Qınamayın...

"Allah yolunu açıq etsin"
Bəlkə də Mahsun Kırmızıgülün yaratdığı şansla Gövhər böyük aktrisa olacaq


Mərhum aktrisa, Əməkdar artist Xanım Qafarovanın vaxtsız ölümü onu sevənləri sarsıtdı. Bu itki ən çox balaca Gövhərin həyatını bir anda alt-üst etdi. Xanım Qafarova rəhmətə gedəndən sonra aktrisanın qızı Gövhər nənəsinin himayəsində yaşamalı oldu. Anasının vaxtsız ölümündən sonra aktrisanın qızına sahib çıxıb ona dəstək olanlar az olsa da, onun təhsili, yaşamı ilə maraqlananlar tapıldı. Millət vəkili Qənirə Paşayeva və bir neçə ziyalı balaca Gövhərə yardım etməyə can atdılar. 

Müsahibələrindən birində aktrisanın qızı filmə çəkilmək arzusunu dilə gətirib. Mərhum aktrisanın yadigarının bu arzusuna "Palmali" Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov laqeyd qalmayıb. Qəlbi qırıq Gövhərin arzusunu reallaşdırmaq, ona xoş hisslər yaşada bilmək üçün Türkiyənin məşhur sənətçisi, müğənni, rejissor, aktyor Mahsun Kırmızıgüldən xahiş edib ki, Gövhəri filmlərindən birinə çəksin. 

Mahsun Kırmızıgül də qısa müddətdə Gövhəri «Möcüzə 2» filminə dəvət edib. Azərbaycanlı aktrisanın qızı Gövhər Türkiyədə çəkilən filmdə Mahsun Kırmızıgülün qızı obrazını canlandırır. Artıq filmin çəkilişlərinə start verilib, Gövhər film çəkilişi, çəkiliş meydançasında olan təəssüratları barədə mediaya açıqlama verərək məmnunluğunu dilə gətirib.

Amma mərhum aktrisanın qızının Türkiyədə filmə çəkilməsi müzakirəsiz də ötüşməyib. Kiçik yaşlı qızı başqa ölkəyə göndərmək, onu kiçik yaşda sənət aləminə sürükləməyin düzgün olmadığını düşünənlər də var. O yaşda olan bir uşağın təhsillə məşğul olması, məktəbə getməsini daha düzgün hesab edənlər də var, istedadı varsa, ona bu səfərin daha böyük qapılar açacağını düşünənlər də. Hətta bəzilərinin fikrincə, istedadı varsa, onun qarşısını almaq haqsızlıq olar, əksinə, bu bir fürsətdir. Gövhər bu fürsətdən istifadə edib Türkiyədə professional aktrisa kimi formalaşa bilər, kiçik yaşlarından əlaqələr qura bilər. Bəzilərinin fikrincə isə tam əksinə, Gövhər Bakıda yaxşı müəllimə, həkim ola bilər, niyə onun beynini dumanlandırıb qlamur həyata sürükləmək, onu olmayan reallıqları arzulamağa sövq edirlər deyənlər də olur. Hər halda reallıq da qaçılmazdır. Mərhum aktrisa Xanım Qafarovanın yadigarı olan qızı Türkiyədə məşhur sənətçi Mahsun Kırmızıgülün dəvəti ilə onun filminə çəkilir.
Bəzən həyatda ani, təsadüfi hadisələr insan həyatını dəyişə bilir. Bəlkə də Gövhərin Türkiyəyə getməsi, Mahsun Kırmızıgül kimi məşhurla bir çəkiliş meydançasında olması onun sonrakı taleyinə müsbət təsirini göstərəcək. Gövhər həqiqətən istedadlıdırsa, bu obrazla ilk dəfədən türk rejissorlarının diqqətini çəkə bilər. Bunu yəqin ki, zaman göstərəcək.

Bəs aktrisanın dostları, Xanım Qafarovanın sağlığında onunla yaxın olan insanlar nə düşünür? Onlar aktrisanın qızının Türkiyədə filmə çəkilməsini necə qarşıladılar?

Musiqili Teatrın keçmiş direktor müavini, vaxtilə Xanım Qafarova sağ olanda teatrda ona dəstək verən Elxan Ocaqov Gövhərlə bağlı «Şərq»ə maraqlı açıqlama verdi:

«Mən Xanım Qafarovanın xətrini çox istəyirdim. Həqiqətən istedadlı və zəhmətkeş bir sənətçi idi. İşini, teatrı sevərdi. İstər teatra gəldiyi dönəmdə, istərsə də sonralar, xəstəliyi ilə mübarizə apardığı dönəmlərdə gücüm çatdığı qədər ona dəstək olmağa çalışmışdım. 

Bilirsiz, istedad elə bir hissdir ki, o, nə zamansa özünü sübut edir. Xanımın canında, qanında istedad var idi. Bəlkə genetik olaraq balaca Gövhərin də istedadı var. Bunu zaman göstərəcək. Xanım gec yaşlarında ana oldu. 

Övladı üçün çox narahat idi. Amma sözün düzü, mənim yanımda heç vaxt övladının aktrisa olub-olmayacağı barədə eyham belə vurmamışdı. Bəlkə də Gövhərin bu sənətə sevgisindən xəbərdar idi, amma bunu mənimlə bölüşməyib. Baxmayaraq ki, o, hər dərdini mənimlə bölüşərdi. Qaldı Gövhərin Türkiyədə filmə çəkilməsinə, bunu niyə qınayırlar ki? Uşağın istedadı varsa, Türkiyədə filmə çəkilmək onun üçün bir şans məsələsi ola bilər. Onun istedadı yeni qapılar açmağa imkan yarada bilər. Əgər istedadı yoxdursa, bir filmə çəkildikdən sonra kimsə harasa dəvət etməz, o da təhsilini davam etdirər. Amma indidən qınamaq, sərt reaksiya göstərmək yanlış olar. İstedadı olan gəncə, uşağa imkan yaradılırsa, o özünü sübut edəcək. Bir də əgər onun aktrisa olmaq potensialı varsa, bu təklif onun gələcəyini dəyişə bilər. Əgər onun bu arzusu reallaşıbsa, bunu sadəcə alqışlamaq lazımdır. Əgər aktrisa kimi istedadı olmasa, evinə qayıdıb yenidən həyatını necə varsa davam etdirəcək. Burda kim nə itirəcək? Allah Xanıma rəhmət eləsin. Əgər ruhu hiss edirsə, şad olar ki, balasına dəstək olan insanlar var. Allah Gövhərin yolunu açıq etsin».

Əməkdar artist, Musiqili Teatrın aktrisası Fatma Mahmudova da mərhum aktrisa Xanım Qafarova ilə rəfiqə imiş. Fatma Mahmudova aktrisanın son günlərinə qədər ona dəstək olduğunu dilə gətirdi: 

«Allah Xanıma rəhmət eləsin. Yaxşı aktrisa idi, gözəl qəlbə sahib idi. Çətin həyatı olub. Biz sənətçilərin hansının həyatı rahat olub ki? Allah ona bir qız övladı nəsib etdi. Heyif ki, balasının böyüməyini görə bilmədi. Fələk macal vermədi. Mən xəstəxanada olanda da Xanıma baş çəkirdim, evinə də gedərdim. Düzünü deyim, heç vaxt övladının gələcəkdə aktrisa olması ilə bağlı bir söz danışmasını eşitməmişdim. Bəlkə də istərdi qızı da onun yolunu davam etsin. Onun bu arzusu olubsa da, mənim xəbərim yoxdu. Amma istedad elə bir hissdir ki, valideyndən övlada genetik kodlarla ötürülə bilir. Mənim də qızım mənim yolumu davam etdirir. 

Yəni Xanımın qızının istedadı varsa, ona dəstək vermək lazımdı. Əgər onu Türkiyəyə filmə çəkilməyə dəvət ediblərsə, nəyə görə bunu qınamalıyıq? Əksinə, sevinməliyik. 

Bəlkə bu şans bir də ələ düşməz. Bəlkə Gövhər filmdə elə oynayacaq ki, başqa filmlərə də dəvət alacaq. Kim bilir, bəlkə Türkiyənin məşhur aktrisalarından biri olacaq. Niyə onun bu şansını əlindən alaq? Sağ olsun Mübariz Mənsimov ki, mərhum aktrisanın övladına qarşı bu qədər həssas yanaşıb, onun arzusunun reallaşması üçün şərait yaradıb. Bunu ancaq alqışlamaq lazımdır. Gövhər də arzusunun gerçəkləşdiyini görür. Bu ona stimul verə bilər».

Tahirə Məmmədqızı