Rusiya və Türkiyə arasında razılaşma var
Moskva və Ankara terrorçularla mübarizə aparmaq üçün birgə koalisiya yarada bilər
"Rusiya-Türkiyə yaxınlaşması Suriyanın yeganə ümididir”. Bu sözləri Suriya Prezidenti Bəşər Əsəd "Komsomolskaya pravda”ya müsahibəsində deyib. Əsəd bildirib ki, Rusiya Ankaranın Yaxın Şərq siyasətini dəyişə bilər: "Mənim qanuni hakimiyyətimin davam etməsinin və Suriyada sülhün bərqərar olmasının tək yolu Türkiyə-Rusiya münasibətlərinin ən yüksək səviyyəyə çatmasındadır. Suriyanın bu hala düşməsində günahkar Qərbdir”.
Əsəd İsrailin və bir sıra ekstremist təşkilatların da bu münaqişədə mənfi mövqe tutduqlarını deyib. Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfəri çərçivəsində həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri ilə yanaşı, bir çox məsələlər, o cümlədən Suriya böhranı əsas müzakirə obyekti olub. Onu da xatırladaq ki, ABŞ Rusiyanı Hələb şəhərində dinc əhalini bombardman etməkdə günahlandıraraq, Kremllə danışıqları dayandırdığını bəyan etmişdi.
"Suriyadakı vəziyyətə görə ABŞ məsuliyyət daşıyır”
Rusiya Prezidenti Vladimir Putin Hələbdəki vəziyyətə görə, ABŞ və onun tərəfdaşlarının məsuliyyət daşıdığını deyib. Putinin sözlərinə görə, Suriyada hərbi cinayətlərə dair Rusiyaya qarşı səslənən ittihamlar mənasız, real vəziyyəti nəzərə almayan siyasi ritorikadır: "Hazırda siyasi ritorika deyil, yaranmış vəziyyətdən çıxış yollarını axtarmaq lazımdır. Münaqişəyə cəlb olunan tərəfləri böhranın siyasi yolla nizamlanmasına inandırmalıyıq”. Xatırladaq ki, Rusiya Suriyada daimi yerləşmək üçün ilk rəsmi addımını atıb. Belə ki, Prezident Putin Bəşər Əsədlə Suriyanın Lazkiyədəki Himeymim Hava Bazasında təyyarə və əsgərlərini müddətsiz yerləşdirməyi nəzərdə tutan müqaviləni imzalayıb.
Rusiya-Türkiyə hərbi müttəfiqliyi yaranır...
Türkiyə və Rusiya Suriyada hərbi-texniki sferada əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar. Bu barədə Prezident Ərdoğanın mətbuat katibi İbrahim Kalın jurnalistlərə açıqlamasında danışıb. O deyib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq Ərdoğan və
Putinin İstanbulda baş tutan görüşündə müzakirə olunub: "İstanbul danışıqları zamanı Rusiya ilə hərbi-texniki əməkdaşlıq məsələlərində razılıq əldə olunub. Müvafiq strukturlar artıq bu işin detalları üzərində işləyir. Türkiyənin müdafiə sənayesi üzrə departamenti bu sahədə əməkdaşlıqla bağlı rusiyalı həmkarları ilə danışıqlar aparır. Ümumi götürəndə biz buna müsbət baxırıq”. Ərdoğanın katibinin sözlərinə görə, Türkiyə öz təhlükəsizliyini təmin etmək naminə danışıqlar masasına oturmağa və ölkənin hava hücumundan müdafiə sisteminə cavab verən müqaviləni imzalamağa hazırdır.
"Suriyada savaş neft və qaz mənbələri yerləşən məkanlarda gedir”
Suriya ətrafında krizisin böyüdüyü şəraitdə Rusiya Prezidentinin İstanbula səfər edərək Türkiyə Prezidenti ilə görüşməsini şərh edən politoloq Natiq Miri deyib ki, Moskva və Ankara terrorçularla mübarizə aparmaq üçün birgə koalisiya yarada bilər: "Suriyada əsas həlledici güclərdən biri Rusiyadır. Ona görə də Türkiyə bu məsələdə Rusiya ilə bütün sahələrdə anlaşmaya razılıq verib. Əslində Rusiya və Türkiyə prezidentlərinin enerji məsələsi ilə bağlı görüşü daha çox sülhə xidmət edən bir konqres idi. Çünki bütün zamanlarda dünya savaşları əsasən enerji mənbələri uğrunda baş verib. Suriyada da bu gün əsas savaş neft və qaz mənbələri yerləşən məkanlarda gedir. Proses İraqda da eynən belədir. Hətta qlobal terror şəbəkəsi olan İŞİD belə bu gün İraq, Suriya və Liviyada enerji mənbəyi olan şəhərlərdə kök salmaqdadır. Bütün bunlara görə, İstanbulda keçirilən tədbir və Rusiya-Türkiyə anlaşması Ankara üçün çox vacibdir. Bundan sonra Türkiyə və Rusiya Suriyadakı bütün əməliyyatları razılaşdıracaqlar. Gələcəkdə ola bilsin ki, terrorçulara qarşı Türkiyə Rusiya ilə birgə, yəni koalisiya şəklində mübarizə aparsın.
"Türkiyə-Rusiya arasında konkret razılaşma var”
Ekspertin sözlərinə görə, Türkiyə üçün həssas olan digər məsələ də var. Məlumdur ki, ABŞ Suriyanın şimalında Türkiyənin sərhədləri boyunca Aralıq dənizinə çıxacaq bir kürd koridoru yaratmaq istəyirdi. Ancaq Türkiyənin Suriyaya hərbi müdaxiləsi bu planın üstündən xətt çəkdi: "Strateji məntəqələrdən biri olan Yembik bu gün ABŞ-ın dəstəyi ilə PYD güclərinin əlindədir. Düşünürəm ki, bu məsələdə Türkiyə-Rusiya arasında konkret razılaşma var. İki ölkənin yaxınlaşmasından sonra Rusiya birmənalı olaraq PKK terrorçularına və onların Suriya qoluna yardım etməyəcəyi barədə Ankaraya söz verib. Bu məsələ Türkiyənin maraqları çərçivəsindədir. Eyni zamanda hesab etmək olar ki, Türkiyə ABŞ-la Rusiya arasında yenidən Suriya məsələsində danışıqların başlamasına vasitəçilik edə bilər. Eşitdiyimə görə, yenidən Rusiya və ABŞ-ın dövlət katibi və xarici işlər nazirlərinin görüşü hazırlanır. Bu görüşlərin razılaşdırılmasında Türkiyənin yürütdüyü siyasətin mühüm rolu olacaq”.
İsmayıl