Qablaşdırılmış suların çoxunu krandan doldururlar

"Ofisimizdə Bonaquanın içərisində göbələklər, Qax suyunun içərisində milçək çöküntüsü olan nümunələr var"
"Su elə məhsuldur ki, 1 litri 30 qəpikdən 10 manata qədər dəyişir”.
Bunu Sherg.az-a ölkədə istehsal olunan içməli suyun gigiyenik normaları barədə danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, tərkibində H2O-dan başqa bir maddənin bu qədər baha olmasına səbəb yoxdur:
"Bu o deməkdir ki, su ilə bağlı ölkə bazarında böyük ajiotaj və problem var. Bundan istifadə edənlər isə su filtri satanlardır. Bir neçə il əvvəl mənə Nyu-Yorkdan krandan gələn su gətirdilər. Su filtrçilərinin apardığı sadə analizlərdən məlum oldu ki, elə həmin su da ölkəmizdəki su kimi çirklidir. Bu o deməkdir ki, həmin təcrübələrin əsası yoxdur. Bununla belə, istehlakçılar kran sularına deyil, qablaşdırılmış sulara üstünlük verirlər. Onlar bilməlidirlər ki, su Allahın möcüzəsidir. Yeganə məhsuldur ki, qoxusu, dadı, rəngi yoxdur. Bütün cisimlər soyuqda genişləndiyi halda su sıxılır. Suyun mahiyyətinə varmaq mümkün olmadığından su qablaşdırıcıları bundan istifadə edir. Bəzi su istehsalçıları ola bilər sularının bir hissəsini doğrudan da bulaqdan gətirir, təmizləyir. Qalanlarını isə elə krandan doldururlar. Çünki onun dadını, qoxusunu ayırd etmək mümkün deyil.
Satılan suların dibində çöküntü olması da təsadüfi deyil. Ofisimizdə Bonaquanın içərisində göbələklər, Qax suyunun içərisində milçək çöküntüsü olan nümunələr var. İstehsalçılar onlar üçün yaradılmış azad bazar, toxunulmazlıq şəraitindən yararlanıb, istehlakçıları aldadırlar. Suyu kifayət qədər təmizləmirlər. Su o qədər ilahi məhluldur ki, bir ailədə belə bilmək olmaz, kimə təmizlənmiş, kimə təmizlənməmiş su yaxşıdır. Su çox fərdidir. Orqanizm var ki, ona təmizlənmiş su lazım deyil. Heç bir həkim də təyin edə bilməz ki, kimə necə su lazımdır”.
Qeyd edək ki, Azərbaycanda istehsal olunan Aquavita mineral suyunun dibində çöküntülərin olması videoya çəkilib.
Aysel Aslan