Oğul atasını da, analığını da 20 ildir küçəyə atıb“Ərimə dövlət tərəfindən verilən mənzili zəbt edib. Bizi orda yaşamağa qoymur”
Ələkbər Həsənov və Validə Allahverdiyeva illərdir ki, yaşadıqları evdən didərgin düşüblər. Səbəb isə Ə.Həsənovun oğlu Cavanşir və gəlini Mətanət ilə arasındakı konfliktdir. İllərdir qohumların və tanış adamların yanında qalan çarəsiz ahıllar son ümid yeri kimi redaksiyamıza üz tutublar.
Qeyd edək ki, Validə xanım Ə.Həsənovun ikinci həyat yoldaşıdır, yəni Cavanşirin anası deyil. Ələkbər dayının sözlərinə görə, 1994-cü ildə həyat yoldaşı vəfat edib və 1998-ci ildə Validə xanımla ailə qurub. Maraqlısı budur ki, Ə.Həsənovun ilk evliliyindən olan oğlu Cavanşir özü istəyib ki, atası məhz Validə xanımla ailə həyatı qursun. Lakin bundan sonra ailə münaqişəsi və problemlər baş verib, nəticədə Ə.Həsənov həyat yoldaşı ilə birgə Gəncədəki evini tərk edib.
V.Allahverdiyeva şikayətində bildirir ki, yoldaşı Ə.Həsənov uzun müddət Gəncədə 3 saylı tikinti trestində işləyib və dövlət tərəfindən əməyinin qarşılığı kimi ona 5 otaqlı ev veriblər. Validə xanımın sözlərinə görə, ev 43 ildir ki, yoldaşının mülkiyyətindədir, lakin ögey oğlu və gəlini onlara həmin evdə yaşamağa imkan vermir.Şikayətçi xanım deyir ki, artıq 20 ildir evdən çıxıblar. Bu qədər vaxt ərzində çox çətinliklərdən keçiblər və yenə də bu çətinlik davam edir: "Yoldaşım 45 ildən artıq dövlətə xidmət edib. Mən onun ikinci həyat yoldaşıyam. Cavanşirin ögey anası olsam da, heç vaxt ona və yoldaşına pis münasibətim olmayıb. 1998-ci ildə ailə həyatı qurdum, hətta Cavanşir özü istəyirdi ki, onun atası ilə ailə qurum. Biz ailə quranda yoldaşımın mülkiyyətindəki evdə heç kim qalmırdı. Həmin ərəfədə Cavanşir əsgərlikdən qaçdığı üçün axtarışa verilmişdi.
Uzun zaman evə gəlmədi. Daha sonra isə əfv məsələsi ortaya çıxdı və bağışlandı. Xəbər tutduq ki, bir qız qaçırdıb və onunla evlənib. Amma biz o toyda iştirak etməmişik. Elə hər şey də bundan sonra başladı. 2003-cü ildə arvadı Mətanətlə gəldilər və cəmi 2 ay bizimlə yaşadılar. 2 aydan sonra Cavanşir dayıları ilə birlikdə bizə hədə-qorxu gəlməyə başladı. Deyirdi ki, "evdən çıxmasaz, sizi öldürəcəm”. Evdə olan bütün otaqların qapısını bağlamışdı, girmək mümkün deyildi. Dəfələrlə Mətanət yoldaşıma şər atıb. Polislərlə əlbir olub yoldaşımı tələyə salıblar. Amma bütün bunlar baş verən zaman mən yenə də çalışırdım ki, onlarla yaxşı münasibət qurum. Yoxsa hərə bir ağızdan deyəcəkdi ki, "ögey anadı deyə belə edir”.
Heç nəyin xeyri olmurdu. Bizi neçə dəfə məhkəməyə veriblər, saxta yollarla və sübutlarla çalışırdılar ki, evi öz mülkiyyətlərinə keçirsinlər”.

Validə xanımın sözlərinə görə, 2003-cü ildən Gəncədəki evi tərk ediblər və o vaxtdan bəri küçələrdə, metrolarda, balaca zirzəmi kimi şəraitsiz otaqda yaşayıblar: "Yaxşı insanlar hələ də var, sağ olsunlar, bizə əllərindən gələn köməklik göstərirlər. Amma şəraitimiz çox ağırdı. 20 ildə nə qədər çətinliklər çəkdik. Yoldaşım bir gözdən əlildi, buna səbəbkar da oğlu Cavanşirdi. Mənim yoldaşım neçə il can qoyub həmin evi alıb. Amma övladının ona qarşı etdiklərinə baxın...
Lider televiziyasında yayımlanan "Çıxış yolu” proqramında da olmuşuq. Amma Cavanşir zəng vurub deyir ki, o mənim atam deyil, tanımıram, tanımaq da istəmirəm, ölsün, onsuz da öləndə dövlət ehsan verir, mən də əzasını yığacam. Görün doğma övlad öz valideyninə qarşı necə münasibət bəsləyir. Hər zaman çalışmışam ki, ata və oğul arasında mübahisə yaranmasın. Fikirləşmişəm ki, ayıbdı, bir ata, bir oğul qalıblar. Amma bu qədər zəhmətkeş və günahsız ataya nələri rəvac bilirlər. Allah bunu götürməz...”.
Onlara sadə və isti bir yuva lazımdı, cah-cəlallı bir şey istəmirlər. Tək arzuları ömürlərinin bu çağında rahat və sakit həyat yaşamaqdı. Cavanşir bəy atası ilə illərdir ki, barışmır. Səbəbin tam olaraq nə olduğunu bilə bilmərik. Amma hər nə olur-olsun, hətta valideyn günahkar olsa belə zəif və ahıl yaşında olan bir ataya qarşı belə davranış olduqca sarsıdıcıdır.
Yeganə Bayramova