Rusiya əlini çəkdi: Moskva Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağına inanmır

Putinin köməkçisi açıqladı: “Ermənistana silah verməyimizdə Azərbaycan üçün gözlənilməz heç nə yoxdur”



"Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur”. "RİA Novosti”nin məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. Onun sözlərinə görə, bununla belə Rusiya İrəvan və Bakı ilə işi davam etdirəcək.

Uşakov danışıqların detallarını açıqlamaqdan imtina edib. O qeyd edib ki, danışıqlarda bir çox variant və təkliflər müzakirə olunur. "Lakin mən bir daha qeyd edirəm ki, xüsusi nikbinlik üçün əsas yoxdur”, - deyə o vurğulayıb.

Rusiya prezidentinin köməkçisi Moskvanın Ermənistanı silahla təchiz etməsi səbəblərinə də toxunub. O, qeyd edib ki, Rusiya Ermənistanın müttəfiqi olduğundan tərəfdaşları ilə razılaşdırdığı silah növlərini tədarük etmək hüququ var. (APA)

"Burada heç kim üçün, o cümlədən azərbaycanlı tərəfdaşlarımız üçün gözlənilməz heç nə yoxdur. Bildiyiniz kimi Azərbaycana da silah tədarük olunur”, - deyə o vurğulayıb.