"Putin Netanyahunun Azərbaycana gəlməsindən narahatdır"- İDDİA




Aleksey Puşkov səmimi danışmır. 

Bunu Sherg.az-a Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkovun "Ermənistan-Rusiya qoşun birləşmələrinin Azərbaycana problem yaratmayacaq" iddiasını dəyərləndirərkən millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, rəsmi Moskva İsrailin dövlət başçısının Azərbaycana gəlməsindən narahatdır və buna görə, belə bəyanatları artırıb, rəsmilərin ölkəmizə səfərlərini intensivləşdirir: 

"Gizlətmək lazım deyil ki, Azərbaycan –Rusiya münasibətlərinin yaxşılaşması Ermənistana xoş təsir etmədiyi kimi, Rusiya-Ermənistan arasındakı qoşunların birləşdirilməsi də Azərbaycanın maraqlarına ziddir. Dövlətimizin hərbi qüdrəti artdıqca və öz ərazilərini işğaldan azad etmək niyyəti ciddiləşdikcə, V. Putin daim ermənilərə təsəlliverici bəxşişlər edir. Bu regionda fərqli nəticələrə gətirib çıxarır. Rusiya rəsmiləri bunun heç bir ziyanının olmadığını desə də, təsdiq edə bilmirlər. Dağlıq Qarabağ ərazisində və işğal zonasında müəyyən aktivlik müşahidə olunduqda Rusiya bitərəfliyini saxlamaq istədiyini göstərir, amma MDB çərçivəsində işə qarışmaq haqqında bəyanatlarını eşidirik. Eləcə də vahid qoşun komandanlığı Ermənistan tərəfində olarsa, hər hansı döyüş baş verdikdə Rusiya məsuliyyətdən yayınmağa çalışacaq. Azərbaycanla Rusiyanın əlaqələri yaxın olmasına baxmayaraq, ermənilər bu dövlət üçün imtinaedilməzdir. Yüz illər boyu süni erməni dövlətini yaradıb, müdafiə edən ruslar bunu türk-müsəlman dövlətlərinin arasında bir yara kimi istifadə edirlər. Bu səbəbdən, rusiyalı sədrin sözləri  Azərbaycan tərəfini sakitləşdirməyə xidmət göstərir".

Qeyd edək ki, Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının Azərbaycana heç bir problem yaratmadığını bildirib.

Aysel Aslan