Rəhim Qaziyevə CAVAB: "Öz uğursuzluğunu Elçibəyin üzərinə atır"

Sərdar Cəlaloğlu: "Azərbaycan ərazilərinin işğal olunmasına və bütün baş verən hadisələrə cavabdeh adam Rəhim Qazıyevin özüdür"


Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev Ölkə.az-a müsahibəsində Milli Azadlıq Hərəkatının öncüllərindən olan, sabiq prezident Əbülfəz Elçibəyi Azərbaycan torpaqlarının işğalına səbəb olmaqda ittiham edib. 

O qeyd edib ki, Şuşa və Kəlbəcərin işğalında Ə.Elçibəyin rolu olub. Bundan başqa keçmiş nazir Ə.Elçibəyin kürəkəni haqqındada da müəyyən tənqidi fikirlər səsləndirib. R. Qazıyev bəyan edib ki, 1993-cü ildə Əbülfəz Elçibəyin ən ağır vaxtında onun kürəkəni olan Aqil Səmədbəyli qaçıb, Türkiyədə gizlənmişdi:"A.Səmədbəyli yaxşı adam olsaydı, gəlib qayınatasının ağır vaxtlarında yanında olardı".

Sabiq nazirin ittihamlarına cavab verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bunları söyləyib:

Birincisi, həmin dönəmdə A.Səmədbəyli Elçibəyin kürəkəni deyildi. İkincisi, Ə.Elçibəy elə bir insan olub ki, onun haqqında heç kim, hətta rəqibləri belə əsaslandırılmış mənfi fikir söyləyə bilməzlər. Doğrudan da Elçibəy millətinə və xalqına bağlı insan olub. Hətta düşmənləri nə qədər ittihamlar irəli sürsələr də dövlət və milli məsələlərdə ittiham irəli sürmürlər.

R.Qazıyev müdafiə naziri kimi müdafiə sahəsində baş verən bütün qüsurlara görə, cavabdehdir. Bu günahını başqasının üzərinə atmağa heç bir mənəvi haqqı yoxdur. Dediklərinin hamısı yalandır. Özü bu hərbi sahədə baş verən bütün uğursuzluqlara və sonrakı dövlət çevrilişinin baş verməsinə görə, bilavasitə günahkardır.

O özünü təmizə çıxarmağa çalışır. Görünür, vicdanında böyük suallar var və həmin suallar onu rahat buraxmır. Bunu təmizləmək üçün çalışır özünü inandırsın ki, guya günahkar başqalarıdır. Halbuki Elçibəyin prezidentliyi dövründə Azərbaycan ərazilərinin işğal olunmasına və bütün baş verən hadisələrə cavabdeh adam Rəhim Qazıyevin özüdür.

O hərbçi deyildi, amma öhdəsindən gələ bilməyəcəyi işi üzərinə götürdü. İlk olaraq, özü sağlam şüura malik olsaydı, bu işi hərbçilərə həvalə edərdi. Özü bacarmayacağı işin ucundan tutub və uğursuzluğa, ərazilərin işğalına gətirib çıxarıb. Bu əməllərini isə Elçibəyin üzərinə atır”.

Aysel Aslan