Jurnalistlərin xarici dil bilgisi inkişaf etdirilməlidir
Media cameəsi rektorun təklifini dəstəklədilər
"Bu gün ölkəmizdə saytların və jurnalistlərin əksəriyyəti Azərbaycan dillidir. Çox az jurnalist ingilis və rus dilli təmayüllüdür. Bu balansı düzəltmək üçün kifayət qədər güclü potensialımız var”. Bunu Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla deyib. Rektor bildirib ki, universitet öz spesifikası və potensialından istifadə edərək beynəlxalq jurnalistika istiqamətində fəaliyyətini genişləndirmək istəyir: "Biz jurnalistika fakültəsi olan digər universitetlərdən fərqli olaraq tələbələrimizə bu istiqamətdə təhsil bazası verə bilərik və onların gələcəkdə peşəkar kadr kimi yetişməsinə nail ola bilərik”.
K.Abdulla əlavə edib ki, jurnalistika ixtisası üzrə kadrların yetişməsində redaksiyalarda tələbələrlə görüşlər keçirilməlidir:
"Bu, qəzet və jurnalların, saytların da redaksiyalarında ola bilər. Tələbələrin əlaqə qurmaq və təcrübələrini artırmaq üçün yerləri olmalıdır. Biz bunun üçün bəzi peşəkar redaksiyalarla müqavilə imzalaya bilərik. Jurnalistika istiqamətində çalışan insanlarla universitetin tələbələri sıx işləməlidir. Hazırda Azərbaycan Dillər Universitetində jurnalistika və filologiya ixtisasları bir fakültədədir. Gələcəkdə jurnalistikanın və filologiya ixtisaslarının ayrılmasına çalışacağıq”. Rektorun diqqət çəkdiyi məsələ, yəni jurnalistlərin xarici dil bilgisinə sahib olması mütəmadi olaraq gündəmə gətirilir.
Çünki qloballaşma şəraitində hər kəs üçün xarici dil bilmək çox mühüm məsələdir. Tək Azərbaycan dili ilə ölkə həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkün deyil. Bu səbəbdən jurnalistlər öncül dilləri mükəmməl şəkildə mənimsəməli və qərb mediası ilə əməkdaşlıq etməlidir. İstəyimizdən asılı olmayaraq, hazırda bütün dünyada ingilis, fransız və rus dili çox geniş yayılıb. Dünyanın ən mühüm mətbuat orqanları bu dildə yayımlanır.
İstər xəbər almaq, istər xəbər yaymaq üçün rus, ingilis və fransız dilli təcrübəli, peşəkar media nümayəndələrinə çox ehtiyac duyulur. Xüsusən, qlobal informasiya müharibəsinin gedişində xarici dilli mediamızın üzərinə çox böyük yük düşür. Bu məqamda düşmən qüvvələrə qarşı informasiya müharibəsi aparmaq və həmin qüvvələri elə yerindəcə əsaslı faktlarla susdurmaq zərurəti meydana çıxır. Nəzərə almalıyıq ki, məhz xarici dilli mediamızın sayəsində erməni diasporasının birbaşa təsiri altında fəaliyyət göstərərək dövlətçiliyimiz əleyhinə qara piar aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür.
Bu baxımdan, ölkəmizdə ana dilimizlə yanaşı, bir neçə xarici dildə yayımlanan media qurumlarının yaradılmasına xüsusi diqqət ayrılır. Əvvəlki illərlə müqayisədə hazırda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayında ciddi artım müşahidə olunur. Artıq xeyli sayda xəbər agentlikləri mövcuddur ki, təkcə Azərbaycan dilində deyil, eyni zamanda rus, ingilis, fransız və alman dillərində fəaliyyət göstərir. Bu, əslində ölkəmizin doğru istiqamətdə təbliği üçün ən önəmli amillərdəndir, birmənalı olaraq plüralizmdir, mədəniyyət zənginliyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlərlə mütəmadi görüşü zamanı bu məsələyə xüsusi diqqət çəkir. Ölkə başçısı media nümayəndələrinin əcnəbi dil öyrənməsinin, xarici media ilə əlaqə qurmasının vacibliyini vurğulayır və bu istiqamətdə genişmiqyaslı işlərin görülməsini sürətləndirir.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev professorun təklifini alqışlayıb və bu sahədə layihələrin genişləndirilməsini istədiyini deyib: "Təklif olaraq normal təklifdir. Hər bir redaksiyada xarici dilli jurnalistin olması yaxşı xüsusiyyətdir. Ölkə başçısı da Mətbuat Şurasında və digər tədbirlərdə jurnalistlərlə görüşlərində qeyd edib ki, xarici media nümayəndələri aktiv olmalıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların xidmətləri vacibdir. Bu təklifin detallarına baxmaq lazımdır. Elementar səviyyədə xarici dil bilgiləri ilə peşəkar səviyyədə məqalə yazmaq fərqli məqamlardır. Ümumilikdə isə jurnalistin dil bilgilərinin artırılmasında bir dövlət strukturunun, universitetin təklifi təqdirəlayiqdir. Düşünürəm ki, media qurumları bunu dəyərləndirməlidir. Redaksiyaların daxilində söhbət aparılmalı, kimin bu sahədə potensialı varsa, bu istiqamətə yönləndirilməlidir. Əslində bu, yeni təklif deyil. "Azercell” şirkəti uzun illər media mənsubları üçün xarici dil kursları təşkil edib, kursların qalibləri xaricdə dil kurslarında bir neçə həftəlik təcrübə keçiblər. Bu çox effektiv layihədir. Həmin kursların çox sayda təmsilçisi müxtəlif media qurumlarında çalışır, onların dil bilikləri də təkmilləşdirilib. Bu mənada ADU belə təkliflə çıxış edirsə, biz də təklif reallaşdığı təqdirdə məmnuniyyətlə, təşəkkür edərək bu imkandan yararlanmağa şərait yarada bilərik”.
BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da "Şərq”ə açıqlamasında gündəmə gətirilən məsələnin olduqca zəruri olduğunu bildirib:
"İxtisasca beynəlxalq jurnalistikanın həm bakalavr, həm də magistratura pillələrini bitirmiş biri kimi qeyd edə bilərəm ki, bu ixtisasın bakalavr pilləsinə qəbulunun bərpa edilməsi yalnız müsbət nəticələr verəcək. Təəssüf ki, 1995-ci il beynəlxalq jurnalistikaya bakalavr səviyyəsində sonuncu qəbul ili oldu. Düşünürəm ki, beynəlxalq jurnalistikaya qəbulun bərpa edilməsi son dərəcə vacibdir. Ələlxüsus, o səbəbdən ki, bu gün biz informasiya müharibəsindən danışırıqsa, Azərbaycanın media məkanına yad təsirlərdən söhbət açırıqsa, bizə beynəlxalq jurnalistlər olduqca lazımlıdır. Onlar nəinki xarici dil öyrənməli, eyni zamanda beynəlxalq jurnalistikada baş verən bütün problemləri, tendensiyaları və bu sahədəki müəyyən istiqamətləri də bilməlidirlər. Burada sadəcə dil məsələsi deyil, eyni zamanda beynəlxalq jurnalistikanın tədris bazasının formalaşdırılması da önəmli faktordur. Çünki elə ixtisaslar var ki, onların tədris prosesini təşkil etmək üçün bazanın hazırlanması və yetişdirilməsi əsas şərtdir”.
V.Zifəroğlu deyib ki, hazırda BDU-da beynəlxalq jurnalistika üzrə magistratura pilləsinə qəbulun həyata keçirilməsi çox müsbət haldır:
"Bu pilləni bitirənlər müəyyən mənada həmin ixtisas üzrə təhsil almış sayılırlar. Lakin etiraf edək ki, 4 illik bakalavr tədrisi ilə iki illik magistr təhsili eyni deyil. Bu mənada bakalavr səviyyəsinə qəbul çox önəmlidir. Çox yaxşı olardı ki, elə BDU-nun jurnalistika fakültəsinə də, ADU-nun filologiya və jurnalistika fakültəsinə də beynəlxalq jurnalistika üzrə qəbullar həyata keçirilsin. Vurğulamaq istərdim ki, bizim universitetdə bu baza artıq formalaşıb. Həmin ixtisası bitirənlər arasında bu gün BDU-da çalışanlar var. Düşünürəm ki, onların da potensialından istifadə etmək mümkündür”.
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov Kamal Abdullanın bu təklifi ilə razılaşmamağın mümkün olmadığını söyləyib:
"Sadəcə razılaşmadığım məqam ondan ibarətdir ki, hörmətli rektor çox az jurnalistin ingilis və rusdilli olduğunu qeyd edir. Ölkəmizdə rusdilli media orqanları və jurnalistlər kifayət qədərdir. Mən hətta normadan artıq olduğunu düşünürəm. Lakin digər əcnəbidilli peşəkar jurnalistlərə və mətbu orqanlara ehtiyac var. Bu təklif reallaşacağı təqdirdə bunun nəzərə alınması çox vacibdir. Eyni zamanda jurnalistika ixtisası üzrə xaricidilli peşəkar kadrların yetişdirilməsi üçün redaksiyalarla əməkdaşlıq fikirləri alqışlanmalı və dəstəklənməlidir. Çünki ölkəmizin geosiyasi vəziyyəti, düşmənlərimizin bu işdə bizi qabaqlaması da qloballaşan dünyada informasiya yükünün vacibliyini çox vacib qılır. Bu məsələdə geri qalmaq olmaz. Məsələn, mənfur qonşularımız haqsız olduqları halda belə dünya ictimaiyyətində öz lehinə rəy formalaşdıra bilirlər. Bu məsələdə ən aktiv rolu elə məhz xaricidilli erməni jurnalistlər oynayırlar. Daha sonra isə düşmənlərimizin formalaşdırdıqları ictimai rəyi dəyişmək, insanlara haqlı mövqeyimizi çatdırmaq bizlər, dövlətimiz üçün çox çətin, hətta bəzən mümkünsüz olur. Deməli, biz də gec qalınmış lazımi addımları artıq atmalıyıq. Onlardan biri də xaricidilli peşəkar jurnalistlərin yetişdirilməsidir”.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov da rektorun təklifini müsbət qarşılayıb: "Azvision 8 dildə fəaliyyət göstərir. Bunu nəzərə alaraq, təklifə çox məmnuniyyətlə "Hə” deyirik və hər bir əməkdaşlığa hazırıq”.
(Davamı var)
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb