Paşinyan hakimiyyəti öz monopoliyasına almaq niyyətindədir





Ermənistan parlamenti xüsusi iclasında Nikol Paşinyanı baş nazir postuna seçməkdən növbəti dəfə imtina edib. Bu isə o deməkdir ki, baş nazir vəzifəsini icra edən Paşinyan dekabr ayında növbədənkənar parlament seçkisinin keçirilməsinə nail olub. Ermənistan parlamentinin spikeri Ara Babloyanın sözlərinə görə, Nikol Paşinyanın namizədliyi lehinə və əleyhinə heç bir deputat səs verməyib, 13 deputat isə bitərəf qalıb. Beləliklə, Paşinyan parlamentin buraxılmasını təmin edib. 

Ölkə konstitusiyasına əsasən, parlament buraxıldıqdan sonra prezident seçki gününü təyin edir. Ancaq Paşinyan müvafiq fərmanı gözləmədən növbədənkənar seçkilərin dekabrın 9-da keçiriləcəyini bildirib. Məlumdur ki, Ermənistanda bu ilin mayında baş vermiş hakimiyyət dəyişikliyindən sonra siyasi anomaliya yaranıb. Ekspertlərə görə, miqyaslı küçə aksiyaları səbəbindən parlament Paşinyanı hökumət başçısı seçməyə məcbur olsa da, onun qanunverici orqanda çoxluğu yoxdur. Çünki Paşinyanı dəstəkləyən "Elk” fraksiyası cəmi 8 deputatdan ibarətdir. Sarkisyan-Koçaryan cütlüyünü təmsil edən Respublika Partiyası isə 105 parlament mandatının 49-na sahibdir. Siyasi proseslərin gedişi açıq-aydın göstərir ki, Paşinyan ölkədə bütün hakimiyyəti öz monopoliyasına almaq niyyətindədir. Bu isə Ermənistanda siyasi gərginliyin və qarşıdurmanın hələ uzun müddət davam edəcəyini göstərir.

Düşmən ölkədəki prosesləri "Şərq”ə şərh edən politoloq Natiq Miri deyib ki, Ermənistan konstitusiyasına görə, parlamentdə iki dəfə baş naziri seçmək mümkün olmazsa, bu, siyasi böhran sayılır. Nəticədə parlament buraxılır:

 "Seçkinin baş tutmayacağı bəlli idi. Çünki yeganə namizəd Paşinyandır və onun da namizədliyi qəbul edilmir. Digər siyasi qüvvələrin namizəd irəli sürməsinə isə imkan verilmir. Bu o demək deyil ki, Paşinyana alternativ tapılmır, reallıq odur ki, hər hansı müxalif partiya öz namizədini versə, hətta parlamentdə səs çoxluğu qazansa belə həmin şəxsin fəaliyyət göstərmək imkanı minimum olacaq. Xatırlayırsızsa, baş nazir seçkisindən öncə Paşinyan tərəfdarlarına müraciət edərək onları yenidən küçələrə tökdü. Paşinyanın əsas məqsədi digər siyasi qüvvələrə dərs vermək, onlara öz gücünü göstərmək idi. 

Yəni mesaj verirdi ki, "əgər mənim əvəzimə başqasını dəstəkləsəniz, kütlələr meydanı yenidən dolduracaq və seçilən namizədin işləməsinə şərait yaratmayacaq. Baş nazir istəyinə nail oldu. Ancaq Paşinyan başqa digər siyasi təşkilatların kütlənin qorxusundan tamamilə kənara çəkilməsi, Ermənistanda növbəti qarşıdurma və dərin böhran deməkdir. 

Paşinyanın istifadə etdiyi üsullar risklidir. Hazırda Ermənistanda siyasi krizis hökm sürür. Belə məqamda Sarkisyan-Koçaryan birliyini təmsil edən qüvvələrin prosesə təsir gücü və baş verənlərdən dividend qazanmaq şansı sıfıra bərabərdir”.

İsmayıl