"Reket jurnalistlər" həqiqi jurnalistlərin əməyini hörmətdən salır
Peşəkar qələm sahiblərinin də köməyi ilə problem kökündən həll edilməlidir
(... əvvəli ötən sayımızda)
Azərbaycanda "reket” jurnalistlərə qarşı həyata keçirilən tədbirlər - hüquq-mühafizə orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları, o cümlədən, Azərbaycan Mətbuat Şurası ilə peşəkar media orqanlarının əməkdaşlığı müsbət nəticələr verir.
Son dövrlər reketçilik fəaliyyəti ilə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb olunması qarşıya qoyulan fəaliyyətin effektivliyinə dəlalət edir. Nəticədə ayrı-ayrı vaxtlarda "jurnalistika" adı altında qeyri-qanuni fəaliyyət göstərmək, hədə-qorxu yolu ilə kimlərdənsə pul tələb etməyə çalışanların sayı getdikcə azalır. Lakin həyata keçirilən qarşısıalınma tədbirləri ilə "reket” jurnalistlərin fəaliyyətini tamamilə aradan qaldırmaq hələ ki, mümkün olmayıb.
Qarşıya qoyulan vəzifələrin ardıcıl, sistemli şəkildə həyata keçirilməsi, bu kimi halların qısa zaman ərzində aşkar olunması və təqsirkarların tutularaq istintaqa cəlb olunmasına imkan verir. Heç şübhəsiz, bu, həm də oxşar fəaliyyətlə məşğul olaraq, cəmiyyətdə bu kimi neqativ tendensiyaların yayılmasına zəmin yaradanlara xəbərdarlıq xarakteri daşıyır. Nəticədə reketçilik fəaliyyətini Azərbaycanda "leqallaşdırmağa" çalışanlar və ya ayrı-ayrı işbazların əlində əlaltıya çevrilənlər qeyri-qanuni əməllərini həyata keçirərkən bir daha düşünməyə imkan qazanırlar.
Bu fürsətdən doğru-düzgün nəticə çıxarmaq isə məsələnin bir başqa tərəfidir. Reallıq onu göstərir ki, cəmiyyətdə media orqanlarının fəaliyyətinin əsasları ilə bağlı kifayət qədər məlumatlılığın olmaması, bəzən reketlərin hədəf olaraq seçdiyi şəxslər tələyə düşür, bu kimi halların vaxtında müəyyənləşdirilməsi mümkün olmur və nəticədə "jurnalist" adı altında vətəndaşın külli miqdarda maddi vəsaitini mənimsəyən şəxslər müvəqqəti də olsa, cinayət məsuliyyətindən yayına bilirlər. Ona görə də "reket” jurnalistlərə qarşı mübarizədə daha effektiv nəticələrin əldə olunması üçün cəmiyyətin bu istiqamətdə maarifləndirilməsinə böyük ehtiyac var.
Məsələyə münasibət bildirən "Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının açıqlamasına görə, bu kimi olaylar jurnalistika sahəsində xoşagəlməz, utancverici, hətta biabırçı haldır:
"Təəssüflər olsun ki, uzun illərdir "reket” jurnalistikasından əziyyət çəkirik. Bu kimi arzuolunmaz işlə məşğul olan "jurnalistlər" həqiqi jurnalistlərin əməyini hörmətdən salır. Biz həyatımızı, özümüzu bu sahəyə həsr etmişik. Bu yolda hətta ölməyə belə hazırkən bu cür şəxslər jurnalist adı ilə insanları şantaj edib, onların şəxsi həyatına aid olan özəl məlumatları, saxta informasiyaları cəmiyyətdə yaymaqla hədələyərək külli miqdarda pul tələb edirlər. Bir çox hallarda imkanlı şəxslər öz imiclərini qorumaq üçün onların toruna düşürlər. Həqiqətən bu, çox xoşagəlməz haldır".
Uzun illərdir Mətbuat Şurasının (MŞ) "reket” jurnalistlərə qarşı mübarizə apardığını vurğulayan xanım baş redaktor peşəkar jurnalistlər olaraq var gücləri ilə onları sıradan çıxarmağa çalışdıqlarını deyib: "Lakin bunu bacarmaq həddindən artıq çətindir. MŞ-nin əlində o qədər böyük səlahiyyətlər yoxdur. "Reket” jurnalistlərə ən ağır cəza olaraq onların saytlarını, qəzetlərini "qara siyahı"ya sala bilirik. Amma bu da çıxış yolu deyil. Çünki onlar bir yox, onlarla sayt, qəzet adı qeydiyyatdan keçiriblər. Onların birini məhv edəndə digərləri ilə öz mənfi fəaliyyətlərini davam etdirirlər. Bununla da "qəhrəman"ların qarşısını almaq mümkün olmur.
"Realliq.info” saytının baş redaktoru İ.Rəhimovun arzuolunmaz fəaliyyətindən xəbərdaram. Bir sıra sosial media, internet resursları ilə bəzi şəxslər haqqında saxta məlumatlar yayırdı. Hətta xeyli müddət bundan əvvəl İ.Rəhimov mənim əleyhimə bir yazı verib, məni Rusiyapərəst adlandırdı. Təbii ki, bu məlumat absurddur. Həmin xəbəri gülüşlə qarşıladım. Amma insanların şəxsi həyatını, ailəsini hədəfə alanda bunun üzərindən sükutla keçmək olmur. Həmin vaxt gərək onları ya məhkəməyə verib, polisə şikayət edəsən, ya da tələb etdikləri məbləği ödəyəsən. İ.Rəhimovun DTX tərəfindən saxlanılması sevindirici haldır. İnanıram ki, Azərbaycan məhkəmələri onun haqqında ədalətli qərar çıxaracaq. Beləliklə də İ.Rəhimovun həbsi onun digər "tərəfdaş"larına, reketçiliklə məşğul olanlara bir görk olacaq. Çünki onlar çox hallarda özlərini güclü hesab edib, fəaliyyətlərinin qarşısının alına bilməyəcəyini düşünürlər. Ona görə də, onların saxta məlumatlarının ardı-arası kəsilmir. Düşünürəm ki, bu işlərlə məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki onların işi jurnalistika deyil, sırf cinayətdir. Bu mənada həmin şəxslər məsuliyyətə cəlb olunmalı, onlar haqqında ədalətli hökm çıxarılmalıdır. Bu da digərlərinə sözün əsl mənasında dərs olacaq”.
Holdinq rəhbərinin fikrincə, cinayət məsuliyyəti ilə yanaşı, "reket” jurnalistlərə qarşı ictimai qınaq da olmalıdır: "Hazırda xoşagəlməz fəaliyyətlə məşğul olan jurnalistlərin sayı həqiqi jurnalistika ilə məşğul olanlardan azdır. Lakin bir çox hallarda öz işləri ilə məşğul olan peşəkarlar onlara baş qoşmamağa, əhəmiyyət verməməyə çalışır. Amma belə etməklə də onlara geniş meydan vermiş oluruq. Bu baxımdan da ictimai qınaq çoxalmalıdır. Hər bir jurnalist istər sosial şəbəkələrdə, istərsə də çalışdığı media quruluşlarında onlara qarşı çıxmalıdır. Ümumiyyətlə, belə insanlar cəmiyyətdən çıxdaş olunmalıdır. "Reket” jurnalistlərə qarşı geniş müzakirələr aparıb, "dəyirmi masa"lar təşkil olunmalıdır. Həmin insanlara salam da verilməli deyil".
A.Camalqızı deyib ki, bir çox hallarda dezinformasiya yayan şəxslərin qurbanına çevrilən insanlar onların gerçək jurnalist olub-olmamasından xəbərsizdir:
"Ona görə də, bu kimi mənfi halların sayı artmağa davam edir. Fikirləşirəm ki, bütövlükdə cəmiyyət içərisində maarifləndirici vasitələr hazırlanmalı, o yöndə olan yazıların sayı artırılmalıdır. Bununla da insanlar biləcək ki, bu adamlar həqiqi jurnalist deyil. Onlar sadəcə cinayətlə məşğuldurlar”.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də reketçiliyin uzun illərdir Mətbuat Şurasının mübarizə apardığı məsələ olduğunu deyib. Onun sözlərinə görə, mübarizənin effektiv nəticələri də var: "Amma effektiv nəticələr təkcə ictimai qınaqla yekunlaşmır. Reketçiliklə mübarizə prosesində vətəndaşlar da fəal iştirak etməlidirlər. Reketlər, cinayətkarlar konkret olaraq hansısa təbəqəni hədəf seçirlər ki, bu sıraya ayrı-ayrı dövlət qurumları, bölgələrdəki təşkilatlar, iş adamları daxildir. Belə olan halda, onlar da mübarizə prosesində fəal iştirak etməli, dərhal neqativ hadisələr haqqında müvafiq qurumları məlumatlandırmalıdırlar. Məsələnin mahiyyətində bu aspekt dayanır".
E.Mirzəbəyli deyib ki, hədəf seçilən qurumlar peşəkar media ilə çalışmalı, PR kampaniyanı yüksək peşəkarlıq səviyyəsində aparmalıdırlar: "Ayrı-ayrı bölgələrə səfərlər zamanı keçirilən görüşlərdə məlum olur ki, bölgələrdə fəaliyyət göstərən şəxslər, dövlət qurumlarının təmsilçiləri ölkəmizdəki peşəkar media qurumlarını tanımır, amma adı heç kimə məlum olmayan, ayda, ildə bir dəfə nəşr olunan, yalnız reketçiliklə məşğul olan saytları, qəzetləri tanıyırlar. Əslində, bu problem onların özlərindən də qaynaqlanır".
Baş redaktorun fikrincə, PR işini peşəkar şəkildə qurmadıqda, şəffaflıq təmin olunmadıqda bu problemlər mütəmadi olaraq ortaya çıxacaq və əslində, "reket jurnalistika"nın mövcudluğu, daha da çiçəklənməsinə imkan yaradacaq:
"Düşünürəm ki, Mətbuat Şurasının qəbul etdiyi qərarlar, açıqladığı nəticələr, yekun hesabatlar xüsusilə diqqət mərkəzində saxlanılmalıdır. Əgər Mətbuat Şurası reket nəşri "qara siyahı"ya salırsa və ya onunla bağlı xəbərdarlıq dərc edirsə, bu, peşəkarların gəldiyi nəticəyə uyğun bir fəaliyyətdir. Təbii ki, biz onların fəaliyyətində cinayət tərkibi axtara bilmərik. Bu, hüquq-mühafizə orqanlarının işidir. Amma onların fəaliyyətlərində peşə fəaliyyətinə uyğun gəlməyən bir sıra mühüm məqamlar ortaya qoyulursa, bu artıq bəllidir ki, onların fəaliyyəti jurnalistika deyil". Onun sözlərinə görə, Mətbuat Şurasının "qara siyahısı"nda olanlar, eyni zamanda, xəbərdarlıq edilənlər xüsusi diqqət mərkəzində saxlanılmalı, onların fəaliyyəti nəzərə alınmalıdır: "Eyni zamanda, ayrı-ayrı dövlət qurumları, iş adamları bu sahədə Mətbuat Şurası ilə daha sıx əməkdaşlıq etməlidirlər. Bütövlükdə ölkənin informasiya təhlükəsizliyinə təhdid yaradan bu cür faktorların qarşısının alınması hər kəsin marağında olmalıdır".
"Reket jurnalistlərlə aparılan mübarizəni yüksək dəyərləndirirəm. Mətbuatımız reketlərdən qurtulmalıdır”. Bu sözləri isə "Milli.az” saytının baş redaktoru Anar İmanov deyib. Baş redaktor bəyan edib ki, illərlə davam edən mübarizə mediamızda reket sayına ciddi təsir edib. Onların sayı kəskin şəkildə azalıb:
"Mediamızda peşəkarlıq artır, ildən-ilə KİV-lər inkişaf edir. Bu məsələdə Mətbuat Şurasının əməyi böyükdür. Təsadüfi deyil ki, məhz bu fəaliyyətə görə MŞ-nin rəhbərliyi və üzvləri artıq hədəf seçilib. Onlar haqda "reketlər” silsilə uydurmalar, nağıllar yazıb, ictimai rəyi çaşdırmağa çalışıblar. Çünki bilirlər ki, Mətbuat Şurası onları rahatlıqla ifşa edə bilər.
Mən belələrinin həbs edilməsinin tərəfdarıyam. Çünki bunlar artıq jurnalist deyil, cinayətkardırlar. Onlar heç vaxt jurnalist olmayıblar və olmayacaqlar. Həmin adamlarla hüquq-mühafizə orqanları məşgul olmalıdırlar. Təəssüf edirəm ki, belələrinə görə əsl jurnalistlərə hörmət edilmir. Hazırda mediamıza ən böyük zərbələr elə bu cür "reket"lərdən gəlir. Buna görə də mediamız bu "ləkədən” tezliklə qurtulmalıdır”.
Şəymən
( Davamı olacaq...)