Erməni hərbiçilər silahlı qüvvələrdəki hərc-mərclikdən boğaza yığılıblar
Ermənistan ordusunda acınacaqlı vəziyyət hökm sürür. Hərbi hissələrdə "dedovşina” hallarının çoxluğu, zabit-əsgər arasındakı zidiyyətlər, postlara çıxmağa əsgər çatışmazlığı, hissələrdə yemək problemləri düşmən ölkə ordusunun anarxiya çevrildiyini göstərir. Zaman-zaman Ermənistan əsgər-zabitləri intihara əl atırlar, fərarilik edirlər.
Belə faktlardan biri də bu günlərdə yaşanıb. Belə ki, dekabrın 11-də Ermənistanın bölgələrindən birinin hərbi hissəsindən qasıq nahiyyəsindən yaralanmış gənc zabit xəstəxanaya çatdırılıb. Silahla yaralanan hərbiçinin özünə qəsd etdiyi bildirilib.
"Həkimlər onu həyata qaytarmaq üçün mübarizə aparırlar” – deyə "Shamshyan.com” saytı məlumat verib. Hadisə yerinə gələn polislər, xəstəxanaya aparılan 26 yaşındakı Vardan Şahnazaryanın özünü 16 millimetrlik silahla vurduğunu müəyyən ediblər.
Hərbiçinin özünə qəsd etməsi onu göstərir ki, artıq əsgərlər düşmən ölkə silahlı qüvvələrindəki hərc-mərclikdən boğaza yığılıblar.
Hərbiçilərin Paşinyana məktubu: "Ac uşaqlarına yemək almaq üçün oğurluq edən əsgər yoldaşımızın anasını azad et!”
Ermənistan ordusu ilə bağlı daha bir fakt isə, hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyana bir qrup hərbiçinin məktubla müraciət etməsidir. Müraciət edən hərbi qulluqçular Nikol Paşinyanı öz həmkarlarının həbsdə olan anasını əfv etməyə çağırırlar. Həmin əsgər anası ac uşaqları üçün 10 min dram oğurladığına görə həbs edilib. Hərbiçilər məktublarında bildiriblər ki, bir ay ərzində əsgər yoldaşlarının acılıqdan oğurluğa əl atmış anası sərbəst buraxılmalıdır.
Ermənistan mətbuatı qeyd edir ki, uzun illərdir ki, ordu "zona” çevrilmiş oğru qanunları ilə idarə olunur.
Erməni ekspertlər deyirlər ki, Ermənistandakı həbsxanalarla silahlı qüvvələr arasında çoxlu oxşarlıqlar var.
"Hər iki sahə çox gəlirli biznesə çevrilib” – deyə Ermənistanın hüquq müdafiəçisi Vardan Arutyunyan vurğulayıb. Onun sözlərinə görə, 1990-cı ildə ordu cinayətkar düşüncələr və ünsürlər əsasında formalaşıb: "Həmin dövrdə orduya çoxlu sayda cinayətkar ünsürlər cəlb olunub. Ordu da məhz həmin cinayətkar ünsürlərin düşüncələri və "oğru qanunları” əsasında idarə olunur”.
"İnsanı soruşmadan orduya çağırırlar və o, dərhal Dağlıq Qarabağa göndərilir”
Hüquq müdafiəçisinin fikirlərini müdafiə edən mətbuat yazır ki, Ermənistanda ordu çox gəlirli biznesə çevrilib: "İnsanı soruşmadan orduya çağırırlar və o, dərhal Dağlıq Qarabağa göndərilir. Sonra da onun Dağlıq Qarabağa "könüllü” getdiyi bildirilir. Hərbi komandanlıq hesab edir ki, əsgəri söymək, təhqir etmək, ac saxlamaq lazımdır. Belə olan halda əsgərin ailəsi onu ərzaq, paltar və digər lazımi əşyalarla təmin edəcək. Komandirlər sonra da bunun "həyat məktəbi” olduğunu iddia edirlər. Həbsxanalarda da yataq yeri və digər gündəlik tələbat malları pulla satılır. Burada da insanın söz demək, tələb etmək hüququ yoxdur. Əgər bu böyük biznesdirsə deməli kimlərsə bundan yaxşı qazanc əldə edir”, - deyə, mətbuatda qeyd olunur.
Hər zaman erməni ordusu "vorzakon” qanunları ilə idarə edilib
Erməni cəmiyyəti belə qənaətə gəlib ki, bu cür anarxiya, qanunsuzluq yaşanan bir ordu ilə qalib gəlmək olmaz. Yəni dolayısı ilə də olsa, etiraf edilir ki, zəif, miskin durumda olan Ermənistan ordusu Azərbaycandan işğal etdiyi əraziləri saxlaya bilməz.
Beynəlxalq və yerli ekspertlər də bildirirlər ki, gücsüz, səfil durumda olan Ermənistan silahlı birləşmələri, güclü silahlara, maddi-texniki təchizata malik, ən müasir silahlarla güclənmiş Azərbaycan ordusunun qarşısında tab gətirə bilməz.
Deputat Zahid Oruc "Sherg.az”a açıqlamasında bildirib ki, hazırda Ermənistanın özündə də, ordusunda da xaos yaşanır. Onun qənaətincə hər zaman erməni ordusu "vorzakon” qanunları ilə idarə edilib. Və artıq erməni hərbiçilər aclıqdan, "dedovşina”dan, özbaşnalıqdan beziblər.
Erməni gənclər düşünürlər ki, onlar nə qədər səngərdə çürüyəcəkdilər?!
"Bu gün informasiya məkanı açıqdır. Xəbərlərin yayılma arealı genişdir. İstənilən cəmiyyətin daxili vəziyyəti aydındır. Bu gün Azərbaycanda kəşfiyyat materiallarına dayanmadan belə qarşı tərəfin hərbi sistemi haqqında məlumatlar əldə etmək mümkündür” – deyən deputat vurğulayır ki, bu gün Ermənistan ordusundakı adamlar özlərinə hesabat verirlər ki, niyə biz Qarabağdayıq? Qarabağda təsərrüfat qura bilmir, ticarət yoxdur, separatçılar yerli insanlara divan tuturlar. Erməni gənclər düşünürlər ki, onlar nə qədər səngərdə çürüyəcəkdilər?! Z.Oruc bildirir ki, Ermənistan hakim qüvvələrinin "qlobal vətən” anlayışı ilə aşıladığı şüarlar sıravi erməninin həyatında özünü ayrı cür göstərir:

"İstənilən ordu öz sosial təminatı və maddi texnikasından asılı olmayaraq, birinci növbədə mənəvi kateqoriya üzrə formalaşır. Atəş dayanan kimi erməni hərbi hissələrində "dedovşina”, əsgərlərin silahla davrana bilməməsi, intihar etmələri hallarını görürük. Təhlükədə Azərbaycana qarşı birləşmək mümkün olurdusa da, dinc dövrdə özləri özlərinin düşmənidirlər. 2016-cı ilin aprel döyüşlərindən sonra vəziyyət bir qədər də dəyişdi. 90-cı illərin qalib ədası ilə hakimiyyəti qəsb edənlərin vətən pafosları sadə ermənilərə təsir etmədi. İnsanlar gördülər ki, qırılırlar, acdırlar, vəziyyətləri ağır durumdadır. Anladılar ki, xalqın vəziyyəti pisləşdikcə erməni siyasi elitası və generallar varlanırlar. 4 günlük müharibə bəs elədi ki, Ermənistanın 1990-ci illərdə formalaşan elitası taxt-tacdan düşsün”.
Nikolun bir yolu qalıb – Qarabağı Azərbaycana qaytararaq işğalçılıq siyasətinə son qoymaq
Cinayətkar Serj Sarkisyanın ordunun acınacaqlı durumda olması ilə bağlı etirafını xatırladan deputat söyləyir ki, inqilabla hakimiyyətə gələn, saxta seçkilərlə hakimiyyətini qoruyan Paşinyan da miskin ordunu düzəldə bilməz: "Xatırladım ki, Berlində Angela Merkel ilə görüşdə Sarkisyan bəyan eləmişdi ki, biz 80-90-cı illərin metallomu ilə vuruşuruq. Onda bəlli oldu ki, bunlar köhnə texnika ilə vuruşurlar. Ondan sonra onlar məcbur oldu ki, sadə xalqın boğazından kəsib texnikaya yönəltsinlər”.
Bu da ac-yalavac erməniləri daha da hiddətləndirdi. Cana doyan ermənilər Sarkisyanı hakimiyyətdən qovdular. İndi Nikol Paşinyan hakimiyyətə gəlib. Ondan da tələb edirlər ki, ordudakı "vorzakon” sistemi yığışdırılsın. Əsgərlər zorla Qarabağa göndərilməsinlər, silahlı qüvvələrdə aclıq aradan qaldırılsın. Amma Paşinyan bunları edə bilməyəcək. Çünki Ermənistanın sosial durumu Sarkisyan rejimi vaxtından heç nə ilə fərqlənmir. Ermənistanın təbii sərvəti yoxdur. Qonşu ölkələrlə əlaqələri yoxdur, beynəlxalq layihələrdə işğalçılıq siyasətinə görə təmsil oluna bilmir. Bu halda iqtisadiyyat inkişaf edə bilməz.
Zahid Oruc erməni cəmiyyətinin narahatlıqlarını anladığını deyir: "Onlar belə ac-yalavac, texnikası olmayan ordu ilə işğal etdikləri əraziləri saxlaya bilməyəcəklərini, müharibə başlayacağı təqdirdə öləcəklərini bilirlər. Çünki Azərbaycanın imkanları qat-qat güclüdür”.
Yəni ermənilər artıq özgə torpağında ölmək istəmirlər. Paşinyanın bir yolu qalır, Qarabağı Azərbaycana qaytararaq, işğal siyasətinə son qoymaq. Bu yolla o vəziyyətdən çıxa bilər. Əks təqdirdə isə, Ermənistanda gərginlik artacaq, inqilabi proses şiddətlənəcək. Tezliklə ac erməni əhalisi Paşinyanı da Sarkisyan kimi qovacaqlar.
Anar Bayramoğlu