"Mobil telefon alarkan mütləq müqavilə bağlayın !" - Dələduzlar artıb

Əhrəman Göyüşov: "Bir şəxs telefon mağazasından kredit müqaviləsi bağlayaraq telefon alır. Sonradan həmin mobil telefonu nağd qiymətinə və heç bir sənədləşmə aparmadan başqa bir mağazaya daha ucuz qiymətə satır"
"Belə telefonlar ucuz olduğuna görə, tez satılır. İlkin alıcı öz üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyindən telefon blok edilir. Nəticədə isə sonuncu alıcıya maddi ziyan dəyir, hüquqları pozulur"






Mobil telefonlar demək olar ki, bütün sahələrdə kütləvi şəkildə istifadə olunur. Buna görə, telefon alqı-satqısı da gündən-günə artır. Təbii olaraq, bu məsələdə problemlər də ortaya çıxır. Bəzi hallarda telefon alqı-satqısı qeyri-qanuni formada aparıldığından alıcıların istehlakçı hüquqları kobud şəkildə pozulur.

Belə mənfi hallardan biri də nağd alınan telefonun sonradan kredit borcu səbəbindən bağlanmasıdır. Nəticədə alıcını da, telefonu satan mağaza sahiblərini də çaş-baş salan bu durum narazılıqlara səbəb olur. İstehlakçı öz haqqını tələb edir, mağaza isə bu işdə günahkar olmadığını bildirir.

Son zamanlar çox rastlaşdığımız bu hadisələr barədə "Sherg.az”a danışan hüquqşünas Əhrəman Göyüşovun sözlərinə görə, mobil telefonun mülkiyyətçisi olmayan mağazalar və ya şəxslər tərəfindən satılması qanunsuzdur:

"Məsələn, bir şəxs telefon mağazasından kredit müqaviləsi bağlayaraq telefon alır. Sonradan həmin mobil telefonu nağd qiymətinə və heç bir sənədləşmə aparmadan başqa bir mağazaya daha ucuz qiymətə satır. Telefon mağazada nisbətən ucuz olduğuna görə, müştərilərin diqqətini daha çox cəlb edir, tez satılır. Problem də bu zaman ortaya çıxır. Belə ki, ilkin alıcı kredit müqaviləsinə görə, öz üzərinə götürdüyü öhdəliyi vaxtında, lazımi qaydada yerinə yetirmədiyindən telefonun istifadəsi məhdudlaşdırılır, blok edilir. Nəticədə isə sonuncu alıcıya maddi ziyan dəyir, həmçinin hüquqları pozulur.

Mülki Qanunvericilikdə "vicdanlı əldə edən” deyə ifadə var. Qanuna əsasən, əşyanı alan şəxs onun ilkin olaraq kimə aid olduğunu bilmirsə, əşyanın mülkiyyətçisi sayılır. Əgər alıcı telefonu satanın mülkiyyətçi olmadığını bilirsə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

Xüsusi diqqət yetirilməli məsələ, vicdanlı əldə edənin, yəni sonuncu alıcının aldığı mobil telefonun məhz mağazaya məxsus olduğunu bilməsidir. Şəxs vicdanlı alıcıdırsa, kredit müqaviləsi üzrə öhdəliklər birinci alıcı tərəfindən yerinə yetirilməlidir. Bu təmin edilmədikdə vicdanlı alıcının mobil telefondan istifadə hüququ məhdudlaşdırılır. Nəticədə onun istehlakçı hüquqları pozulur. Belə halla qarşılaşan alıcı məhkəməyə müraciət edə bilər. Bununla ona dəymiş maddi və mənəvi zərəri tələb etmək hüququ da var”.

Hüquqşünas onu da əlavə edib ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət edənlər çox az, hətta demək olar, yoxdur:

"Çünki insanlar daha dəyərli daşınar və daşınmaz əmlak əldə edərkən mütləq müqavilə bağlayır. Bu cür kiçik əşyaları aldıqda isə adətən müqavilə bağlanılmır. Bu isə məhkəmə prosesində sübut etməni çətinləşdirir. Ona görə, yaxşı olar, alıcılar diqqətli olsunlar. Mobil telefon kimi əşyaları belə əldə edərkən mütləq müqavilə bağlanılsın, müvafiq sənədləşmə işləri aparılsın”.

Aysel Aslan