Manat möhkəmlənir

Azərbaycanda dolların bahalaşması üçün heç bir əsas yoxdur
“Yaxın vaxtda hətta 60 dolları keçə bilər. Belə halda ölkəyə valyuta gəlişi artacaq ki, bu da dollar təklifini artıracaq, tələb tam qarşılanacaq”

Bir müddət əvvəl dollar manata nisbətən kəskin şəkildə bahalaşsa da, son günlər milli valyutamız dollara nisbətən möhkəmlənməyə davam edir.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün üçün USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7010 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dünən USD/AZN rəsmi məzənnəsi 1,7012 manat təşkil edib.

Bəzi ekspertlər isə Mərkəzi Bankın rəsmi məzənnəsində manatın dollara nisbətən güclənməsinə baxmayaraq, valyuta bazarında dolların bahalaşdığını iddia edir.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Elçin Bayramlı dünya bazarında dolların cüzi də olsa ucuzlaşdığını deyib. Məhz bu səbəbdən də Azərbaycanda dolların bahalaşması üçün heç bir əsas yoxdur. Yəni bundan sonra da dünya miqyasında dolların bahalaşması gözlənilmir: 

"Çünki lazım olduğundan daha çox süni şəkildə bahalaşdırılıb ki, bu da Amerika iqtisadiyyatına, xüsusilə ixracına ciddi zərər vurur. Bahalı amerikan malları dünya bazarlarında başqa ölkələrin məhsulları ilə rəqabətdə uduzur və sıradan çıxır. Bu isə istehsalın azalmasına, iş yerlərinin azalmasına, bəzi şirkətlərin müflis olmasına gətirib çıxara bilər. Bunu ABŞ-da yaxşı başa düşürlər, sadəcə dövlətin iqtisadi-siyasi maxinasiyalarının həyata keçirilməsi, Amerikanın düşmənlərinin zəiflədilməsi üçün belə edirlər”.
Müxtəlif hesablamalara istinadən dünyadakı dollar kütləsinin heç 30 faizinin arxasında əmtəə dayanmadığını vurğulayan E.Bayramlı deyib ki, sadəcə, bu "yaşıl kağızlar” kütləvi tirajla dünyaya buraxılıb və dünya ölkələrinin arasında dövr edir, bilirlər ki, heç vaxt bu dollarların hamısı Amerikaya qayıtmayacaq. Yəni, kağız satıb konkret əmtəə əldə ediblər, lakin kimsə o dollarları gətirib ABŞ-dan nəsə alıb apara bilməz, çox sayda məhdudiyyətlər var.

Azərbaycana gəldikdə isə ekspert dolların bahalaşmasının ən azı yarı payının ajiotajla, süni şəkildə dollar yığmaqla bağlı olduğunu deyib: 

"Real tələbat dəfələrlə azdır. Düzdür, axırıncı hərraclarda tələb təklifdən xeyli çox oldu, amma bu da dediyim amillərlə bağlıdır. Döşəyin altındakı dollarlar dövriyyəyə buraxılsa, xaricə çıxarılanlar ölkəyə qaytarılsa, dollar xeyli aşağı düşər.

Mən başa düşmürəm ki, niyə hamı dollar almalıdır, məgər hamı Amerikaya gedir? Hansı ölkəyə gedirsənsə və ya ordan mal gətirirsənsə, o ölkənin valyutasını almalısan. Bu halda dollara tələbat xeyli zəifləyər. Həm də üçqat valyutadəyişməyə ehtiyac olmaz.

Neftin qiyməti bahalaşmağa doğru gedir, OPEK-in ciddi çalışmaları da buna rəvac verəcək. Novakın və OPEK rəhbərlərinin açıqlamalarına görə, yaxın vaxtda hətta 60 dolları keçə bilər. Belə halda ölkəyə valyuta gəlişi artacaq ki, bu da dollar təklifini artıracaq, tələb tam qarşılanacaq”.
Qara bazardakı vəziyyətlə bağlı dəqiq məlumatlı olmadığını qeyd edən E.Bayramlı hesab edir ki, Mərkəzi Bankın rəsmi məzənnəsinə baxmaq kifayətdir ki, prosesin hansı istiqamətdə getdiyini görəsən.

Şəymən