Ruslar uşaqlarının gələcəyindən əndişələnir, bəs biz?

Məktəblərdə ailə dəyərləri ilə bağlı xüsusi fənn tədris olunmalıdır
Qızlar, oğlanlar bəzi məhrəm mövzuları valideynləri ilə müzakirə etməkdən çəkinir, utanırlar. Amma məktəbdə fəaliyyət göstərəcək sosioloq və ya xüsusi təlimçilərlə danışmaqda çətinlik çəkməzlər



Rusiyada orta məktəblərin tədris proqramına "Ailə həyatının mənəvi əsasları” fənni salına bilər. Rusiya Elm və Təhsil Nazirliyi bu məsələyə baxmağı düşünür. Maraqlıdır ki, belə bir təkliflə məhz valideynlər çıxış edib. Valideynlər Elm və Təhsil Nazirliyinə müraciətlərində uşaqlara ailə dəyərlərinin milli mədəniyyət zəminində öyrədilməsini və bununla da onların möhkəm ailə bağlarının qurulmasına istiqamətləndirməyin vacib olduğunu ifadə ediblər.

Hətta bunu da qeyd ediblər ki, orta məktəblərdə dinin tədrisi və ictimai etika kursları keçilir, amma bu, azlıq edir. Uşaqlarımızın milli köklər üzərində inkişafı üçün ailə dəyərlərimizin tədrisi vacibdir.
Doğrusu, Rusiya kimi bir ölkədə valideynlərin övladlarının gələcəyindən bunca əndişə etməsi gözlənilən olmadı. "Hamıdan yaxşı özümüzük” psixologiyasına malikik, ondan. Amma görünən budur ki, rus valideynlər də övladlarının başqa dəyərlərə meyl etməsindən narahatlıq keçirir. Və məktəbi bu işdə əsas istiqamətverici rolunda görürlər.

Oxşar fənnin bizdə də tədrisinə ehtiyac varmı?
Sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında oxşar təklifin hələ bir neçə il əvvəl irəli sürüldüyünü bildirdi:
- Biz belə təkliflə çoxdan çıxış etmişdik. Təklif etmişdik ki, orta məktəblərdə ailə dəyərləri ilə bağlı xüsusi fənnin tədrisi üçün ictimai rəyin formalaşdırılması lazımdır. Hesab edirəm ki, bizdə də belə bir fənnin tədrisinə ehtiyac var. Uşaqlarımıza kök, nəsil bağları, ailə dəyərləri, Azərbaycana məxsus ailə institutu ənənələri tədris olunmalıdır. Həm də bu dərsləri ya məktəb psixoloqları, ya da nazirlik tərəfindən xüsusi təlimatlandırılmış sosial işçilər tədris etməlidir. Fənn müəllimlərin bu dərsləri tədris etməsi lazımi effekt verməyə bilər. Hazırda belə fənnin tədrisinə həm də ona görə ehtiyac yaranır ki, sivilizasiyaların yaxınlaşması, inteqrasiya prosesi gedir. Dünyamız artıq elə bir məcraya yönəlib ki, mədəniyyətlər, ənənələr biri-birinə qarışır. Belə şəraitdə milli adət-ənənələrin, ailə dəyərlərinin itməsi, sıradan çıxması baş verə bilər. Biz bütün mədəniyyətlərə açıq ölkə və xalqıq. Bu, şəksizdir. Ancaq çalışmaq lazımdır ki, inteqrasiya içərisində milli kimliyimiz, adət-ənənələrimiz deqradasiyaya uğramasın. Bu təklifin rus valideynlərdən gəlməsində də əslində, qəribəlik yoxdur. Çünki Rusiyada hazırda mənəvi deqradasiya prosesi gedir, ailə bağları qopmuş vəziyyətdədir. Azərbaycana nisbətən Rusiyada qərb modelinə inteqrasiya daha sürətlə gedir. Görünür, sosioloqlar bunun fərqindədir, ona görə də belə bir təkliflə çıxış ediblər. Bizdə milli dəyərlərin aşınması təhlükəli dərəcədə deyil. Təhlükə bəli, var, amma bunun qarşısını vaxtında almaq olar. Orta məktəblərin yuxarı siniflərində mənəvi dəyərlər, ailə dəyərləri ilə bağlı xüsusi saatların olması təhlükənin qarşısının alınmasında böyük əhəmiyyət daşıyacaq. Böyüyən nəsil məhz məktəbdə yetişir. Şagirdlər milli kimliyinə, soykökünü bilməli və bu dəyərlərə bağlı yetişdirilməlidir.

L.Mehralı hazırda orta məktəblərdə "Həyat bilgisi” dərsliyində ailə haqqında bölüm olduğunu dedi:
- Övladım 4-cü sinifdə tədris alır. Onun "Poznanie mira” ("Həyat bilgisi”nə oxşar adda) dərsliyi var. Orada ailə haqqında, ailə fərdləri, ailənin dövlətin kiçik modeli olması, ananın, atanın vəzifələri və s. haqqında qısa biliklər verilib. Bu biliklər uşaqların yaş dövrünə uyğun formada yazılıb. Yuxarı siniflərdə isə yəqin ki, daha geniş məzmunlu, daha dəqiq məlumatlar verilməlidir. Təbii ki, yenə də yeniyetmələrin başa düşəcəyi, anlaya biləcəyi və qəbul edəcəyi bir dildə. Bir məsələ də var ki, anatomiya fənnində insanın formalaşması, yaş dövrləri və s. ilə bağlı bəzi fəsillərin tədrisində şagirdlər sıxılır, qızlar həmyaşıdlarından utanır. Hesab edirəm ki, belə məhrəm mövzular da xüsusi təlimatçılar tərəfindən tədris edilməlidir.

 Xatırlayıram ki, biz "İnsan” fənnini keçəndə, qadın və kişilərdən bəhs edən fəsillərin tədrisində utanardıq. Müəllim də o fəsillərin üzərindən sürətlə keçərdi, çox zaman dərs də soruşmazdı. Azərbaycanlı mentaliteti özünü göstərir. Biz o dərəcədə açıq-saçıq deyilik ki, qızlarla oğlanlar insan barədə hər cür bilgini birlikdə ala bilsin. Bizdə bu məsələlərdə hələ də oğlanlarla qızlar arasında pərdə var. Əslində, bu, heç də pis deyil. Həya, abırın göstəricisidir. Amma həqiqətən də istəyiriksə ki, övladlarımız geniş dünyagörüşlü olsun, o zaman bu fəsilləri oğlan və qız şagirdlərə ayrı-ayrılıqda da tədris etmək mümkündür. Ona görə də mən həmin fənlərin xüsusi təlimçilər vasitəsilə tədrisini məqsədəuyğun sayıram. 

Bilirsiz, qızlar, həmçinin oğlanlar da bəzi məhrəm mövzuları valideynləri ilə müzakirə etməkdən çəkinir, utanırlar. Amma məktəbdə fəaliyyət göstərəcək sosioloq və ya xüsusi təlimçilərlə danışmaqda çətinlik çəkməzlər. Bu da yeniyetmələrin gələcək həyata hazırlanmasına kömək olar.

Məlahət Rzayeva