Məhəmməd Nəvaz Şərif: “Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyidir”
“Pakistandan ən müasir silahlar almaq istəyirik”
Prezident İlham Əliyev: “Bu məsələdə tam anlaşmamız var”
Məhəmməd Nəvaz Şərif: “Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyidir”
Məhəmməd Nəvaz Şərif: “Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyidir”
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifi qəbul edib. Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Pakistan Baş naziri Məhəmməd Nəvaz Şəriflə məhdud tərkibdə görüşü olub. Azərbaycan Prezidenti görüşün əlaqələrin gücləndirilməsi baxımından uğurlu olacağına ümidvar olduğunu bildirib:
"Bu gün bizim üçün vacib gündür. Bizim əlaqələrimiz yüksək səviyyədədir və əminəm ki, bu görüş əlaqələrimizi daha da gücləndirmək baxımından uğurlu olacaq. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. İndiki görüş həyata keçirilmiş işlərə bir daha nəzər salmaq və gələcəklə bağlı planlar qurmaq üçün yaxşı fürsətdir. Sizi qəbul etməkdən çox məmnunam. Ümidvaram ki, ölkəmizə səfəriniz səmərəli keçəcək”. Pakistanın Baş naziri Nəvaz Şərif isə bunları deyib: "Burada olmaq bizim üçün şərəfdir. Çox gözəl Bakı şəhərinə səmimi dəvətinizə və qonaqpərvərliyinizə görə, Sizə minnətdaram. Şəhərinizə heyran qalmışam. Hər yerdə Sizin şəhərin gözəlliyindən çox danışılır. Mən bir dəfə 1998-ci ildə yolüstü Bakıda olmuşam. Bu, mənim ondan sonra bu şəhərə ilk səfərimdir. Gözəl Bakı şəhərində olmaqdan məmnunam. Bakı dünyanın ən gözəl şəhərlərindən və mənim gördüyüm ən təmiz şəhərlərdən biridir. Mən bir daha burada olmağıma şadam”. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Pakistan bizim üçün ən yaxın dostlardan biridir”
Prezident vurğulayıb ki, Pakistan Azərbaycan üçün ən yaxın dostlardan biridir: "Biz müxtəlif sahələrdə əlaqələrimizi inkişaf etdirmək istəyirik. Çox yaxın siyasi əlaqələrimiz var. Baş nazirlə siyasi əməkdaşlığımızın səviyyəsinin çox yüksək olduğunu müzakirə etdik. Pakistanın Baş nazirinin rəsmi səfəri ölkələrimiz arasında çox yaxın əməkdaşlığı davam etdirdiyimizi göstərir. Biz iqtisadi əməkdaşlığımızı, investisiya sahəsində əməkdaşlığı genişləndirməli, qarşılıqlı ticarət mübadiləsini inkişaf etdirməli, humanitar məsələlərə çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Bütün beynəlxalq məsələlərdə biri-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmirlə bağlı məsələlərdə hər zaman Pakistanı dəstəkləyir. Pakistan da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə hər zaman bizim yanımızdadır. Bütün beynəlxalq təşkilatlarda birlikdəyik. Baş nazirin bugünkü səfəri görülmüş işlərə yenidən nəzər salmaq və gələcək planları müəyyənləşdirmək üçün yaxşı imkandır”.
"Azərbaycanla Pakistan Kəşmir və Qarabağ məsələlərində qarşılıqlı dəstək nümayiş etdirir”
Dövlət başçısı bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri çoxdan qurulub: "Azərbaycan və Pakistan beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qurub, biri-birinə dəstək veriblər. Ölkələrimiz Kəşmir və Dağlıq Qarabağ məsələlərində qarşılıqlı dəstək nümayiş etdirir. Azərbaycan Kəşmir məsələsinin beynəlxalq qətnamələr əsasında həllinə tərəfdardır. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla eyni mövqedən çıxış edir. İşğal səbəbindən Pakistan Ermənistanla diplomatik əlaqələr qurmayıb. Xocalı soyqırımını tanıyıb. Azərbaycan xalqı və dövləti bütün bunları yüksək qiymətləndirir”. Azərbaycan və Pakistan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ticarət, sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması, qarşılıqlı ticarət dövriyyəsinin artırılması sahəsində müzakirələrin aparıldığını vurğulayıb. Həmçinin, ölkələrimiz arasında əczaçılıq, müdafiə sənayesi, kənd təsərrüfatı, turizm, nəqliyyat sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib.
"Onilliklər öncə qəbul edilmiş BMT qətnamələri yerinə yetirilmir”
Prezident bəyan edib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir: "Təəssüf ki, onilliklər bundan əvvəl qəbul edilmiş bu qətnamələr yerinə yetirilmir. Bu, ikili standartlarla yanaşmanın göstəricisidir. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə bu qədər uzun müddət çəkir. Ölkələrimiz üçün bu ağrılı məsələlərlə bağlı qarşılıqlı dəstəyimiz də bizi birləşdirir. Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı. Bu, qardaşlığın göstəricisidir. Azərbaycan xalqı bu qardaşcasına yanaşmanı yüksək qiymətləndirir. Biz, həmçinin minnətdarıq ki, 2012-ci ildə Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıdı. Bu, dostluq və tərəfdaşlığın daha bir göstəricisidir. Ona görə də Azərbaycan xalqı sizin ölkəni sevir. Biz bu dəstəyə görə çox minnətdarıq və öz tərəfimizdən hər zaman hər məsələdə sizi dəstəkləyirik”.
"Birgə hərbi təlimlə bağlı planları müzakirə etdik”
Dövlət başçısı deyib ki, Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik: "Bu məsələdə tam anlaşmamız var. Pakistan Baş naziri ilə müzakirələrimizin əhəmiyyətli hissəsi hərbi sahədə əməkdaşlığa həsr olunub. Bizim çox yaxşı əməkdaşlığımız var və bu gün biz ölkələrimizin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planları müzakirə etdik. Eyni zamanda, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var və biz bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdik. Azərbaycan da demək olar 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir. Beləliklə, biz birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik”. Prezident bildirib ki, Azərbaycanda əczaçılıq sənaye sahəsini inkişaf etdirmək istəyirik: "Pakistan Baş naziri ilə Azərbaycanda əczaçılıq sənayesi sahəsində birgə müəssisələrin yaradılması ilə bağlı məsələləri müzakirə etdik. Pakistan bu sahədə çox inkişaf etmiş ölkədir”.
"Azərbaycanın inkişafı müsəlman ölkələri üçün qürur mənbəyidir”
Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif də bəyan edib ki, Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyi və bir çox inkişaf etməkdə olan ölkələr üçün idarəçilik nümunəsidir: "Biz dünəndən çox təsirlənmişik. Cənab Prezidentə dedim ki, mən dünyada bu qədər təmiz şəhər görməmişəm. Bəlkə də Bakı kimi təmiz şəhər gördüyümü unutmuşam. Lakin şübhəsiz ki, bu, mənim indiyədək olduğum ən təmiz şəhərlərdən biridir. Şəhərin planlaşdırılması, dünən və bu gün gördüyümüz gözəlliklər bizi məftun etdi”. Pakistan Baş naziri qeyd edib ki, 15 ildən az müddətdə bu işlərin görülməsi çox heyrətamizdir: "İlk növbədə, gözəl ölkənizə səfər etməyin bizim üçün şərəf olduğunu demək istərdim. Biz Bakını görməyə çox şadıq. Son 10-15 ildə Bakı belə gözəl bir şəhərə çevrilib. On beş ildən az müddətdə bu işlərin görülməsi çox heyrətamizdir. Burada rəsmi səfərdə olmaq şəxsən mənim üçün şərəfdir. Cənab Prezident, deməliyəm ki, Pakistan xalqı dahi atanız mərhum Heydər Əliyevin uzaqgörənliyini, qardaş Azərbaycanın irəliləyişini, inkişafını və sizin müdrik, mahir
rəhbərliyinizi yüksək qiymətləndirir. Son 25 ildə Azərbaycanın əldə etdiyi irəliləyiş diqqətəlayiqdir”.
"Pakistan Azərbaycan torpaqlarının işğaldan tam azad olunmasının tərəfdarıdır”
Məhəmməd Nəvaz Şərif deyib ki, xalqlarımızın tarixi əlaqələri var, ölkələrimiz qədim ticarət yollarının üzərində yerləşir: "Azərbaycanda diqqətəlayiq sabitlik, ictimai həmrəylik və inkişaf var. Prezident İlham Əliyevin rəhbərliyi altında gedən inkişaf Pakistanda diqqətlə izlənir. Regional və qlobal məsələlər beynəlxalq hüquq çərçivəsində, sülh və dialoq yolu ilə həll olunmalıdır. Kəşmir və Dağlıq Qarabağ məsələlərində qarşılıqlı dəstək ölkələrimiz arasında yaxın anlaşmanın olduğunu və mövqelərimizin üst-üstə düşdüyünü sübut edir. Pakistan işğal olunan Azərbaycan torpaqlarının tam azad olunması, oradan erməni silahlı qüvvələrinin çıxarılması və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılmasının tərəfdarıdır”. Kəşmir məsələsində Azərbaycanın mövqeyini yüksək qiymətləndirən Pakistanın Baş naziri ölkələrimiz arasındakı ticarət dövriyyəsinin mövcud potensialı əks etdirmədiyini bildirib: "Bu sahədə canlanmaya ehtiyac var. Sıx siyasi münasibətlərimiz bütün sahələrdə real əməkdaşlığa təkan verməlidir”.
İsmayıl