Qətər OPEK-dən (Neft İxrac Edən Ölkələr Birliyi) çıxacaq. Qətərin energetika və sənaye naziri Saad bin Şnida əl-Kaabi deyib ki, ölkəsi yanvar ayının 1-dən OPEK-dən çıxmağa hazırlaşır. Qeyd edək ki, Qətərdən başqa İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola təşkilatın üzvüdür.
Maraqlıdır, Qətərin OPEK-dən çıxması dünya bazarında neft və qazın qiymətinə necə təsir göstərəcək?
Sualımızı cavablandıran Neft Araşdırmalar Fondunun Rəhbəri İlham Şaban "Sherg.az”a bildirib ki, Qətər Azərbaycandan da az neft istehsal edən ölkədir:"Qətər əsasən qaz ölkəsidir. Hətta qaz ehtiyatlarına, hasilatına görə dünyada üçüncü yerdədir. Eyni zamanda bu ölkə 600 min bareldən az neft istehsal edir. Lakin Qətər əmri OPEK-dən çıxacaqlarını və çıxma səbəblərini bildirib. Onun dediyinə görə, Qətər daha çox gücünü qaz istehsalına yönləndirəcək. Lakin Səudiyə Ərəbistanı ilə Qətər arasında siyasi fikir ayrılığı var. Fikirimcə, Qətərin OPEK-dən ayrılması bundan qaynaqlanır.
Yəni Qətər istəmir ki, Səudiyyə Ərəbistanının əsas rol oynadığı bir təşkilatın daxilində iştirak etsin. Hazırda OPEK dünyada dinamik bir təşkilatdır və onun 15 üzvü var. Bütün bunları və Qətərin istehsal etdiyi neft hasilatının həcmini nəzərə alsaq, Qətərin bu təşkilatdan ayrılması "qara qızıl”ın qiymətinə təsir göstərməyəcək”.
Kənan Eynuroğlu