Rusiya Hələbdən geri çəkilməyə məcbur oldu

Putin anladı ki, dünyada anti-Rusiya ovqatı artır


Rusiya Prezidenti Vladimir Putinlə Suriya rəhbəri Bəşər Əsəd arasında telefon danışığı olub. Danışıq zamanı Hələb ətrafında və ümumilikdə Suriyadakı vəziyyət müzakirə edilib. Putin bəyan edib ki, onun ölkəsi Suriya ərazilərində aviazərbələrin endirilməsində fasilə verə bilər. Lakin bir şərtlə ki, Rusiya hərbiçiləri Hələbdə terror qruplaşmaları ilə qarşı-qarşıya gəlməsinlər.

Kreml rəhbəri vurğulayıb ki, amerikalı partnyorları öz sözlərində durarlarsa, Moskva "Ən-Nüsra”nın, eləcə də "mülayim müxalifət” silahlılarının bölgədən çəkilmələri üçün əlindən gələni edəcək. Xatırladaq ki, Suriyanın Hələb şəhərində atəşkəs elan olunub. Anlaşmaya əsasən atəşkəs müddəti ərzində xəstə və yaralılar döyüş gedən nöqtələrdən çıxarılacaq. Amma Moskvanın atəşkəs qərarı Qərbi qane etməyib. Fransa Prezidenti Fransua Olland Hələbdəki situasiyanı "hərbi cinayət” adlandırıb və bu şəhəri "əzabkeş şəhər” kimi qiymətləndirib. Olland Rusiyanın bir neçə saatlıq humanitar fasiləyə imkan verməsini mənasız adlandırıb: "Atəşkəs bir neçə saatlıq ola bilməz, belə halda onun mənası yoxdur. Hələbdəki silahlı qruplaşmalar şəhərdən çıxarılmalıdır”. Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, Rusiya indiyə qədər Yaxın Şərqdə etdikləri hərəkətləri sığortalamaq istəyir: "Türkiyə "Fərat Qalxanı” adı altında Suriyaya hərbi müdaxilə etdikdən sonra Əsəd ordusu Rusiyanın dəstəyi ilə Hələb şəhərinə hücuma keçdi. Onların məqsədi Hələbdəki bütün müxalif gücləri sıxışdırıb çıxartmaq və Suriyanın ən böyük strateji şəhərini Əsəd rejiminin nəzarətinə vermək idi. Rusiya qırıcılarının Hələbi güclü bombardman etməsinin arxasında bu məqsəd dururdu. Ancaq hadisələr planlaşdırıldığı kimi getmədi. Hücum nəticəsində şəhərdə çoxsaylı mülki insan həlak oldu, qadın və uşaqlar beton yığınlarının arasında can verdilər. Ortaya dəhşətli görüntülər çıxdı. Dünya ictimaiyyətində anti-Rusiya ovqatı yarandı. Rusiyanın hərbi cinayət törətdiyi, beynəlxalq məhkəməyə verilməsi haqqında fikirlər səsləndirildi. Putin anladı ki, əgər bu cür davam edərsə, bumeranq geri qayıdaraq Rusiyanın özünə zərbə vurar. Bu səbəbdən Hələbdə humanitar atəşkəs elan etməklə bir növ dünya ictimai fikrində öz imicini dəyişdirmək istədi”.

Ekspert bildirib ki, Putin ABŞ-la razılaşdıra bilmədiyi məqamları Türkiyə rəhbərliyinin əliylə əldə etmək istəyir: "Türkiyə "Fərat Qalxanı” çərçivəsində İŞİD-i təsirsiz hala gətirməklə bərabər, eyni zamanda PKK-nın Suriya qolu olan PYD güclərini də Membicdə təsirsiz hala salır. Ona görə də Əsəd və Putin bu prosesə göz yumur. Çünki həmin bölgələrin terrorçulardan təmizlənməsində Moskva hökuməti də maraqlıdır”.

İsmayıl