərə mətbuat yox, ictimai-siyasi xadimlərimiz şərh verir. Jurnalistikamız sanki bu işləri görmür. Ona görə də ictimai-siyasi xadimlər həmin hadisələrlə bağlı jurnalist təhlili verməyə məcbur qalır. Jurnalistlərin əvəzinə analitik təhlili siyasi xadimlərimiz aparır. Bu isə birmənalı olaraq, jurnalistikada peşəkarlığın zəif olmasından qaynaqlanır. Siyasi jurnalistikamız heç bir hadisəni lazımi şəkildə təhlil edə bilmir. Verilən şərhlərdə, aparılan araşdırmalarda lazımi peşəkarlıq olmadığı üçün mətbuatı yalnız informasiya almaq xatirinə izləyirəm. Azərbaycan mətbuatında istədiyim obrazlılıq və analitizmi görə bilmirəm. Söz çoxdur, amma fikir yoxdur. Bununla belə, deməliyəm ki, Azərbaycan mətbuatı oxucuların informasiya tələbatını lazımi səviyyədə ödəyir. İnformasiyanın ötürülməsi və çatdırılmasında heç bir problemimiz yoxdur.
Millət vəkilinin sözlərinə görə, jurnalistlər eyni mövzunu "saqqız” kimi uzadırlar. Onun sözlərinə görə, bu problem daha çox müxalifət qəzetlərində özünü göstərir: "Demək olar ki, qəzetlər hər gün eyni problemdən yazır. Əldə etdiyi hər hansı bir mövzunu yeni bir hadisə baş verənə qədər o tərəfə, bu tərəfə çevirib, yazırlar. Ən pisi isə odur ki, yanaşmalar da eyni olur. Sadəcə, mövzu ətrafında yalandan hay-küy qoparırlar. Halbuki sonda həmin hak-küy heç bir nəticə vermir. Bu problem müxalifət mətbuatı üçün səciyyəvi olsa da, iqtidar mətbuatı da zaman-zaman eyni durumda olur. Bilirsiniz, mətbuat üçün maraqlı olan jurnalistin baş verən hadisəyə münasibəti yox, həmin hadisənin baş verməsidir. Halbuki baş verən hadisə jurnalistikanın uğuru deyil, bu, birbaşa həyatın uğurudur. Odur ki, baş verən hadisə fonunda jurnalist öz təhlili, şərhi, baxışı ilə uğur qazanmağa çalışmalıdır. Bax, Azərbaycan mətbuatında çatışmayan əsas məsələ budur. Necə ki, fotoqraf şəkli sözsüz verir, bizim mətbuatda da hadisə şərhsiz gedir”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb