Media ombudsmanı institutu zamanın tələbidir

Jurnalistlərin informasiya əldə etməsində çətinliklər qalır
Bu cür məsələləri mətbuat üzrə müvəkkil həll etməlidir



(Əvvəli ötən sayımızda)

Hazırda Azərbaycanda media ombudsmanının səlahiyyətlərini İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova yerinə yetirir. Lakin jurnalistlərin media ombudsmanının fəaliyyətinə birmənalı münasibəti yoxdur. Bəziləri bu təsisatların ayrılmasının tərəfdarıdır. Qeyd edilir ki, hər təsisata ayrı şəxs rəhbərlik etməlidir, yaxud da əlavə ştatlar ayrılmalıdır. Elə bu günlərdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov növbəti dəfə Azərbaycanda informasiya ombudsmanının yaradılması təklifi ilə çıxış edib: "Təəssüflər olsun ki, ombudsmanın 2017-ci il üzrə illik məruzəsinin "İnformasiya əldə etmək azadlığı” bölməsi ilə bağlı müsbət fikir söyləyə bilmərəm. Bu bölmədə görülən işlərlə bağlı söhbət açmaq əvəzinə, ümumi xarakterli köhnə məlumatlar, təkrar tövsiyələr yer alır”.

Ə.Amaşov bildirib ki, hesabatda ombudsmanın "İnformasiya əldə etmək haqqında” qanunun tələblərindən irəli gələn vəzifələri tam yerinə yetirməsi görünmür. Söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyətin quruculuğunun əsas şərtidir. MŞ sədri bildirib ki, dövlət bu istiqamətdəki proseslərə böyük önəm və dəstək verib: "Belə olan halda müvəkkilin "İnformasiya əldə etmək haqqında” qanundan irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür. Neçə ildir ki, hesabatda ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşdirilməsi məqsədilə ştat və maliyyənin ayrılması üçün Nazirlər Kabineti və Maliyyə Nazirliyinə müraciətindən bəhs olunur. Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Bu məsələ ciddi şəkildə öyrənilməlidir. Burada maraqlı olmayanların kimliyini bilməliyik. Milli Məclis səviyyəsində də bu məsələyə münasibət bildirilməlidir”.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadənin sözlərinə görə, Azərbaycanda media ombudsmanının yaradılması zamanın tələbidir. Fikrimcə, Mətbuat Şurasının sədri cənab Əflatun Amaşov reallıqdan çıxış edərək, Elmira Süleymanovanın fəaliyyətinə tənqidi münasibət bildirib: "Mən də o fikirdəyəm ki, Ombudsman Aparatı "İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə tam olaraq əməl etmir. Ola bilsin ki, bu, Ombudsman Aparatının əməkdaşlarının sayının azlığı, işlərinin çoxluğu ilə bağlıdır. Mən sözügedən qurumda iki-üç əməkdaşın sayını artırmaqla bu problemin həll ediləcəyinə inanmıram. Hesab edirəm ki, Azərbaycanda Media Ombudsmanının fəaliyyətə başlamasının vaxtı çatıb. Media Ombudsmanı ayrıca institut kimi fəaliyyət göstərməlidir. Bu qurumun Mətbuat Şurası ilə əməkdaşlığı mövcud problemlərin aradan qalxmasını sürətləndirə bilər”.
Media hüquqları üzrə ekspert Ələsgər Məmmədlinin qənaətincə, Azərbaycanda nə hüquqda, nə də praktikada media ombudsmanı anlayışı var. Onun sözlərinə görə, insan hüquqları ombudsmanının səlahiyyətlərinə media sahəsi deyil, informasiya əldə edilməsi ilə bağlı məsələlər daxil idi. Bunu da "İnformasiya əldə edilməsi haqda qanun” tələb edirdi: "Amma təəssüf ki, qanun qüvvədə olduğu müddətdə - 2005-2012-ci illərdə informasiya ombudsmanlığı qurulmadı. Özünü doğruldub-doğrultmadığını onda demək olardı ki, ombudsman təyin edərdik. Biz desək ki, bugünkü ombudsman informasiya əldə edilməsi ilə bağlı işin öhdəsindən gəlmədi, özünü bu işdə doğrultmadı, bu, daha düzgün olardı. Amma media ombudsmanı qurulmayıb! Çünki qanun icra edilmədi”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də hesab edir ki, media ombudsmanının yaradılması ideyası lazımlıdır. Xüsusilə də Azərbaycan kimi ölkədə belə bir strukturun olması vacibdir: "Media ombudsmanı "İnformasiya əldə etmək haqqında” qanuna əsasən nəzərdə tutulurdu. Heç kimə də sirr deyil ki, bizdə informasiyanın alınması sahəsində problemlər var. Qanuna görə jurnalist informasiyanı ala bilməyəndə, ona ombudsman kömək etməlidir. Hələlik informasiya ombudsmanı fəaliyyətə başlamayıb. Onun hüquqları insan hüquqları üzrə müvəkkilə verildi, o da öz aparatında şöbə yaratmalıdır. Yalnız bu şöbə yaradılandan sonra onun necə fəaliyyət göstərəcəyini görmək olar. Amma şəxsi qənaətim belədir ki, informasiya ombudsmanı ixtisasca hüquqşünas olan və böyük jurnalist təcrübəsinə malik şəxs olmayınca, onun fəaliyyəti effektiv olmayacaq”.

Publika.az saytının redaktoru Aqil Lətifov Media Ombudsmanının ayrıca qurum kimi fəaliyyət göstərməsi məsələsinin zaman-zaman gündəmə gətirildiyini və ətrafında heç bir nəticəsi olmayan müzakirələr aparıldığını, növbəti müzakirələrə qədər isə unudulduğunu deyib: "Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkədə Media Ombudsmanı institutunun yaradılması nəzərdə tutulurdu. Lakin 2010-cu ildə bu səlahiyyət Ombudsman Aparatına verildi. Bugünədək qurumun fəaliyyəti ilə bağlı hansısa məlumatın olmaması şübhəsiz ki, uğursuz fəaliyyətin xəbərçisidir. Əslində bu səlahiyyət Ombudsman Aparatına veriləndə vəziyyətin necə olacağını təxmin etmək çətin deyildi. Çünki Ombudsman Aparatının media ilə bağlı hansısa qanunun icrasına effektiv nəzarət etməsi, bu sahədə əməli iş aparması üçün nə gərəkli kadr, nə də ki, maliyyə və texniki bazası var.
Digər tərəfdən media spesifik sahədir. Və bu sahənin Ombudsmanı funksiyasını İnsan hüquqları üzrə müvəkkilin yerinə yetirməsi heç də asan məsələ deyil. Hətta deyərdim ki, mümkünsüzdür”.

Onun sözlərinə görə, insan hüquqları sahəsindəki işlərin çoxluğu da Media Ombudsmanının ayrıca institut kimi fəaliyyət göstərməsini zərurətə çevirən amillərdəndir:

"İnsan haqlarının böyük bir sahə olduğunu, habelə bu istiqamətdə görüləcək işlərin çoxluğunu nəzərə aldıqda Ombudsmanın bütün bunlarla yanaşı, media sahəsinə də nəzarət etməsi fiziki cəhətdən qeyri-mümkündür. Bu, eyni zamanda İnsan hüquqları üzrə müvəkkilin media ilə bağlı dəyərləndirmələrində müəyyən qüsurların, problemlərin olmasını da mümkünsüz etmir. Fikrimcə, bütün bunlar Media Ombudsmanın ayrıca institut kimi fəaliyyət göstərməsini şərtləndirən səbəblərdəndir. Eyni zamanda Media Ombudsmanının şəxs kimi kimliyi və peşəsi də vacib elementdir. Yəni media üzrə Ombudsman olan şəxsin təkcə hüquqi biliyi yetərli deyil, mütləq onun media sahəsində peşəkar kimliyi olmalıdır. Kəsəsi, Media Ombudsmanı ayrıca institut kimi fəaliyyətə başlamalı və media nəzəriyyəsini, hüququnu, qanunvericiliyini bilən, həmçinin bu sahədə püxtələşən bir şəxsin rəhbərliyi altında iş aparmalıdır. Belə bir fəaliyyət daha məqsədəuyğun olar”.

Redaktorun sözlərinə görə, Media Ombudsmanının yaradılması daha çox medianın informasiya alması ilə bağlıdır. Burada medianın inkişafından çox, onun informasiyaya çatımlılıq problemi əsasdır. Düzdür, Azərbaycan dövlətinin bu sahəyə böyük qayğısı, diqqəti var və bu, hər kəsə bəllidir. Medianın sürətlə inkişafı, azad şəkildə fəaliyyət göstərməsi dövlətimizin ümdə vəzifələrindəndir. Bunun nəticəsidir ki, sözügedən sahədə müntəzəm olaraq lazımi addımlar atılır. Lakin Media Ombudsmanının ayrıca institut kimi fəaliyyət göstərməsi şübhəsiz ki, bu fəaliyyəti daha da yüngülləşdirər, habelə daha məhsuldar iş aparılmasına gətirib çıxarar. Bu, media üçün yeni bir səhifənin açılması istiqamətində də mühüm rol oynaya bilər.

"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev media ombudsmanının real iş təcrübəsinə, daha doğrusu, hansı işlər gördükləri, mətbuata informasiya əldə etməklə bağlı hansısa hüquqi və əməli yardım göstərmələrinə təsadüf etmədiyini təəssüflə qeyd edib: 

"Yəni aktiv jurnalistikada olan biri kimi media ombudsmanının bu sahədə konkret hansı işlər görməsindən xəbərsizəm. Ümumiyyətlə, bugünədək media ombudsmanı institutunun strukturunun hələ də formalaşdırılmaması belə deməyə əsas verir ki, Elmira Süleymanova bu işə elə də ciddi maraq göstərmir. Xatırlayırsınızsa, 2005-ci ildə qəbul olunmuş "İnformasiya əldə etmək haqqında” qanunda media ombudsmanı institutunun yaradılması nəzərdə tutulmuşdu, lakin bu proses 2010-cu ilə kimi gecikdi. Qanunda mətbuat üzrə ayrıca media ombudsmanı institutunun yaradılması yer alırdı. Təəssüf ki, bizi bunu görmədik, əksinə, bu sahənin icrası İnsan hüquqları üzrə müvəkkilə həvalə olundu. Lakin media cameəsi ayrıca ombudsmanın yaradılmasını gözləyirdi. Düşünürdük ki, bu qurum jurnalistlərin informasiya əldə etmək probleminin aradan qaldırılmasına öz töhfəsini verə bilər. Gəlin açıq etiraf edək ki, media ombudsmanının mövcudluğu yalnız Elmira Süleymanovanın parlamentdə hər il verdiyi hesabatdan sonra yadımıza düşür. Bu fakt acı da olsa, reallıqdır. Artıq 7-8 ildir media ombudsmanı səlahiyyətlərinin icrası ilə bağlı strukturlaşmada heç bir yenilik və konkret iş görülmür, layihələr yox dərəcəsindədir, sadəcə quru statistika var ki, bu da heç kimə lazım deyil. Görünür, kimlərsə media ombudsmanının aktiv fəaliyyətində maraqlı deyillər”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb