Elə bil ki, bu çarx orta məktəb yaşında olan uşaqlar üçün nəzərdə tutulub
Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçıların və sərnişinlərin maarifləndirilməsi istiqamətində növbəti videoçarxı hazırlayıb. Hazırlanan videoçarx sürücülərin əksəriyyətini narahat edən aktual problemə həsr edilib.
Belə ki, bir çox sürücülər avtomagistrallarda sürətlərini hərəkət zolağına uyğun tənzimləmirlər ki, bu da əksər hallarda qəzaya səbəb olur. Təqdim olunan videoçarxda da sürücülərimizə sürətlərini hərəkət etdikləri zolağa uyğun tənzimləmələri tövsiyə edilir.
Bəs hazırlanan videoçarxlar qəzaların azalmasına və təcrübəsiz sürücülərin maariflənməsinə şərait yarada bilərmi? Sözügedən videoçarxla bağlı fikirlərini "Şərq”lə bölüşən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovun sözlərinə görə, yol hərəkəti qaydaları ilə bağlı videoçarxların məntiqə uyğun və yüksək formada hazırlanması olduqca vacibdir. Ekspert bildirib ki, hər bir maariflənmə işi müəyyən qədər öz müsbət təsirini göstərir. Amma həmin maarifləndirmə işinin özü elə bir səviyyədə olmalıdır ki, bu eyni zamanda kəmiyyət göstəricisindən keyfiyyət göstəricisinə keçməlidir:
"Hazırda maarifləndirmə işində bu cür çarxlar məzmun və forma cəhətdən elə olmalıdır ki, müasir nəqliyyat sistemində o iştirakçılara yüksək dərəcədə və məntiqi formada təsir etsin. Həmin çarxa baxdım, deyilən hər sözün və görülən hər bir işin müəyyən qədər köməyi var. Amma bu çarx sanki tez-tələsik və müasir tələbata nisbətən cavab verməyən formada tərtib olunub. Ümumiyyətlə, bizim yol hərəkəti qaydalarında xüsusi qaydalar var. Əgər sağ zolaq boşdursa, sol zolaqla getməyə icazə verilmir. Çünki həmişə sol zolaq sürətli zolaqlar sayılır. Ona görə hər zaman bütün sürücülər çalışırlar sağ zolaqla getsinlər ki, sürətli gələn nəqliyyat vasitəsi sol zolaqdan ötüb keçə bilsin. Məsələn, dediyimiz videoçarx məntiqi və forma cəhətdən daha müasir və maraqlı ola bilərdi. Elə bil ki, bu çarx orta məktəb yaşında olan uşaqlar üçün nəzərdə tutulub. Bu video çarxlar BNA-nın səviyyəsinə uyğun deyil. Yaxşı olardı ki, BNA öz səviyyəsinə və reytinqinə uyğun video çarxlardan istifadə eləsin”.
Yol hərəkəti ilə bağlı videoçarxların televiziyalarda yayımlanması və bunun həm sərnişinlər, həm də sürücülər üçün nə dərəcədə əhəmiyyətli olması sualına gəlincə F.Eyyubov deyib ki, DYP-nin yol təhlükəsizliyinə aid videoçarxları çoxdur. Real formada videoçarxların televiziyalarda yayımlanmasını müsbət qiymətləndirən ekspert bildirib ki, Agentliyin hazırladığı 34 saniyəlik video xeyli sayda insanların maariflənməsini yüksək səviyyədə həyata keçirə bilməz:
"Şəxsən mən nəqliyyat sahəsində çalışan biri kimi bu videonu geniş formada hazırlayardım. Agentliyin videosunun həm vaxtı çox azdır, həm də orda göstərilən yollar və göstəricilər çox sadə formada təşkil olunub. Əlbəttə, yaxşı videoçarxlar düzəldib televiziyalarda vermək olar. Bizim məqsədimiz də yol qəzalarının sayının azalmasından və bu sahədə maarifləndirmə aparmaqdan ibarətdir. Maarifləndirmə işi əsasdır, çünki sükanı idarə edən insanlardır. Nəqliyyat vasitəsi və yol idarə olunandı, onu idarə edənlər isə sürücülərdir. Ona görə də belə çarxlar çox gözəl formada hazırlanmalı, məntiqə uyğun olmalıdır. İnanmırdım ki, BNA-nın hazırladığı videoçarx belə zəif formada ola bilər. Agentlikdə işləyən çoxlu tələbələrim var, hər zaman çalışıram ki, obyektiv formada fikir bildirim. Düzgün, obyektiv tənqidə hamı düzgün yanaşmalıdır. Arzulayıram ki, BNA-da işləyən mütəxəssislər yüksək səviyyəli videolar hazırlasınlar və sürücülər də bundan yararlansınlar”.
Yeganə Bayramova