Rayonlar özləri öz xərclərini ödəyə bilməzlər

Çünki bizim respublika unitar bir dövlət olduğuna görə mərkəzləşdirilmiş bir büdcəsi var




2019-cu ildə Azərbaycanın 34 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edəcək. Bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi zərfində deyilir. 2019-cu il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 736,8 milyon manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 83,4 milyon manat və ya 12,8 faiz çoxdur. Növbəti ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 12,4 faiz təşkil edəcək ki, bu da cari illə müqayisədə 2,6 faiz çoxdur.

2019-cu ildə 34 rayon və şəhər, o cümlədən Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları xərclərini öz gəlirləri hesabına təmin edəcək.

İqtisadçı Nazim Məmmədov məsələ ilə bağlı "Şərq"ə açıqlamasında bildirib ki, bir çox ekspertlər, hökumət tərəfindən bunu təqdim edənlər də bir yanlışlığa yol veriblər:

 "Bizim respublika unitar bir dövlət olduğuna görə mərkəzləşdirilmiş bir büdcəsi var. Yerli büdcə gəlirləri və xərcləri dedikdə isə bələdiyyələrin büdcəsi nəzərdə tutulur. Yəni bizim ölkə Rusiya kimi, Almaniya kimi federal ölkə deyil ki, onun yerli büdcəsi həm də vergidən toplananlar yerli büdcəyə, eyni zamanda mərkəzləşdirilmiş büdcəyə aid olunsun. Ona görə də biz o ölkələrlə müqayisə oluna bilmərik. Bizim rayonlar özləri-öz xərclərini ödəmirlər, bu bir reallıqdır. 

Çünki vergi mərkəzləşdirilmiş toplanır və əslində Naxçıvan Muxtar Respublikasını çıxmaq şərtilə bölgələr mərkəzləşdirilmiş büdcəyə aid olur. Məlumat üçün onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən kifayət qədər dotasiya verilir. Və bu, bir daha onu sübut edir ki, biz unitar dövlətik və federal bölgə olmadığına görə yerli büdcə adı anlayışı doğru deyil.

 Buna diqqət yetirmək lazımdır. O baxımdan hesab edirəm ki, bu, adicə texniki bir gedişdir. Vaxtilə bəzi şirkətlərin vergi qeydiyyatının alınması üçün bu sadəcə hesablamada formal xarakter daşıyır. Texniki olaraq görünür ki, guya, bəzi bölgələr öz xərclərini qarşılayırlar, bu, doğru yanaşma deyil. Kökündən yanlışdır".

İlahə