Neftin bahalaşması işimizə yarayır

Azərbaycan hələ də neft gəlirlərindən asılı olan ölkələr sırasındadı




Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə çox ciddi yanaşdığını vurğulayan energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, Azərbaycan qəbul ediləcəyi təqdirdə, OPEK+ sazişinin uzadılması haqqında qərarı dəstəkləyəcək.

Nazirin sözlərinə görə, neft bazarındakı stabillik ölkəmizin maraqları çərçivəsindədir: "Bu səbəbdən OPEK+ sazişinə qoşulmuşuq. Biz hesab edirik ki, bu istiqamətdə müəyyən addımların atılması mümkündür. Zaman göstərdi ki, Vyanadakı saziş özünü doğrultdu. Bu, böyük nailiyyətdir”.


Noyabrda OPEK ölkələrinin konfransının keçiriləcəyini vurğulayan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib ki, məhz bu toplantı zamanı ortaq qərar qəbul ediləcək ki, Vyana sazişi 2018-ci ildə davam etdirilsin, yoxsa müəyyən düzəlişlər edilsin: 

"Ancaq may ayında OPEK ölkələrinin qəbul etdiyi qərar o olub ki, 2016-cı ilin dekabr ayında qəbul olunan qərar 2018-ci ilin mart ayının sonuna qədər qüvvədə saxlanılsın”. İ.Şabanın sözlərinə görə, burada əsas məqsəd neftin qiymətinin ədalətli çərçivədə tənzimlənməsinə dəstək olmaqdır: "2017-ci ilin ötən 10 ayı ərzindəki qiymət tənzimləməsinə nəzər salsaq, görərik ki, dünya bazarında neftin qiyməti 50 dollar çərçivəsində bərqərar olub. İqtisadiyyatları neftdən asılı olan ölkələr də bundan kifayət qədər yararlanıb. Bütün bunların fonunda demək olar ki, OPEK və qeyri OPEK ölkələri bir il öncə qəbul edilən qərarları dəstəkləyir və sazişinin uzadılmasına çalışacaqlar”.

Azərbaycanın Vyana sazişinə münasibətinin hər zaman birmənalı olduğunu qeyd edən ekspert deyib ki, faktiki olaraq ölkə ixracının 90 faizi enerji məhsullarından asılıdır:

"İllərdir qeyri-neft sektorunun inkişafına istiqamətlənən islahatlar keçirilsə də, oradan gələn gəlir büdcənin və dövlətin təminatı üçün yetərli hesab olunmur. Biz hələ də neft gəlirlərindən asılı olan ölkələr sırasındayıq. Bu, ölkəmizin əlavə gəlirlər əldə etməsi ümün neftin qiymətinin bahalaşması bizim maraqlarımıza uyğundur”.

Şəymən