Mövqeyimiz dəyişməyəcək

Artıq Dağlıq Qarabağ danışıqlarında dünya dövlətləri Azərbaycanı güclü tərəf kimi görür



Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşündən sonra hər iki ölkənin Xarici işlər naziri Moskvada danışıqlar masasına əyləşib. Amma hər iki görüşdən heç bir nəticə əldə edilmədi. Səbəb isə Ermənistan rəsmilərinin danışıqlar masasında üçüncü tərəf kimi qondarma rejimin də iştirak etməsi tələbidir.

Məsələyə münasibət bildirən politoloq Tofiq Abbasov "Sherg.az”a söyləyib ki, artıq Dağlıq Qarabağ danışıqlarında dünya dövlətləri Azərbaycanı güclü tərəf kimi görür.

"Bu da münaqişənin həllində mühüm rol oynayır. Çünki Qafqaz bölgəsində Azərbaycanın rəqibləri güclüdür. Bir tərəfdən də öz mövqeyini Azərbaycana sırımağa çalışan və heç bir nəticə əldə etməyən Ermənistan var. Ona görə də dünya birliyi Dağlıq Qarabağ ətrafında gedən danışıqlarında Azərbaycanın mövqeyini qəbul edir və ölkəmizi anlayır. 

Azərbaycan tərəfi birmənalı şəkildə bildirib ki, Dağlıq Qarabağ danışıqlarında qondarma rejimin iştirakı qeyri-mümkündür. Biz buna imkan verməyəcəyik. Hətta həm ATƏT-in Minsk Qrupu ölkələri, həm də digər dövlətlər anlayır ki, güclü tərəf kimi Azərbaycan bu problemə heç vaxt rəvac yaratmayacaq. 

Fikrimcə, bu, düzgün yanaşmadır. Çünki hər zaman Azərbaycan tərəfinin mövqeyi dəyişməz və bəlli olub, sona qədər də belə qalacaq. 

Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəsə, Azərbaycanın dediklərini qəbul etməlidir. Bu baxımdan da düşünürəm ki, münaqişənin həllində Azərbaycan tərəfi heç bir problemlə qarşılaşmayacaq. Ən yaxın zamanlarda rəsmi Bakı hərbi, siyasi vəziyyəti köklü surətdə öz tərəfinə dəyişəcək”.

Kənan Eynuroğlu