"Neft baha olanda Azərbaycanın idxaldan asılılığı yüksək idi, amma..."

Vüqar Bayramov: "Artıq neftin qiyməti yüksək deyil və əsas məqsəd ölkədə valyutanın qaldırılmasıdır. Yerli istehsalın artırılması da bu baxımdan vacibdir"

"Kənd təsərrüfatı sahəsində inkişaf 2014-cü ildən başlayaraq qeydə alınıb”.

Bunu Sherg.az-a kənd təsərrüfatı və iqtisadiyyatın hazırkı inkişaf göstəricilərini izah edərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, əvvəlki illərdə də aqrar sahədə inkişaf özünü göstərirdi:

"Postneft dövründə neftin qiymətinin ucuzlaşmasına görə, bu sahəyə maraq daha da artdı. Aqrar sahənin inkişafı daxili tələbatın ödənilməsi baxımından vacib olduğu kimi idxaldan asılılığın aradan qaldırılmasında da əhəmiyyətlidir. Neftin qiymətinin yüksək olduğu dövrlərdə Azərbaycanın idxaldan asılılığı kifayət qədər yüksək idi. Artıq neftin qiyməti yüksək deyil və əsas məqsəd ölkədə valyutanın qaldırılmasıdır. Yerli istehsalın artırılması da bu baxımdan vacibdir.

İkinci tərəfdən qeyri-neft sahəsinin 65 faizi aqrar sahənin payına düşür. Qeyri-neft ixracatında bu sahə dominant olaraq qalır. Məşğulluğun artırılması baxımından da aqrar sahə vacibdir. Çünki məşğul əhalinin 37 faizi kənd təsərrüfatında çalışır. Ona görə, məşğulluq baxımından da kənd təsərrüfatının rolu danılmazdır”.

Aqrar sahədəki vəziyyəti qiymətləndirən V. Bayramov bu il aqrar sahədə artımın qeydə alındığını vurğulayıb:

"Bu da ilin ikinci yarısında istehsal edilən məhsulların həcminin artması ilə bağlıdır. Nəticədə xüsusilə aqrar məhsulların idxalının azalmasına səbəb olub. Dövlət başçısının sərəncamı ilə 2018-ci ilin yanvarınadək aqrar idxal qadağan edilib. Bununla da idxal məhsullarının həcmində azalmalar var.

Ölkədə aqrar sahədə mövcud potensialdan istifadə edilməsi, aqrar məhsulların ixracının artırılması və daxili bazara daha çox kənd təsərrüfatı məhsullarının çıxarılmasına ehtiyac var. Nəticə etibarı ilə həm idxaldan asılılığın aradan qaldırılması, həm də yerli istehlakın yerli istehsal üzərindən ödənilməsi həyata keçirilə bilər”.

Aysel Aslan