Kəndlinin məhsulu xarab olur

“Bölgələrdə hələ də lazımi sayda soyuducu anbarlar tikilməyib”
“Almaniya, Niderland, hətta Bolqarıstan da kənd təsərrüfatı sahəsində məhz bu sistemlə işlədiyindən böyük uğurlar əldə edirlər”


Hazırda meyvə-tərəvəzin bol vaxtıdır, amma əhali qiymətlərdən yenə narazıdır. Bolluğa baxmayaraq qiymətlərin bahalığından şikayətlənənlər var. Və deyirlər ki, indi bolluqdur, qiymət bahadır, bəs payızda, qışda necə olacaq? Havalar soyuyanda meyvə-tərəvəz də qıt olacaq. Kəndli, fermer isə bahalığın səbəbini becərdiyi məhsulu qışa tədarük edə bilməməsiylə əlaqələndirir.

Məhsulun tədarükü, saxlanması üçün soyuducu anbarların olmadığını əsas gətirir. Fermer məcburdur ki, becərdiyi məhsulu dəyər-dəyməzinə bazara çıxarsın, çünki onsuz da saxlaya bilməyəcək. Belədə fermerlər də qazanc əldə edə bilmir.

İqtisadçı Fuad İbrahimov tədarük məsələsində soyuducu sistemlərin böyük önəm daşıdığını deyir. "Şərq”ə açıqlamasında F.İbrahimov qeyd etdi ki, bölgələrdə hələ də lazımi sayda soyuducu anbarlar tikilməyib:

- Soyuducu anbarların tikilməsinə bu gün böyük ehtiyac var. Məsələn, cənub, qərb zonasında soyuducu anbarlar tikilib. Amma onlar da özəl sektora məxsusdur. Və birmənalı şəkildə kommersiya məqsədi güdür. Amma dövlət tərəfindən soyuducu anbarlar olsa, fermerlər becərdiyi məhsulu ora təhvil verə bilər və bununla da həm məhsul xarab olmaz, həm də qışa tədarük edilmiş olar. Bu gün məlumdur, dövlət tərəfindən kəndliyə kreditlər ayrılır. Məhsul becərilir, amma kəndlini narahat edən budur; məhsul xarab olmayacaq ki? Məhsulu sata biləcəkmi? Hara təhvil verəcək, kimə, neçəyə? İqtisadiyyatda, o cümlədən də prioritet sahə olan kənd təsərrüfatında əsas məsələ strateji yanaşmadır. Tutalım, mənim əlimdə bir balaca sərmayə var, birisi mənə təklif edir ki, İmişlidə pomidor əkək. 

Mən bilməliyəm ki, bu pomidora tələbat varmı, məhsulu becərdikdən sonra əlimdə qalıb xarab olmayacaq ki, onu sata və qazanc əldə edə biləcəyəmmi? Bunun üçün də statistika və tələbatla bağlı dolğun, dəqiq məlumatlara sahib olmalıyam. Bir çox insanlar məhz məlumatsız olduqları üçün və heç bir məlumat əldə edə bilmədiklərindən ziyana uğrayır. Min-bir əziyyətlə becərdikləri məhsuldan qazanc əldə edə bilmirlər. Kənd təsərrüfatının da "yol xəritəsi” olmalıdır. Bilinməlidir ki, bu il hansı məhsula ehtiyac yarana bilər, hansı bölgədə hansı məhsul yetişdirilməlidir. Kortəbii iş aparmaq olmaz. Soyuducu sistemlər də kənd təsərrüfatının vacib bir elementidir. 

Baxın, Mərakeş Azərbaycana il boyu portağal ixrac edir. Deməli, orada soyuducu sistem işi düzgün qurulub. Məhsul yığılır və qorunub saxlanır, tədarük edilir. Sonra da ixrac edilir. Almaniya, Niderland, hətta Bolqarıstan da kənd təsərrüfatı sahəsində məhz bu sistemlə işlədiyindən böyük uğurlar əldə edirlər. Bizdə də bu iş yüksək səviyyədə qurulmalıdır ki, kəndli əziyyət çəkməsin və becərdiyi məhsuldan qazanc əldə edə bilsin.

F.İbrahimov bildirdi ki, yeni təyin olunmuş kənd təsərrüfatı nazirinin bu sahədə işləri qura biləcəyinə ümid edir:

- Kənd təsərrüfatı naziri yeni təyin edilib. Ümidvaram ki, yeni nazir nazirliyin fəaliyyətini strateji əsaslar üzərində quracaq. Ölkə boyu soyuducu sistemlərin yaradılması çox vacibdir. Məncə, dövlət bu işi öz nəzarətinə götürməli və fermerlərə ayrılan kreditlərin bir hissəsi bu işə sərf edilməlidir. Belədə kəndli də məhsulunun qorunub saxlanacağına əmin olacaq.

Məlahət Rzayeva