Benzinə su qatılır, maşının mühərriki yararsız vəziyyətə düşür
Bu da ekologiyanın çirklənməsi ilə nəticələnir
"Hüquq-mühafizə orqanları ciddi yoxlama aparsalar, yanacaqdoldurma məntəqələrinin 50 faizdən çox rəhbəri və işçiləri həbs olunacaq. Heç kim yaxasını kənara çəkməli deyil. Çünki hamımız zəhərlənirik"
Nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli miqdarda zəhərli qazlar atılır, insanların sağlamlığı üçün ciddi təhlükə yaranır. Nəqliyyat vasitələrinin uzunmüddətli istismarı onların texniki vəziyyətinin və mühərriklərinin tənzimlənmə parametrlərinin pisləşməsinə gətirib çıxarır. Nəticədə atmosferə buraxılan zərərli maddələrin miqdarı sürətlə artır.
Son günlərdə də avtomobillərin ekoloji vəziyyəti ilə bağlı xüsusi reydlər keçirilib. Ölkəmizdə istismar olunan avtomobillərin əksəriyyətinin ekologiya üçün təhlükəli olduğu müəyyən edilib.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Şərq”ə açıqlamasında bildirib ki, ekoloji problemlərdən danışarkən ilk növbədə avtomobillərin önə çəkilməsi düzgün yanaşma deyil. Ekspertin fikrincə, ekoloji problemləri yaradan bir çox istehsal sahələri - zavodlar, fabriklər, kimyəvi məhsulların istehsal olunduğu müəssisələr var:
"Bu müəssisələr ekologiyanı daha çox korlayır, nəinki avtomobillər. Ölkəmizdə avtomobillərin ekologiyaya vurduğu zərərin bəlkə 60-70 faizi yanacağın keyfiyyətsiz olması ilə bağlıdır. Ona görə də avtomobil sahiblərini qınamaq olmaz. Elə avtomobillər var ki, Gürcüstanda normal və problemsiz olaraq işləyir. Lakin Azərbaycana gətirildikdən 1 ay sonra avtomobilin mühərriki sıradan çıxır. Baxın, ekoloji problem budur. Yanacaqdoldurma məntəqələri ekoloji problemi benzinə su və müxtəlif dərman maddələrini qataraq yaradırlar. Bu, həm sürücülərin cibinə zərər vurur, həm avtomobilləri yararsız edir, həm də ekologiyanı korlayır. Yanacaqdoldurma məntəqələrindəki şəxslərin tamahkarlığı ucbatından ekolgiyamızda ciddi problemlər yaranır. Bir müddət normal benzin, dizel, qaz yanacağı satdıqdan sonra, atmosferə atılan çirkabın miqdarını yoxlasaq və indiki vəziyyətlə müqayisə etsək, aradakı fərqi görərik. Əslində ekologiyaya zərər vuran elə özümüzük”.
E.Muradlı həmçinin bildirib ki, son vaxtlar işlək vəziyyətdə olan bir avtomobilin yanında duranda mühərrikdən gələn qoxu olduqca xoşagəlməzdir:
"İnsan az qalır ki, bu qoxudan huşunu itirsin. Əvvəllər elə bilirdim ki, belə qoxu yalnız mənim maşınımdan gəlir. Sonra gördüm ki, hansı maşının yanında dayanıramsa, həmin maşınlarda da belə qoxular olur. Lakin əvvəllər maşın işləyəndə mühərrikdən çıxan tüstü qoxusu tamamilə başqa idi. İndi isə bu qoxu insana ürəkbulanma verir. Problemin kökü budur, ona görə də araşdırmanı bu sahədə aparmaq lazımdır. Energetika və Sənaye Nazirliyi yox kimi bir nazirlik sırasındadır. Onlar bu işə nəzarət etməlidir”.
Ekspert vaxtilə yanacaqdoldurma məntəqələrinin öz üzərlərində nəzarət hiss etdiklərini və çəkindiklərini də vurğulayıb. Onun sözlərinə görə, indi yanacağa istənilən maddəni qatırlar:
"Söz deyəndə isə "benzin baha olur, ona görə belə edirik” cavabını verirlər. "SOCAR” yanacağı normal şəkildə, yəni tam qaydalara uyğun formada satdığı ilə bağlı rəsmi açıqlama verir. Amma yanacaqdoldurma məntəqələrində benzinə nə qatırlarsa, maşınlar sıradan çıxır. Reallıq budur ki, yanacaqdoldurma məntəqələrində sürücülərə ikiqat zərər vurulur. Bu, həm maddi, həm də mənəvi zəhərdir. Yəni özümüzü və başqalarını zəhərləyirik.
Düşünürəm ki, bu məsələ artıq Energetika və Sənaye Nazirliyinin nəzarətindən çıxıb. Onlar bu işə tam şəkildə nəzarət edə bilmirlər. Ona görə də hüquq-mühafizə orqanları məsələyə müdaxilə etməlidir. Artıq yanacaqdoldurma məntəqələri ilə bağlı ciddi ölçü götürülməlidir. Bir neçə şəxs həbs olunsa, bu, digərlərinə də dərs olacaq.
Çünki onlar bizim gələcəyimizi, genefondumuzu məhv edirlər. Bu bir terrordur, təxribatdır və qarşısı alınmalıdır. Əminliklə deyirəm ki, hüquq-mühafizə orqanları ciddi yoxlama aparsalar, yanacaqdoldurma məntəqələrinin 50 faizdən çox rəhbəri və işçiləri həbs olunacaq. Heç kim yaxasını kənara çəkməli deyil.
Çünki hamımız zəhərlənirik. Energetika və Sənaye Nazirliyinin işçilərinin də, bir sözlə, hər kəsin avtomobilinə eyni yanacaq vurulur. Hər birimizin övladları zəhərlənir. Oxu nə qədər uzağa atmağa çalışsaq da, yenə qayıdıb özümüzə gəlir”.
Yeganə Bayramova