Qatarla Bakıya gətirilən məhbuslardan ikisi qaçıb

Onların tutulması ilə bağlı istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir




Şirvandan Bakıya etap olunan məhkumlardan ikisi qaçıb. Məhkumlar Şirvandan qatarla Bakıya gətirilirmiş.
Onlar qatar Biləcəri stansiyasında dayananda qaçmağa nail olublar. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar - 1980-ci il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə.Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.
Ədliyyə Nazirliyi Penitensiar Xidməti də (PX) məhkumların qaçması haqqında məlumat yayıb.
PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, oktyabrın 23-də Bakı-Astara -Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E.Məmmədov və Ə.Ağami barəsində müvafiq məlumatlar təqdim edilib. Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi başlanmış, istintaq aparılır.

Faktla bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində zəruri istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin azı üç əməkdaşı istintaqa cəlb edilib. Report-un əldə etdiyi məlumata görə, hadisədən sonra həmin şəxslərdən izahatlar alınıb. Hazırda istintaq tədbirləri davam etdirilir.
Məlumata görə, Bakıda qatardan qaçan 2 məhbusdan biri olan 28 yaşlı Əli Ağami kriminal aləmdə tanınan şəxslərdən olub. O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Əli Ağamidir. Qeyd edək ki, qətlə yetirilən Elvin Nəciyev kriminal aləmdə "Krıtıy Elvin” adı ilə tanınıb. Zaur Sarıbalayev isə kriminal aləmdə "Masallı Mamed” və "Qoca” ləqəbi ilə tanınan və nüfuza malik Etibar Hacıqabulinskinin yaxın adamı olub. Məlum cinayətdən sonra Ə.Ağaminin qardaşı Zaur Ağami bir müddət təqib olunub.
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov isə hadisə ilə bağlı "Şərq”ə açıqlamasında deyib ki, həbsxanaların tarixində məhkumların qaçması kimi hallar zaman-zaman olub. Hətta ən ağır və ciddi rejimli həbsxanalardan belə qaçmağın bir yolunu tapıblar. Deyilənə görə, Alkatrasdan (San-Fransiskoda yerləşən bu həbsxanaya yerli camaat "cəhənnəm həbsxanası ", "qayalıq” və ya "iblis adası” deyirlər) belə bir dəfə qaçış təşkil edilib. Halbuki Alkatras həbsxanasının proyekti elə qurulub ki, oradan qaçış təşkil etmək qeyri-mümkün olsun. Ancaq bir məsələ var ki, sonradan həmin məhbusların taleyi bəlli olmayıb. Onların quruya sağ-salamat çıxıb-çıxmadıqları indi də sirr olaraq qalır.
S.Məmmədovun sözlərinə görə, məhbusların qaçmasına səbəb səhlənkarlıq və məsuliyyətsizlikdir: "Sözsüz ki, faktla bağlı müvafiq cinayət işi açılacaq və məhkumların tutulması üçün axtarış tədbirləri həyata keçiriləcək. Məhkumlara məsul olan şəxslər barədə də müvafiq tədbirlər görüləcək”.
Məhkumların qatarla etap olunmasına gəldikdə isə S.Məmmədovun sözlərinə görə, sovetlər dövründə məhkumlar bütün SSRİ-yə ixtisaslı qatarlarla göndərilirdi: 

"Bizdə də hazırda sovet dövründən qalma qatarlar var və zaman-zaman Penitensiar Xidmət həmin qatarlardan istifadə edir. Amma dəqiq bilmirəm hadisə hansı qatarda baş verib. Bir neçə illər əvvəl biz, İctimai Komitə olaraq bu məsələni Penitensiar Xidmət qarşısında qaldırmışdıq ki, şərait baxımından əlverişli olmadığı üçün qatarlarla etap zamanı məhbuslar əziyyət çəkir. Bu səbəbdən də PX məhkumların rahat şəraitli avtomobillərlə köçürülməsini təmin edib. Xüsusən də məhkumların istintaq təcridxanasından məhkəmələrə aparılıb gətirilməsi zamanı bu avtomobillərdən daha çox istifadə olunur. Ola bilsin, avtomobil çatışmazlığı və ya digər səbəblərdən məhkumlar Şirvandan Bakıya qatarla göndərilib”.
Hüquq müdafiəçisi onu da deyib ki, xarici dövlətlərdən məhkumların ekstradisiyası zamanı sərnişin təyyarələrindən istifadə olunması praktikası var: 

"Yəni təhlükəsizlik tədbirləri görüldükdən sonra məhkumları sərnişin avtobusu ilə belə aparmaq mümkündür. Sadəcə məhkumların sərnişinlərlə bir nəqliyyat vasitəsində olması mənəvi-psixoloji gərginlik yarada bilər deyə, daha çox onların təcrid olunmuş şəkildə etap olunması daha məqsədəuyğundur”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə də xüsusi təyinatlı qatardan qaçan məhkumlardan danışıb.
O "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Bakı-Astara-Bakı xüsusi təyinatlı qatardan məhbusların qaçması faktı ilə bağlı rəsmi qurumlar artıq açıqlama veriblər: "Belə ki, hər iki şəxs barəsində cinayət işi qaldırılıb və bu qanunauyğundur. Onlar barəsində Cinayət Məcəlləsinin 304.2 maddəsi ilə cinayət işi başlanılıb.
Bundan əlavə, ola bilməz ki bu qaçma prosesində vəzifəli şəxslərin iştirakından söhbət getməsin. Buna görə də CM-nin 308.2-ci maddəsi ilə də cinayət işi başlanılıb.
Bu məhkumların qaçması ilə bağlı qaldırılmış cinayət işinin daha operativ aparılması onların həbsindən sonra mümkün olacaq.
Onlara qaçması üçün hansısa bir şəraitin yaradılıb yaradılmadığı, səhlənkarlığın olması, qabaqcadan rəsmi şəxslərlə əlbir olub olmama kimi məsələlər tutulandan sonra aydın olacaq.
İndidən onların aparılıb gətirilməsi üçün məsuliyyət daşıyan Penitensiar Xidmətin əməkdaşlarını, istərsə də başqalarını günahlandırmaq tezdir. Fərziyyələr üzərində hansısa fikir söyləmək məqsədəuyğun deyil”.

Şəymən