Marneulidə azərbaycanlının güllələnməsi seçkilərlə bağlı deyil
Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər başa çatıb. Gürcüstanlı seçicilər 64 bələdiyyəyə 2058 üzv və 64 icra başçısı seçiblər. Seçkiləri 54 min 389 nəfər seçki subyektlərinin nümayəndələri və 581 beynəlxalq müşahidəçi izləyib. "Exit-poll”un nəticələrinə görə, seçkilərdə Tiflis meri vəzifəsinə hakim "Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladze 54 faiz səs toplayıb. Artıq Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili K.Kaladzeni paytaxt şəhərin meri vəzifəsinə seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonların icra başçısı vəzifəsinə seçkilərin ilkin nəticələri də məlum olub. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim "Gürcü Arzusu” Partiyasının namizədi Temur Abazov 71 faiz səslə qalib olub. Səs çoxluğuna görə, ikinci yeri 18 faizlə müxalif "Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyev, üçüncü yeri isə 6 faiz səslə müxalif "Vahid Milli Hərəkat” partiyasının namizədi Rəhim Əsgərov tutub. Azərbaycanlıların sıx yaşadıqları Qardabani, Bolnisi, Dmanisi rayonları üzrə də icra başçısı vəzifələrinə hakim partiyanın namizədləri seçiliblər. Seçki ərəfəsində Marneulidə silahlı insident də baş verib. Silahlı insident zamanı yaralanmış hakim "Gürcü Arzusu” Partiyasının Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə majoritar namizədi Ceyhun Çovdarov seçkilərdə səs çoxluğu əldə edib. Xatırladaq ki, silahlı insident zamanı C.Çovdarovla yanaşı, onu müşayiət edən 4 nəfər də yaralanıb. Xəstəxanada olan C.Çovdarovun vəziyyətinin ağır olduğu deyilir. Gürcüstan DİN insidentlə bağlı istintaqı davam etdirir.
Gürcüstandakı seçkilərlə bağlı "Şərq”ə danışan soydaşımız, "Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov seçkilərin nəticələrinin artıq məlum olduğunu deyib. Onun sözlərinə görə, Marneulinin meriyasına Temur Abazov mandat qazanıb. Lakin əhali başqa namizədi mer görmək istəyirdi:
"İki partiya, yəni hakim - "Gürcü Arzusu” ilə müxalif "Avropalı Gürcüstan” partiyası arasında ciddi mübarizə aparıldı. Xalqın favoriti Əhməd İmanquliyev olmasına baxmayaraq, hakimiyyət bütün resurslarını işə salaraq, hər bir seçki pozuntusuna yol verərək Temur Abazovu qalib etdi. Amma xalqın istəyi, arzusu Ə.İmanquliyevin mer seçilməsi yönündə idi. Biz hamımız ona səs vermişdik”.
Təşkilat sədri hücuma məruz qalan Ceyhun Çovdarovun vəziyyəti barədə də danışıb: "Vəziyyəti ağırdır. Hakimiyyət hadisə ilə bağlı heç nə demir. Qatillər hələ tapılmayıb. Hətta hadisənin motivləri ilə bağlı da açıqlama verilməyib”.
Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov da seçkilər zamanı qanun pozuntularına yol verildiyini təsdiqləyib. Lakin deputat Çovdarov hadisəsinin seçkilərlə bağlı olmadığını deyib:
"Hadisənin hansı səbəbdən baş verməsi bilinmir. Hazırda məsələ araşdırılır, amma səbəbi ilə bağlı heç bir açıqlama verilmir. İnsidentin seçkilərlə əlaqələri olduğunu düşünmürəm. Ola bilər ki, şəxsi məsələdir. Marneuli kiçik rayondur və orada hər kəs biri-birini yaxşı tanıyır. Ceyhun hörmətli şəxsdir. Onun kimlər tərəfindən güllələnməsi bizə də məlum deyil”.
İsmayıl