Rusiyada həbsdə olan azərbaycanlıların sayı çoxalıb - Kriminal aləmin tələsi

İlqar Altay:"Azərbaycandakı korrupsiya və məmur özbaşınalığının yaratdığı amildir ki, insanlar psixoloji gərgin hallarında Rusiya kimi böyük ölkəyə gedərkən oradakı həyatla normal inteqrasiya edə bilmirlər"
"Rusiyada həbsdə olan azərbaycanlıların çox olmasının səbəbləri müxtəlifdir və onların da üst-üstə düşməsi bu vəziyyəti yaradır”.
Bunu Sherg.az-a Rusiya həbsxanalarında cəza çəkən 2350 nəfər Azərbaycan vətəndaşlarının hansı səbəblərdən həbsxanalarda olmasını şərh edərkən kriminalist İlqar Altay deyib. O bildirib ki, postsovet ölkələrindən Rusiyaya gələnlərin əksəriyyəti xoş gündən yox, imkansız və ya uğursuz həyatlarıdan məcbur olub, gəlirlər:
"Rusiyada da nizamsız bir həyat tərzi ilə dolanırlar. Bu, ictimai nizamsızlıq da gətirib, ictimai və qanun pozuntularına çıxarır. Çoxusu da Rusiyadakı güclü kriminal aləmin təsirinə və tələsinə düşür. Bundan başqa öz dövlətində cinayət törətmiş kriminal tipli insanların da Rusiya kimi münbit məkana gəlməsi amili də var. Onlar da orada öz cinayətkar əməllərini davam etdirirlər. 
Bütün bunlar Rusiyada həbsdə olan və potensial həbs gözlənilən Azərbaycan vətəndaşlarına da aiddir. Bir məqam da Azərbaycandakı korrupsiya və məmur özbaşınalığının yaratdığı amildir ki, insanlar düşkün və küskün psixoloji gərgin hallarında Rusiya kimi böyük ölkəyə gedərkən oradakı həyatla normal inteqrasiya edə bilmirlər. Normal cəmiyyətə qoşula bilməyən, oranın dilini, mədəniyyətini, xüsusiyyətini qavraya bilməyən insan isə o cəmiyyətin aşağı pozuntulu, kriminal qatına yuvarlanır.
Burada Rusiyada erməni faktorunu da unutmaq olmaz, hansı ki, cəmiyyətdə və xüsusilə hüquq-mühafizə orqanları içərisinə anti-Azərbaycan qərəzini gücləndirir”.
Aysel Aslan