“Mən özümü zəif sənətçi hesab etmirəm ki, kiməsə paxıllıq edim”
Nazpəri Dostəliyeva: “Səhnədən kənarda qaldığım müddətdə yaltaqların əsl üzünü gördüm”
Xalq artisti Nazpəri Dostəliyevanın efirlərə qadağası götürüldükdən sonra yaradıcılığında əməlli-başlı dirçəliş hiss olunmağa başladı. Sənətçi xeyli vaxtdır üzərində çalışdığı layihələrini tamaşaçılarına təqdim etmək üçün ciddi çalışmağa başlayıb. Bunu müşahidə etmək üçün yeni klipin çəkilişlərini izləmək bəs edir. Sözləri Sona Vəliyevaya, musiqisi Ruslan Səfəroğluna məxsus olan "Çinar” mahnısına çəkilən klip də görülən işin əsas parçasıdır.
Xalq artisti "Şərq”ə açıqlamasında yeniliklərindən danışdı: "Əslində mən heç vaxt boş oturmamışam. Efirlərdə olmayan müddətdə də çalışmışam. Bu müddətdə gözəl mahnılar lentə aldırmışam. Hamı bilir ki, mən qeyri-professional musiqiləri repertuarıma daxil etmirəm. Mənim üçün mahnının sözləri, musiqisi önəm daşıyır. Mahnının sözü ilə musiqisi vəhdət təşkil etməlidir. Bu günlərdə "Çinar” adlı bəstəyə klip çəkilişlərinə başladıq. Sözləri hörmətli ziyalı xanımımız Sona xanım Vəliyevaya məxsusdu. Uzun fasilədən sonra bu musiqi ilə yenidən ekran işlərinə start verməyə qərar verdik. Yenə deyirəm, o qədər yeni layihələr var ki, hansını ilk reallaşdırmağıma qərar verə bilmirəm. Düzünü desəm, səhnə üçün da yaman darıxmışam” söylədi.
"Əslində o qədər səhnə ilə bağlı istəklərim, planlarım var ki... Təbii ki, konsert proqramı ilə də çıxış etmək barədə düşünürəm. Sadəcə mən konsert xatirinə proqram qurub səhnəyə çıxa bilmərəm. Çünki sənətə ciddi yanaşan bir sənətçiyəm. Solo konsert sənətkarın, müğənninin özünə və tamaşaçısına hesabatı kimi qəbul olunur. Mən konsert verəcəmsə, məni sevən pərəstişkarlarım qarşısında məsuliyyətimi hiss etməliyəm. Sən neçə ilin sənətkarı olursan ol, tamaşaçıya qarşı məsuliyyətin yoxdusa, demək ki, sənətin tükənib. Ona görə də solo konsertə xüsusi bir hazırlıq olmalıdır. Mənim özümə verəcəyim bir hesabatım olmalıdı. Təbii ki, solo konsert mütləq olacaq. Sadəcə bunun üçün bəzi işlərimi də qaydasına qoymalıyam. Bir çox yeni mahnılarım var, onlar tam hazır olduqdan sonra konsert də olacaq. Bir neçə layihə var ki, bunları reallaşdırmağı düşünürəm. İnşallah, Heydər Əliyev adına Sarayda böyük solo konsertim olacaq. Mənim tamaşaçılarım bunu məndən gözləyirlər. Xarici ölkələrdən də bəzi konsert təklifləri almışam. Onları da dəyərləndirməyi düşünürəm”.
Sənətçi son 2-3 il ərzində sənət aləmində olan həmkarlarının da xüsusiyyətlərini vurğulayaraq fikirlərini dilə gətirdi: "Əvvəla, mən özümü zəif sənətçi hesab etmirəm ki, kiməsə paxıllıq edim. Qaldı mənə qarşı olan paxıllıqlara, bunu da normal qəbul edə bilirəm. İstedad, səs, səhnə duruşunu Allah hər kəsə qismət etməyib. Bəziləri ondan-bundan bir az nəsə oğurlayır ki, bəlkə özünü göstərə bilsin. Bu da alınmır. Çünki quyuya su tökməklə quyu sulu olmaz. Bunu nə yazıq ki, bəzi səhnədə olanlar bilmir. Mən yenə də qeyd edirəm ki, kimsəyə də söz atmaq niyyətim yoxdu. Söz atmağı zəif sənətçilər edir. Çünki səsini göstərmək imkanı yoxdu. Mənim sözüm həmişə ifamla, sənətimlə olub. Şükür Allaha ki, sevənlərim var. Onlar məni yaşadır, onlar mənə ruh verir. Ən çətin günümdə də onlar mənə sevgilərini hiss etdiriblər. Paxıllıq edən insanlara isə yazığım gəlir. Hamı Nazpəri ola bilməz ki. Bir müddət meydan boş qaldı, kənardan da müşahidə etmək imkanı oldu. Kimin yerini dar edirəmsə, o meydandan yenə istifadə edə bilmədilər. Çünki əsl sənətkarların yerini doldurmaq olmur. Mən bircə onu deyə bilərəm ki, içim yaradıcılıq yenilikləri ilə aşıb-daşır. Ona görə də ancaq sənətlə məşğul olmağa vaxtım olur. Tələbələrim var, pedaqoq olaraq çalışıram, bunlar da məni həyata bağlayır”.
Nazpəri Dostəliyeva uzun müddət səhnədə olmasa da, bu vaxt ərzində kənardan sənət aləmini müşahidə etmək imkanı olduğunu qeyd edərək "Həqiqətən kənardan nələrisə izləməyə vaxtım oldu. Özünüz də görə bildiniz. Bəzi həmkarlarımı mənim yerim narahat edirdi, mən meydanı da onlara verdim. Amma doldura bilmədilər. Bunun siz də, tamaşaçılar da şahidi oldunuz. Bu, onların acizliyidi. Təbii ki, aciz adam zəif olur, yalançı olur, paxıl olur, yaltaq olur. Bu insanların aqibəti isə heç də yaxşı bitmir. Mən uzun müddət kənarda qaldım, bu müddətdə Nazpərinin mahnılarına da tələbat var idi, sevgiləri də azalmadı. Mən səhnədə olmayanda da nə özüm, nə musiqilərim yaddan çıxdı. Amma hər gün efirdə, gündəmdə olanlar ki var, onlar elə bildilər yerimi tuta bilərlər. Alınmadı. Allah onların axırını xeyir etsin” bildirdi.
"Səhnədən kənarda qaldığınız müddətdə zaman sizə nəyi öyrətdi” sualımıza cavab verən Xalq artisti "Maraqlı sualdı. Bu müddət mənə həyatda möhkəm olmağı, səbirli olmağı öyrətdi. Mənə bir az təmkinli olmağı göstərdi. Öyrəndim ki, güclü olmaq üçün səbr etmək lazımdı. Kənarda olanda cılızları daha rahat görə bildim, özümü daha da ucada görməyi öyrətdi. Yaltaqların əsl üzünü görə bildim. Sınaq müddəti oldu, amma bu sınaqdan üzüağ çıxdım. Məndən qorxanlar mənim gücümü görüb daha da qorxmağa başladılar. Mən də sınaqdan keçdim, mənim də sınağımdan keçənlər oldu. O sınaqdan keçənlərin isə sayı çox az oldu. Çox az adam o sınaqdan keçdi. Etibar etdiyim, çox güvəndiyim insanlar, dost dediyim insanlar var idi ki, bu sınaqdan keçə bilmədilər. Amma az da olsa insanlar oldu ki, dostluqlarını sübut etdilər. Mən dilə gətirməsəm də, əslində elələri var ki, onları tanıya bildim. Yenə deyirəm, bu bir sınaq idi. Bu sınaq mənə insanları tanıtdı. Bu sınaq mənə bir daha güclü olmağı öyrətdi” söylədi.
Tahirə Məmmədqızı