"Əgər şagirdlərin düzgün tərbiyəsinə nail olmaq istəyiriksə, 1990-cı illərdə orta məktəblərdə əlavə vəsait kimi tədris olunan “Ailə” dərsliyini bərpa etmək daha yaxşı olar"
Orta məktəblərdə cinsi tərbiyə dərsi keçiriləcək
Əməkdar müəllim bu fənnin tədrisinə ehtiyac olmadığını düşünür
"Əgər şagirdlərin düzgün tərbiyəsinə nail olmaq istəyiriksə, 1990-cı illərdə orta məktəblərdə əlavə vəsait kimi tədris olunan “Ailə” dərsliyini bərpa etmək daha yaxşı olar"
"Əgər şagirdlərin düzgün tərbiyəsinə nail olmaq istəyiriksə, 1990-cı illərdə orta məktəblərdə əlavə vəsait kimi tədris olunan “Ailə” dərsliyini bərpa etmək daha yaxşı olar"
Üç ildir pilot layihə kimi orta məktəblərdə keçirilən cinsi tərbiyə dərsinin bu ildən ölkə üzrə tam tətbiqinə başlanacaq. Məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksion xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaqdır.
Orta məktəblərdə tədris olunacaq reproduktiv sağlamlıq haqqında dərs vəsaitinin müəllifi Kəmalə Aşumovanın sözlərinə görə, kitab yoxlanılması və tədris olunması üçün Təhsil Nazirliyinə təqdim olunub: "Dərsliyin hazırlanmasında nazirliyin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər.
Tədris vəsaiti "Biologiya” və "Həyat bilgisi” müəllimləri tərəfindən tədris olunacaq. Onlar üçün dərslik hazırlanacaq və o, öyrənmə prosesinə uyğunlaşdırılacaq. Dərsliyin hazırlanma prosesi artıq iki ildir ki, davam edir. Bu il bu prosesin yekun işləri bitmək üzrədir. Yeni vəsaitin adı "Reproduktiv sağlamlığın tədrisi” kimi səslənir”.
Kitabın müəllifinin sözlərinə görə, noyabr ayından etibarən ölkə məktəblərində reproduktiv sağlamlıq üzrə xüsusi təlimlərin keçirilməsi planlaşdırılır:
"Təlimlər Bakı və regionlarda keçiriləcək. Qeyd edim ki, oğlanlar və qızlar üçün dərslər ayrı-ayrılıqda aparılacaq. 11-12 yaşında yeniyetmələrdə cinsi inkişaf başlayır. Əsas məqsəd ondan ibarətdir ki, onlar düzgün inkişaf etsin.
Erkən nikahlar artıb, uşaqlar zorakılığa məruz qalır. Düşünürəm ki, onların valideyn olarkən cəmiyyətdə sağlam yaşaması böyük əhəmiyyət kəsb edir. Bunun üçün kitabın tədris olunması vacibdir. Dərsliyin uşaqlara faydası olmayacağını düşünənlər də ola bilər. Bu da əsasən, cəmiyyətimizin mühafizəkar təbəqələrinin nümayəndələridir. Müasir uşaqlar və yeniyetmələr fiziki cəhətdən çox erkən inkişaf etməyə başlayıb. Fiziologiyaya əlavə olaraq, bu dərs eyni dərəcədə ciddi məsələləri həll edəcək. Bu, uşaqların əsas ünsiyyət bacarıqları, anlaşma, düzgün qərar vermə, sağlam həyat tərzi, ailə planlaşdırılması və gələcəkdə məsuliyyətli valideyn olmaq üçün yeniyetmələrdə müsbət münasibət formalaşmasına imkan verəcək.
Son zamanlar aparılan tədqiqatlar və müxtəlif təşkilatlar tərəfindən aparılan sorğular gənclərdə reproduktiv sağlamlıq sahəsində fizioloji və gigiyena biliklərinin olmamasını göstərir. Bu məqsədlə də gənclərin düzgün, mənəvi və sağlam formalaşması üçün bu tədrisin tətbiqini vacib hesab edirik”.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin nümayəndəsi Nabil Seyidov da bu dərsin tədrisinə ciddi ehtiyac olduğunu düşünür. Nabil Seyidovun sözlərinə görə, reproduktiv sağlamlıq üzrə xüsusi təlimlər gənclərin düzgün, mənəvi və sağlam formalaşmasında əhəmiyyətli rol oynayacaq. Tədris vəsaitini "Biologiya" və "Həyat bilgisi" müəllimləri tədris edəcək. 6-cı sinifdən başlayaraq tədris olunan reproduktiv sağlamlıq haqqında dərsə ümumilikdə 8 saat ayrılıb. Vətəndaşlar da cinsi tərbiyə dərsliyinin tədrisinin şagirdlərə faydası olacağını düşünürlər.
Kitab yoxlanılması və tədrisi üçün Təhsil Nazirliyinə təqdim olunub. Dərsliyin hazırlanmasında nazirliyin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər.
Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət isə "Şərq”ə açıqlamasında orta məktəblərdə reproduktiv sağlamlıq haqqında vəsait tədris olunacağı xəbərini oxuyanda çox təəccübləndiyini deyib.
Əməkdar müəllimin sözlərinə görə, məsələyə Azərbaycanın təhsil sferasından baxmaq lazımdır. Onsuz da bizim şagirdlərin dərs rejimi həddindən artıq ağırdır, əlavə informasiyaları da nəzərə alsaq, çox yüklənirlər.
Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan keçmək üçün şagirdlərin repetitor yanına getmələri də əlavə bir yükdür. Bütün bunlar fonunda orta məktəblərdə reproduktiv sağlamlıq haqqında vəsaitin biologiya və "Həyat bilgisi” müəllimləri tərəfindən tədris olunmasına ehtiyac yoxdur. Bunun bir səbəbi dediyim kimi, şagirdlərin dərs yükünün onsuz da ağır olması və onların çox yüklənməsi ilə bağlıdır. Digər səbəbi isə bu fənnin tədrisinin əks effekt vermə ehtimalı ilə bağlıdır: "Rusiyanın bəzi orta məktəblərində pilot layihə kimi reproduktiv sağlamlıq haqqında vəsait tədris olunub. 8-11-ci siniflərə şamil edilən bu dərslikdə cinsi tərbiyə, ailə həyatı quran, dünyaya uşaq gətirən gənclərin davranış qaydaları kimi mövzulara toxunulub. Bir-iki ildən sonra aparılan araşdırmalar müəyyən edib ki, layihə orta məktəb şagirdlərinin davranışlarında ciddi nöqsanlara səbəb olub. Bu dərsliyi oxuyan orta məktəb şagirdləri öyrəndiklərini praktikada həyata keçirməyə başlayıblar. Rus məktəblilərinin əxlaqına və davranışına neqativ təsir edən bu dərsliyin ümumtədrisinə rəy verilmədi”.
Orta məktəblərdə reproduktiv sağlamlıq haqqında dərs vəsaitinin ayrıca fənn kimi tədrisinə ehtiyac olmadığını vurğulayan A.Həsrət deyib ki, müəllimlik sənətinin incəliklərinə bələd olan peşəkar fənn müəllimləri çərçivə daxilində öz şagirdlərinə müəyyən bilgiləndirici informasiyalar verir:
"Bu cür fənlərlə uşaqları ayıldıb cəmiyyətimizi korlamaq lazım deyil. Əgər şagirdlərin düzgün tərbiyəsinə nail olmaq istəyiriksə, 1990-cı illərdə orta məktəblərdə əlavə vəsait kimi tədris olunan "Ailə” dərsliyini bərpa etmək daha yaxşı olar. Bu dərslik ailədə, ətrafdakılarla ünsiyyət və ailə mədəniyyətini öyrədirdi. Biz həm nəzəri cəhətcə savadlanırdıq, həm praktik öyrənirdik, həm də mədəni ünsiyyəti necə qurmağı öyrənirdik. Bu dərslik həmin dönəmin qız uşaqlarının bir qadın, ana kimi formalaşmasında da mühüm rol oynayıb. Yoxsa ki, xarici təcrübədə belə effekt verməyən bir layihənin Azərbaycanda həyata keçirilməsi mövcud problemləri daha da qabardacaq. Bizim orta məktəblərdə reproduktiv sağlamlıq haqqında vəsaitin tədrisindən daha vacib işlərimiz var ki, onlarla məşğul olsaq daha yaxşı olar. Başlıca olaraq da məktəblərdə tərbiyə işinə diqqət ayrılmalı, bu sahədə məsul şəxslər öz fəaliyyət istiqamətlərini təkmilləşdirməlidir”.
Şəymən