Ortada zorakılıq faktı var

Aktyorun müəllimi döyməsinə haqq qazandırmaq olmaz
Kiminsə kimdən xoşu gəlməyə bilər, amma dərəbəylik deyil ki, insanların gözü qarşısında məktəb direktoruna hücum edib, onun başını, gözünü yarasan


175 saylı məktəbin direktoru Tural Mirzəliyevlə "Drakon” ləqəbli məşhur aktyor Rza Rzayev arasında baş verən mübahisə və əlbəyaxa dava ətrafında müzakirələr davam edir. Kimin haqlı, kimin haqsız olması araşdırmalardan sonra aydınlaşacaq, ancaq hər iki tərəfin kifayət qədər müdafiəçisi var. Sosial şəbəkələrdə bu məsələni ictimailəşdirən şəxslərin bir qismi direktorun bir neçə ay öncə öz otağına gizli kamera yerləşdirməsi və sonradan bunu ictimailəşdirməsini əsas gətirərək, T.Mirzəliyevin ziyalıya yaraşmayan addım atdığını, qanunları pozduğunu deyir. Digərləri isə "Drakon”un bütün məsələləri hüquqdankənar həll etməyə çalışmasını qabardır və zor tətbiqinin ziyalıya yaraşmadığını, əsəblərinə hakim olmamaqla suçlu duruma düşdüyünü və ictimai əxlaqa uyğun olmayan davranışlarını əsas gətirərək, aktyoru günahlandırırlar.

Tərəflər də mətbuatda özlərini müdafiə edən çıxışlar edib. Hazırda faktla bağlı araşdırma aparılır.
Maraqlıdır, görəsən, ziyalılar nə düşünür və məsələyə ictimai yanaşma necədir?

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli "Şərq”ə açıqlamasında özünü qoçu kimi aparan aktyorun müəllimə qarşı zorakılığına haqq qazandıranları heç cür anlamadığını deyib. Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq ictimai yerdə müəllimə qarşı zorakılıq edən şəxs cəzalandırılmalıdır:


"Tərəflər arasında baş verən dava-dalaşın konkret səbəblərini bilmirik. Bizim gördüyümüz ancaq nəticədir və bu nəticənin detallarını müzakirə predmetinə çevirmişik. Birmənalı olaraq ictimai yerdə müəllimə hücum edib, onu döyməyin əleyhinəyəm. Qarşı tərəfin irəli sürdüyü arqumentlər də rəğbət doğurmur, müdafiəsi isə daha çox şüar xarakteri daşıyır. Hər şeydən əvvəl problemin kökünü araşdırıb, bu narazılığı yaradan səbəbi aradan qaldırmaq lazımdır. Sözün açığı, prosesin bu qədər uzanmağı məndə şübhə doğurur. Istənilən halda ortada zorakılıq faktoru var və hücum edən tərəf öz cəzasını almalıdır. Qarşı tərəfin günahkar olmasına rəğmən aktiv hücum mövqeyində dayanması cəzasızlıq fonu yaradır”.

Rza Rzayevi müdafiə edən şəxslər tərəfindən direktorla bağlı ortaya atılan iddiaların qara piar olduğunu vurğulayan Q. Məhərrəmli hesab edir ki, nala-mıxa vurmaq lazım deyil. Müəllimə qarşı ictimai zorakılıq yolverilməzdir. Bu zorakılığı törədən tərəf ən azından xuliqanlığa görə cinayət məsuliyyətinə cəlb olunmalıdır: 

"Kiminsə kimdən xoşu gəlməyə bilər, amma dərəbəylik deyil ki, insanların gözü qarşısında məktəb direktoruna hücum edib, onun başını, gözünü yarasan. Konkret variant təklif edə bilmirəm, amma bir yolunu tapıb bu məsələyə son qoymaq lazımdır. Müəllimin, məktəb direktorunun keçə bilmədiyi, özünə rəva bilmədiyi hədləri qarşı tərəf çox rahatlıqla keçə bilirsə, problemin həllinə də buradan başlamaq lazımdır”.

Millət vəkili Tahir Kərimli isə hesab edir ki, baş verən hadisə müqəddəs peşə sayılan müəllimlərin nüfuzunun cəmiyyətimizdə hədsiz dərəcədə zəiflədiyinin göstəricisidir. Bu hadisə də ciddi bir siqnal olmalıdır. Biz təhsilimizə xüsusi qayğı ilə yanaşmalıyıq. Müəllimlərin, məktəblərin nüfuzunu mütləq qaldırmalıyıq.

Deputatın fikrincə, ortada yüngül xəsarət varsa və tərəflərin razılığı olarsa, məsələ xətm oluna bilər. Yox, əgər az ağır, ağır xəsarət varsa, bu halda cinayət məsuliyyəti yaranır. Bu halda məsələ hətta tərəflərin barışması ilə də həll olunmaz. Nəticə ekspertizanın rəyindən asılı olacaq. Hər bir halda, bu hadisə çox ağır məsələdir.

Şəymən