Könüllülər təhsil sahəsində böyük təcrübə toplayacaq

Amma bu o demək deyil ki, proqramın iştirakçısı olan şəxslər sonradan həmin yerdə mütləq şəkildə işlə təmin olunacaqlar
Yaxşı olar ki, onlarmüəyyən məbləğdə vəsait - əmək haqqı ilə təmin olunsun ki, öz ehtiyaclarını, yol xərclərini ödəyə bilsinlər


Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən V könüllülük proqramına aparılan sənəd qəbulu başa çatıb. İdarədən verilən məlumata görə, V könüllülük proqramında iştirak etmək üçün 100 nəfər könüllü elektron qaydada sənəd verib. Onlardan müvafiq meyarlar üzrə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqlar.

Müsahibədən uğurla keçən şəxslər noyabr ayından etibarən BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar. Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

BŞTİ-nin bu addımını dəyərləndirən təhsil eksperti Kamran Əsədovun "Şərq”ə açıqlamasına görə, Azərbaycanda dövlət müəssisələrində könüllü olaraq gənclərin iş prosesinə cəlb edilməsi ilk dəfə olaraq ASAN xidmət tərəfindən həyata keçirilib:

 "Bu layihə çərçivəsində yüzlərlə insan həm işlə təmin olunmaq, həm də təcrübə qazanmaq imkanı əldə edib. Lakin sonradan ASAN xidmət könüllü kimi fəaliyyət göstərən gəncləri kadr bazasına daxil edib və işçiyə ehtiyacı olan müəssisələr ASAN xidmətin kadr bazasından tələblərə cavab verənləri dəvət edir”.

Ölkəmizdə həyata keçirilən beynəlxalq və yerli tədbirlərdə, yarışlarda könüllü gənclərin fəal iştirak etdiklərini vurğulayan K.Əsədovun sözlərinə görə, bu layihə çərçivəsində Təhsil Nazirliyi də "bir könüllü” proqramı həyata keçirir ki, gənclər burda iş təcrübəsi qazanırlar: 

"Hazırda Bakı şəhəri Təhsil İdarəsi tərəfindən həyata keçirilən bu layihədə iştirak edən gənclər iş təcrübəsi əldə etmiş olurlar. Bu o demək deyil ki, könüllü proqramın iştirakçısı olan şəxslər sonradan həmin yerdə mütləq şəkildə işlə təmin olunacaqlar, sadəcə olaraq, bu layihədə iştirak edən şəxslər sonradan hansısa yerdə işə qəbul zamanı özü haqda məlumatda iş təcrübəsinin olduğunu rəsmi sənədlə təsdiq edə bilər.
Amma təklif edirəm ki, bu könüllü layihəsinin iştirakçıları müəyyən məbləğdə vəsait - əmək haqqı ilə təmin olunsun ki, onlar öz ehtiyaclarını, yol xərclərini ödəyə bilsinlər”.

Şəymən