Normal boşanmağı da bacarmırıq – Əksər kişilər qadına şəxsi əmlakı kimi yanaşır

Cəmiyyətimizdə xüsusilə kişilər ayrılığı normal şəkildə qəbul edə bilmirlər. Bu günə qədər boşanmaq, ayrılmaq istəyən qadınlara qarşı nə qədər zorakılıqlara rast gəlmişik. Qadınlara təzyiq, şiddət göstərərək istəklərinə nail olacağını düşünən kişilərin çox hissəsi çıxış yolunu qətl törətməkdə görürlər. 
Təbii ki, bütün bunlar cəmiyyətimizdəki mənfi tendensiyalardan xəbər verir. Ona görə də qadınların rastlaşdığı neqativ halların sayı bitmək bilmir.
Ailə münaqişəsi zəminində növbəti qətl hadisəsi törədilib. Hadisə Samux rayonunun Ziyadlı kəndində baş verib. Kənd sakini Elvin Bayramov həyat yoldaşı Müşafərin Bayramovanı bıçaqlayaraq qətlə yetirib. Yoldaşının bibisi Xatirə Salmanovaya isə çoxsaylı bıçaq zərbələri endirib.
Məlumata görə, M.Bayramova həyat yoldaşından küsərək 3 azyaşlı övladı ilə ata evinə gedərək orada bibisi ilə qalırmış. Yoldaşı ilə barışmağa gələn E.Bayramova istədiyinə nail ola bilmədiyi üçün cinayətə əl atıb.
"Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə "Sherg.az”a bildirib ki, ölkəmizdə ayrılığı normal qəbul etməmək yalnız kişilər aid deyil, bəzən qadınlar da ayrılığa normal adaptasiya ola bilmirlər:
 "Çünki xüsusilə ailə münasibətlərində kiməsə şəxsi əmlakımız kimi baxırıq. İnsanlara, qadına, hətta uşaqlarımıza qarşı beləyik. Yəni, qadın mənim şəxsi əmlakımdı, mənim deyilsə məhv olmalıdır kimi bir yanaşma mövcuddur. Bu psixoloji və yaxud mental bir düşüncədən irəli gəlir. Əslində kişinin qərar verməsi, yəni kişinin qadını tərk etməsi daha çox qəbul olunandır. Ona görə də qadın kişi ilə yaşamaq istəmirsə, kişilərimiz bunu özünə sığışdıra bilmir, tərk və imtina edilməyi qəbullanmırlar. Bu eqo da məhz belə cinayətlərin törədilməsinə gətirib çıxarır”.
Yeganə Bayramova