Qanlı qatar...

Özünü körpələri ilə relslərin üzərinə atan ananın faciəsi dəhşətli siqnaldır
Övladlarımız üçün elədiklərimizi nə qədər ki, onların başına vuracağıq, onlar xoşbəxt olmayacaqlar

Şəmkirdə baş verən dəhşətli intihar hadisəsi ölkədə ciddi rezonans doğurub. 25 yaşlı ananın iki azyaşlı körpəsi ilə birlikdə özünü qatarın altına atması ictimaiyyət tərəfindən arzuolunmaz proseslərin siqnalı kimi dəyərləndirilməkdədir.

Şəmkir rayon Prokurorluğundan verilən məlumata görə, Zəyəm qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər. Baş vermiş intihar hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar) maddəsilə cinayət işi başlanıb, təhqiqat gedir. Təfərrüatda qeyd olunub ki, 25 yaşlı gəlin həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nəsrəddin Fəzail oğlu Mahmudov və iki azyaşlı uşaqları ilə birlikdə ərinin bibisi Dursun Mahmudovaya məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi Xətai küçəsi ev 5 ünvanında yaşayıblar. İyulun 25-də saat 20 radələrində Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişədən sonra Pərvanə Mahmudova uşaqlarını da götürüb atasıgilə getmək adı ilə evdən çıxıb. Lakin o, atasının evinə yox, dəmir yolu istiqamətinə gedərək uşaqlarının əlindən tutub özünü Böyük Kəsik - Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb. Nəticədə P.Mahmudova və uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüblər. Qatarın maşinisti Şəmistan Əhmədov və maşinist köməkçisi Ələnşir Əliyev şifahi izahat verərək bildiriblər ki, bir qadın iki azyaşlı uşağının əlindən tutaraq 8-10 metr məsafədə özünü onların idarə etdiyi qatarın altına atıb. Onlar əyləc sistemini dərhal işə salaraq qatarı dayandırsalar da, faciədən qaçmaq mümkün olmayıb.

...kimsə deyə bilməz ki, gəlin azyaşlı uşaqları ilə birlikdə maddi ehtiyaca görə özünü öldürüb

Bütün kənd sakinlərinin hadisənin şokunda olduğunu vurğulayan Şəmkir rayon Zəyəm kənd icra nümayəndəsi Elçin Abbasov Mahmudovlar ailəsinin sakit, həyatı axarında yaşayan ailələrdən biri olduğunu deyib. E.Abbasovun sözlərinə görə, ailə başçısı Nəsrəddin Mahmudov hələ də hadisənin şokundadır: "Elə kənd camaatı da çox narahatdır. Pərvanənin belə bir addım atmasına heç kim inana bilmir. Maddi imkanları da yaxşı olub. Yəni kimsə deyə bilməz ki, gəlin azyaşlı uşaqları ilə birlikdə maddi ehtiyaca görə özünü öldürüb. Nəsrəddin öz maşını ilə yük daşıyırdı. Hamı onları sakit, mədəni bir ailə kimi tanıyıb”. 

Kənd rəsmisi hazırda hadisə ilə bağlı araşdırma aparıldığını deyib: "Oğlanın bibisi şəkər xəstəsidir, övladı yoxdur. Pərvanənin onunla sözü çəp gəlib. Evdən acıq edib çıxanda deyib ki, gedir atası evinə, amma uşaqlarla birgə özünü öldürüb. Yəqin araşdırmalardan sonra dəqiq məlumat bilinəcək”.

Bəzi valideynlər qız uşaqlarına "artıq əşya” kimi baxırlar

Azərbaycanda ailə institutunun özünün tənəzzül dövrünü yaşadığını deyən jurnalist-ekspert Seymur Verdizadə təəssüflə qeyd edib ki, ölkəmizdə boşanmaların sayının sürətlə artması bu sahədə ciddi problemlərin olduğunu göstərir: "Sözsüz ki, bu cür acınacaqlı vəziyyətin yaranmasının müxtəlif səbəbləri var. Ailənin məsuliyyətini dərk etməyən gənclərin öz ömür yollarını kimlərləsə birləşdirməsi çox vaxt faciə ilə nəticələnir. Nə qədər maarifləndirmə işi aparılsa da, erkən nikahların qarşısını almaq mümkün olmur. Bəzi valideynlər qız uşaqlarına "artıq əşya” kimi baxırlar.

Bu "artıq əşya”dan erkən qurtulmaq cəhdi isə gələcəkdə böyük fəsadlara yol açır. Bir çox valideynlər qızlarına təhsil vermək əvəzinə cehiz vermək haqda düşünürlər. Müəyyən müddətdən sonra isə həmin cehiz gəlincik kimi ata evinə qayıdır”.

S.Verdizadənin sözlərinə görə, ailədaxili ziddiyyətlərə, boşanmalara, intiharlara və qətllərə səbəb olan digər amil isə gənc ailələrə kənar müdaxilələrin olmasıdır: "Müşahidələr göstərir ki, valideynlər gənclərin işinə qarışır, onların əvəzinə özləri qərar qəbul edirlər. Bunun əsas səbəbi isə odur ki, yeni ailə quran gənclər çox vaxt maddi cəhətdən valideynlərindən asılı olurlar. Hesab edirəm ki, hər bir qadın özünün və həyat yoldaşının qazancını yeməlidir.

Gəlin qayınatasının aldığı evdə yaşayanda, qayınatasının qazancı ilə dolananda, qayınatasının pulu ilə alınmış paltarı geyinəndə, istər-istəməz böyüklərin yanında gözükölgəli olacaq. Vəziyyətdən yeganə çıxış yolu odur ki, qızlar iqtisadi cəhətdən öz ayaqları üstə dayanmayan, yəni, əlində işi, sənəti olmayan oğlanlarla ailə həyatı qurmaqdan çəkinməlidirlər. Bu fikri əvvəllər efirdə də səsləndirmişəm: Azərbaycanda özünə şalvar ala bilməyən oğlanlar arvad alırlar. Ailə həyatı qurmaq istəyən gənc heç olmasa, bəylik kostyumunu öz qazancı ilə almalıdır”.

...onlar xoşbəxt olmayacaqlar

Ekspert intiharların digər səbəbi kimi də cəmiyyətin biganəliyini görür: "Təəssüf ki, biz ətrafımızda baş verən hadisələrə həssas yanaşa bilmirik. Tanıdığım insanların böyük əksəriyyətinin ancaq özünün və ailəsinin taleyi düşündürür. Virtual ünsiyyət canlı münasibətləri arxa plana keçirib.
Kişi tanıyıram ki, öz həyat yoldaşı ilə ancaq sosial şəbəkələr vasitəsilə əlaqə saxlayır. Qayğıdan, nəvazişdən məhrum olan ailələr dağılmağa məhkumdur.
İntiharların, boşanmaların sayının artması gənclər üçün mənfi presedentə çevrilib. Tanıdığım gənclərin çoxu ailə həyatı qurmağa qorxurlar”.

S.Verdizadə son olaraq qeyd edib ki, övladlarımız üçün elədiklərimizi nə qədər ki, onların başına vuracağıq, onlar xoşbəxt olmayacaqlar.

Bu dəhşətli fakt ananın həyata olan son ümidlərinin, insanlara olan güvənin
itməsinin məntiqi nəticəsidir

Baş verən hadisənin tükürpədici və bir o qədər də acınacaqlı bir hadisə olduğunu deyən psixoloq-konsultant Arzu Müzəffərovanın sözlərinə görə, dəfələrlə bu mövzuya toxunmağımıza baxmayaraq, hələ də intiharlar davam etməkdədir: "Fərqli-fərqli situasiyalar olsa da, intihar gündəmin ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Biz psixoloqlar, bir çox suisidə meyilli posientlərlə çalışsaq da, bəzi hallarda bizə əli çatmayan, bizimlə problemini bölüşə bilməyən insanlar nəticəni öz anladıqları kimi həyata keçirirlər. Xəbər olaraq ananın bu etdiyini, iki azyaşlı körpəsini özü ilə ölümə sürükləməsini qınaq olaraq gündəmə gətiririk, amma psixoloji yanaşsaq, onu deyə bilərəm ki, bu dəhşətli fakt ananın həyata olan son ümidlərinin, insanlara olan güvənin itməsinin məntiqi nəticəsidir. Əminəm ki, heç bir ana övladlarını məhv etmək istəməz. Bu faciənin qurbanı isə insanlara olan güvənsizliyi, körpə övladlarını da özündən sonra acı çəkməməsi səbəbindən bu qəsd hadisəsini həyata keçirib”.

Onu bu həyatdan necə küsdürüblərsə, gözlərini özündən sonra övladlarının yaşamağına deyil, ölümünə səbəb olacaq qədər qaraldıb

Arzu xanımın qənaətincə, intihar xəstəlik deyil, çarəsizlikdir. Onun sözlərinə görə, dərinə getsək, baş verən hadisənin kökündə çox psixoloji hallar üzə çıxarda bilərik, amma bu, heç nəyi dəyişməyəcək: "Kimsə nə vaxt, nə baş verəcəyindən sığortalı deyil. Faktiki olaraq, iqtisadi vəziyyətin çətinləşməsi çox ailələrdə problemlər yaradıb və yaratmaqda da davam edir. Ailədaxili münaqişələr və ziddiyyətlər doğmalar arasında soyuqluq yaradır və sonda xoşagəlməz hadisələr baş verir. Azərbaycanda isə ancaq suisid halları yaşanandan sonra dövlət qurumları narahat olmağa başlayır. Bu artıq neçənci dəhşətli, kütləvi intihar hadisəsidir eşidirik. Hər nə qədər ictimaiyyət səviyyəsində maarifləndirici addımlar atılsa da, proses daha da çoxalmağa doğru gedir. Bu isə artıq SOS deməkdir. Bir ananın qəsdi 2 körpənin canını aldı, günahsız körpələrin gələcəyinə son qoydu. Bunun səbəbi isə ananın həyatdan aldığı travmalardır. Onu bu həyatdan necə küsdürüblərsə, gözlərini özündən sonra övladlarının yaşamağına deyil, ölümünə səbəb olacaq qədər qaraldıb”.

Psixoloqun sözlərinə görə, bu hadisə sadəcə bir ailənin faciəsi kimi yox, bütünlükdə cəmiyyətin problemidir: "Bəlkə də eyni vəziyyətdə olan, o ananın etdiyini etmək istəyən gəlinlərin sayı kifayət qədərdir, amma biz bilmirik. İnsanlar biri-birinə o qədər yadlaşıb ki, ailələrin belə biri-birinə dəstəyi yoxdur. İnsanlar daşıdıqları kimlikləri üzə çıxara bilmirlər. Nə ana, nə də ata ola bilirlər. Bu adlar, bu kimliklər tamam fərqli bir aləmdir. Güvən, dayaq nöqtəsidir, amma bu adın əsl sahibləri əksər ailələrdə görünmür. Ailələrdə sevgi, qayğı əvəzinə ziddiyyət, düşmənçilik kök atır, münasibətlər hər gün bir az daha gərginləşir. Övladlar və onların gələcəyi isə unudulur, hər iki tərəf onları görmür, varlığını belə unudur.
Bax, bütün faciələrin başvermə səbəbi də məhz burdan qaynaqlanır”.

Şəymən