"Rusiya Ermənistana “işğala son qoy, geri çəkil” deməlidir"- ŞƏRH




Rusiya Dağlıq Qarabağ münaqişəsindən həm Ermənistana, həm Azərbaycana təzyiq vasitəsi kimi istifadə edir.

Bunu Sherg.az-a rusiyalı deputat Savalyevin "Azərbaycan Qarabağın işğalı ilə barışmayacaq" iddiasını dəyərləndirərkən politoloq Elçin Mirzəbəyli deyib. 

Onun sözlərinə görə, aprel döyüşləri zamanı dövlətin və xalqın nümayiş etdirdiyi mövqe Azərbaycanın Qarabağın işğalı ilə razılaşmayacağını bir daha sübut etdi: 

"Lakin deputatın bu fikri Ermənistana ünvanlanmış mesaj da ola bilər. Çünki Rusiya Dağlıq Qarabağ münaqişəsindən həm işğalçıya həm işğala məruz qalan tərəfə təzyiq vasitəsi kimi istifadə edir. Bu formada rəsmi Bakının işğalla barışmayacağı və torpaqlarını azad etmək istiqamətində hərəkətə keçəcəyi barədə Ermənistana xəbərdarlıq edilir. Rusiya Minsk qrupunun həmsədr dövləti və işğalçının hərbi-strateji müttəfiqi kimi Ermənistana - "işğala son qoy, geri çəkil” deməlidir. Rəsmi Moskvanın Azərbaycan haqqında səsləndirdiyi bu fikirlər isə gəlişi gözəl sözlərdir. Rusiya özünün imicini regionda bərpa etməyə çalışır. Bunun üçün isə o, boş bəyanatlarla kifayətlənməməli, münaqişənin ədalətli həllində bilavasitə iştirak etməlidir”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev, Azərbaycanın heç vaxt Dağlıq Qarabağın işğalı ilə razılaşmayacağını söyləyib. Deputat bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistana xeyir gətirməyib. Bu gün ermənilər Ermənistanı tərk edərək başqa ölkələrə gedirlər.

Aysel Aslan