Əziz Rzazadə: “Mən 950 manat xeyir verdiyim “Qanun”dan halal 104 manat mənfəətimi istəyirəm”Şahbaz Xuduoğlu: “Başqaları bu şikayəti etməkdə haqlı ola bilər, ancaq Əziz Rzazadə gərək bu şikayəti etməyəydi”
Yazar-tərcüməçi Əziz Rzazadə "Qanun” nəşriyyatını ona olan pul borcunu qaytarmamaqda ittiham edir. Bununla bağlı öz feysbuk profilində status yazan Ə.Rzazadə qeyd edib ki, belə ləngitmələr, get-gələ salmalar sözügedən nəşriyyatın "ənənə”sinə çevrilib: "Yəqin ki, filmlərdə görmüsüz: kişi yuxuya gedən kimi fahişə onun pulqabına girib 50-dən, 100-dən xəlvət çırpışdırır. Eyni şeyi "Qanun” nəşriyyatı edir.
Bir kitabla təxminən 950 manat xeyir verdiyim bu nəşriyyatdan həmin kitaba görə 104 manat alacağımı aylardır "yaddan çıxarıblar”. Hər dəfə eyni bəhanə, eyni hekayə. Elə bil bunlar mənə yox, mən bunlara borcluyam. Ona görə də bu hökumət "Qanun”a neyləyirsə, düz eləyir, hələ az eləyir. Çünki "Qanun” sözü ancaq adındadı, zatında yoxdur!”. Əlbəttə, biz də Ə.Rzazadənin bu ittihamlarını nəzərə alıb, onunla əlaqə saxlayıb, məsələnin təfərrüatını öyrəndik. Yazar "Şərq”ə açıqlamasında söhbətin onun "Qar havası” kitabının satışından əldə olunan qazancdan getdiyini söyləyib: "Bu kitabı mən yayın istisində də, qışın soyuğunda da açıq havada, küçədə dayanıb satanlardan biri olmuşam. Yəni hallalıqla qazandığım pulla nəşr edib satışdan gələn gəliri ilə təxminən 950 manat xeyir verdiyim kitabın eyni hallalıqla qazanılan 104 manat mənfəətimi istəyirəm”.
Ə.Rzazadə diqqətə çatdırıb ki, "Qanun” təkcə ona deyil, digər şəxslərə qarşı da heç bir kommersiya qaydasına sığmayan münasibət göstərir: "Nəşriyyat hesab edir ki, o, sifarişin icrasına görə ödənişi dərhal almalı, gəlirin müəllifə düşən payını isə kefi istədiyi vaxt verə bilər. "Bu gün pulumuz yoxdur”, "Gələn ay zəng elə, bəlkə verə bildik”, "İlin sonunu gözlə” və s. bəhanələr və eyni sonluqlu hekayə...
Mən "Qar havası”nı hələ mart ayında satışdan çıxarmışam. O gün, o aydı "əzabkeş nəşriyyat”ın nazına dözməliyik... Niyə? Hansı məziyyətinə görə?
Şahbaz Xuduoğlu iş yerinin yanındakı "Araz” supermarketindən bir qutu kibrit alsın, çıxanda da desin: "Ödənişi 2016-cı il noyabrın 26-sı saat 6-da edəcəm”. Görək kassada oturan qız, yaxud oğlan nə cavab verəcək”.
İttihamlara cavab verən nəşriyyatın direktoru Şahbaz Xuduoğlu isə Ə.Rzazadənin iddialarının əsassız olduğunu bildirib: "Başqaları bu şikayəti etməkdə haqlı ola bilər. Amma Ə.Rzazadə gərək bu şikayəti etməyəydi. Görünür, bizdən küsüb deyə, acıqlı danışır. Bu məsələni mühasibatlıqdan soruşdum . Mühasibatlıq dedi ki, bu gün (dünən) oğlu gəlib pulunu götürüb. Yəni söhbət ondan gedir ki, onun kitabları burda satışda olub. Hər ay bir dəfə hesabat olur. Qrafikə uyğun olaraq satılan kitabın pulunu gəlib mühasibatlıqdan alırlar. Ə.Rzazadənin bizə nə qədər xeyir verdiyini bilmirəm. Biz 70 -ə yaxın adamla əməkdaşlıq edirik. Onların içərisində tərcüməçi, redaktorlar var. Kimin hansı işi görməsinə baxmıram. Bu işlərə nazərət edən mühasibatlıq mövcuddur. O mühasibatlıqdan da mənə bu məlumatı verdilər. Eyni zamanda mənə akt göstərdilər. Həmin sənəddə yazılıb ki, "Qanun” nəşriyyatının Ə.Rzazadəyə heç bir borcu yoxdur. Ə.Rzazadə də qeyd edib ki, mən bütün qonararımı almışam. Onun sonradan bu məsələni gündəmə gətirməsi mənim özümə də təəccüblü gəldi. Yəni niyə belə məlumat yayıb, anlamıram”.
Ə.Rzazadənin "Nəşriyyat hesab edir ki, o, sifarişin icrasına görə ödənişi dərhal almalı, gəlirin müəllifə düşən payını isə kefi istədiyi vaxt verə bilər” iddialarına gəlincə, naşir bunu da inkar edib: "Məsələ Ə.Rzazadənin kitabının çapı ilə bağlıdırsa, biz ümumiyyətlə ondan pul almamışıq. Onun kitabını çap etmişik, sonra ödəniləcək qonarardan o pul çıxılıb. Biz belə bir şey almamışıq ondan. Digər sifarişçilərdən də əvvəlcədən yüz faiz ödəniş almırıq. Biz onu hissə-hissə alırıq. Əvvəl material pulunu alırıq. Kitabı çap edib verəndən sonra isə yüz faizlik ödənişi verirlər. Bu hər zaman belə olub”.
Ayyət Əhməd