
Nemət Pənahlının özü “KQB” yolu keçib
Cümşüd Nuriyev və Sabir Rüstəmxanlı ittihamlara sərt cavab verdi

Bu günlərdə Milli Dövlətçilik Partiyasının sədri, Milli Azadlıq Hərəkatının öncüllərindən olan Nemət Pənahlı mətbuata ittiham dolu açıqlamalar verib. Ölkəmizin 18 oktyabr Müstəqillik günündən söz açan təşkilat sədri 43 istiqlalçı deputatı SSRİ "KQB”-nin agenti olmaqda günahlandırıb. "Demblokun” Milli Azadlıq Hərəkatını boğmaq məqsədilə yaradıldığını iddia edən N.Pənahlı bəyan edib ki, Sovet imperiyası dövründə bir adam tanımıram ki, SSRİ "KQB”-nin razılığı olmadan deputat seçilsin: "Həmin 43 deputat da 100 faiz "KQB”-nin razılığı ilə seçilmişdi”.
İttihamı cavablandıran istiqlalçı deputat, siyasi elmlər doktoru Cümşüd Nuriyev "Şərq”ə söyləyib ki, 1990-cı ildə Azərbaycan öz mövqeyini kifayət qədər açıq söyləyə bilirdi. Ona görə də, SSRİ "KQB”-sinin razılığına ehtiyac yox idi. Görünür, Nemətin özü Milli Azadlıq Hərəkatına "KQB”-nin tapşırığı ilə gəlib. Milli Azadlıq Hərəkatında Nümayiş Komitəsinin üzvü olan bir adam kimi onu deyə bilərəm ki, o vaxt Bakıda həbslər başlayandan sonra meydanda olanların əksəriyyətini ya partiya göndərmişdi, ya da onların "KQB” ilə əlaqəsi var idi. Nümayiş komitəsində istiqlalçı deputatlar sırasında mən, Firudin Cəlilov, Sabir Rüstəmxanlı, Etibar Məmmədov vardıq. Bizim izahatlar da olub. Hər şey ortadadır. Nemət bu iqtidardan yanıqlıdır. Halbuki vaxtilə bu iqtidarın yanında idi. Surət Hüseynovla bütün danışıqlara Nemət gedirdi. Nemət nə vaxtdan belə ağıllı siyasətçi olub ki, belə danışır. Düzdü, bu günlərdə istiqlalçı deputatlar yığışanda Neməti də gördüm. Adi bir adam kimi salamlaşdım. Onun Milli Azadlıq Hərəkatında rolu və yeri var. Amma necə olur ki, Azərbaycanın tarixindən yazan Sabir Rüstəmxanlı "KQB”-nin adamı olur, belə bir ziyalını meydana "KQB” göndərir, amma adicə "Leytenant Şmidt” zavodunda fəhlə işləyən, düşüncə tərzi, milli məfkurəsi Azərbaycanın ovaxtkı təbiətinə uymayan adamın özü gəlib meydana çıxır və meydanı ələ keçirir? Bilirsinizmi, həmişə xain adamlar xoflu olur”.
C.Nuriyevin fikrincə, N.Pənahlının özü "KQB” yolu keçdiyinə görə, düşünür ki, başqaları da o yolla gəlib: "Amma elə deyil. SSRİ dağılmasa idi, həmin istiqlalçı deputatların hamısını tutacaqdılar. O vaxt Azərbaycan Ali Sovetinin rəyasət heyətinin üzvü idim. Biz 5 nəfəri - BDU-nun professoru Məmməd Xələfov, rəhmətlik Aydın Məmmədov, Bayram Bayramov, Sabir Rüstəmxanlı və məni rəyasət heyətindən çıxarmaq üçün məsələ qaldırdılar. Bizi rəyasət heyətindən çıxarırdılar, Ayaz Mütəllibov qoymadı. Xəbər A.Mütəllibova gedib çatanda buna imkan vermədi. İndi gəlib bizi elə məsələlərdə ittiham edirlər ki, adam bir az abırına qısılır. Amma Nemətin bir yanaşması düzdü ki, müstəqilliyə səs verən 43 istiqlalçı deputatın bəziləri siyasi möhtəkirliklə məşğuldur. Mirmahmud ağa və Hicran Kərimlini çıxmaq şərtilə qalanların hamısı bu və ya digər vaxtı hakimiyyətdə təmsil olunublar. İkincisi, bu adamlar hakimiyyət istəmək üçün səs vermişdilərsə, bu, siyasi möhtəkirlikdən başqa bir şey deyil.
C.Nuriyev N.Pənahlıya maraqlı xatırlatma edib: "1991-ci ildə vertolyot vurulandan sonra noyabrın 26-da Dağlıq Qarabağın statusu ləğv olundu. Ondan sonra qərar qəbul olundu ki, parlamentdə 360 nəfər çoxdur. Mobil parlament formalaşsın. Azərbaycan "Müstəqillik aktını” qəbul edəndən sonra Milli Şura məsələsi gündəmə gəldi. Orda cəmi 30 nəfər müxalifətçi vardı. Onlardan 25 nəfər, bitərəf 25 nəfər isə kommunist idi. Əslində burada da paritet pozuldu. Amma bütün hallarda mən ora bitərəf kimi düşmüşəm. Heç bir partiyanın üzvü olmamışam. Bu o demək deyil ki, bizi ora "KQB” qoyub. Bundan başqa Nemət Pənahlıdan fərqli olaraq Qarabağ müharibəsi iştirakçısıyam. Və mənim bəzi şeyləri deməyə daha çox haqqım var. Bu gün istiqlalçı deputatlardan parlamentdə oturanları və hakimiyyətdə təmsil olunanları var. Onlar danışmırlar. Axı bu, düzgün deyil”.
N.Pənahlını möhtəkirlikdə qınayan C.Nuriyev diqqətə çatdırıb ki, bu qədər cılızlaşmaq olmaz: "Hakimiyyətdə idiniz də. İstiqlalçı deputatların hamısı vəzifədə idi. Hakimiyyəti saxlayardınız da. Siz bacarmadınız. H.Əliyev isə bacardı. Hakimiyyətə gəldi, Azərbaycanın müstəqilliyini bərpa etdi. Nemət siyasi paxıllıqla məşğuldur. Mən öz ideyama görə müstəqilliyə səs vermişəm. Bu gün də peşman deyiləm. Bu iqtidardan da o məsələdə heç bir narazılığım yoxdur. Bu mənim uzun müddət düşüncəmdə olan amil idi. Mən müstəqillik məsələsi ilə alver etməyi özümə sığışdırmıram. Və açığı, bu qədər cılızlaşmağın əleyhinəyəm”.
İstiqlalçı deputatların bu yaxınlarda baş tutan toplantısında N.Pənahlının yenə şeir söylədiyini deyən müsahibimiz onu da əlavə edib ki, 28 ildən sonra Nemətdə heç bir irəliləyiş və dəyişiklik yoxdur: "Yenə pafos, yenə yumruq qaldırmaq. Azərbaycan yumruqla, şeirlə idarə olunur? Kimin nəyi yoxdur, daha çox ondan danışır. Ona görə də, mən heç kimin yanında gözükölgəli deyiləm. İstintaqa verdiyim izahatlar, meydan hərəkatlarında və Azərbaycan xalqı ilə görüşlərimdə irəli sürdüyüm fikirlərimdə qüsurlar varsa, ortaya qoysunlar. Bəli, Nemətin dediklərində həqiqət var. Nümayiş Komitəsinə və meydana "KQB”nin tapşırığı ilə gələn var idi. Nemət onların hamısını bilirsə, deməli, onlarla daha yaxındır. Nemət anlamır ki, bu, xalqın qazancı idi. Bunu xalq istədi və həyata keçirdi. Xalqın bütün arzusunu, ümidini mənimsəmək olmaz. "Mən imperiyanı yıxdım, mən elə elədim, mən belə elədim” kimi davranışlar mənəvi eqoizmin aqoliyasıdır. Bir adam dünyanı dəyişə bilməz. Bu, Azərbaycan xalqının arzusu idi. Vəziyyət də elə gətirdi ki, bizə şans verildi. Biz də o şansdan Azərbaycan milləti üçün yararlandıq. Allahımdan razıyam ki, o şansı mənə verdi. Mənə qismət oldu. Başqalarına da qismət ola bilərdi. 360 nəfər idi. Onun içərisindən 43-ü bu addımı atdı. Daha doğrusu, 5 nəfərin yerinə səs vermişdilər. 38-nin özü səs verdi. Məsələn, İsgəndər Həmidov ikisinin yerinə səs vermişdi. Birinin də yerinə mən səs vermişdim. O adamlar sonradan imzalarını dandılar. Allah işlərini avand eləsin. Onların içərisində dünyasını dəyişənlər də var. Sağ qalıb yekə-yekə danışanı da var. Elə eləməsinlər ki, o məsələlər ortaya çıxsın. Bütün hallarda SSRİ olsaydı, dansalar da, ərizə də yazsalar, səslərini geri götürsələr də yenə onların ən azı cəzası olacaq. Bu məsələlərə toxunmaq istəmirəm. Amma bütün hallarda bu insanların mənəviyyatına toxunmaq olmaz. N.Pənahlıya icazə verilməyib ki, gəlib kimlərinsə yerinə danışsın”.
Digər istiqlalçı deputat, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, N.Pənahlının iddialarının əsası yoxdur: "Həmin vaxt Nemətin namizədliyini verib, vermədiyini bilmirəm. Versə, o da seçilərdi. Çünki meydan hadisələrindən sonra elə bir vəziyyət yaranmışdı ki, xalqın tanıdığı adamların qarşısını kəsə bilmədilər. Mən hansı rayona getsəm, hamısından da seçilərdim. Xətai rayonunda həm "KQB”, həm də Mərkəzi Komitə ciddi-cəhdlə qarşımızı almağa çalışırdı. Mən böyük səs fərqi ilə mübarizədə qalib gəldim. Ona görə ki, xalqda böyük bir inam vardı. Hərəkatçılara böyük güvən yaranmışdı. Məni həm hərəkatçı kimi, həm də bir yazıçı kimi tanıyırdılar. Başqalarını bilmirəm, mənim "KQB” ilə əlaqəm olmayıb. Xüsusən, 1990-cı ildəki seçkidə seçilən deputatların böyük əksəriyyəti xalqın ciddi dəstəyi ilə seçilmişdi”.
Ayyət Əhməd